"Sürücülərə müharibə iştirakçısı statusu verilməyib, amma Ramin Bayramlı təltif edilib" - Şikayət

14 Yanvar 2021 18:00    289 Baxış   
"Sürücülərə müharibə iştirakçısı statusu verilməyib, amma Ramin Bayramlı təltif edilib" -  Şikayət

Vətən müharibəsi zamanı cəbhə boyu yaralı əsgərləri, şəhidləri daşıyan Təcili Tibbi Yardım avtomobillərinin sürücüləri müharibə iştirakçısı kimi tanınmadıqlarından narahatdır.

Təcili Tibbi Yardım avtomobillərinin sürücülərindən biri "Turan"-a bildirib ki, ötən il sentyabrın 27-dən Təcili Tibbi Yardım maşınlarının sürücüləri cəbhə bölgəsinə, Füzuli rayonuna ezam olunub.

“Oradan da milli ordumuz irəlilədikcə, Cəbrayıl, Qubadlı, Füzuli rayonun bütün kəndlərinə, Xocavənd rayonunun Hadrud qəsəbəsinə gedirdik. Yaralı döyüşçüləri, həlak olan hərbiçiləri döyüş bölgəsindən çıxarıb hospitala çatdırırdıq. Buna baxmayaraq, adımız müharibə iştirakçısı kimi qeyd olunmayıb”, - deyə o qeyd edib.

Təcili Tibbi Yardım avtomobillərinin sürücülərdən iki nəfər şəhid olub.

“Cəbhə bölgəsinə Bakıdan, Sumqayıtdan, Abşeron rayonundan Təcili Tibbi Yardım avtomobillərinin 300-ə yaxın sürücüsü getmişdi. Hara müraciət edirik, deyirlər ki, adınızı siyahıya yazıb vermişik, hələ ki heç bir xəbər yoxdur. Bakıdan kənara çıxmayan TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlını “Vətən müharibəsinin iştirakçısı” medalı ilə təltif ediblər, amma qaynar nöqtələrdə çalışan sürücülərə heç bir status verilməyib”, - deyə digər sürücü bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, qeyd olunan məsələ ilə bağlı heç bir qərar yoxdur.

“Müharibə dövründə cəbhə bölgəsində fəaliyyət göstərən Təcili Tibbi Yardım avtomobillərin sürücülərinə əlavə ödənişlərlə və digər məsələlərlə bağlı ayrıca bir qərar yoxdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycan Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarı ilə yalnız yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə müddətli əlavə ödənişlərin və mükafatların verilməsi həvalə olunub”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təcili Tibbi Yardım avtomobillərinin sürücüləri məsələ ilə bağlı öz rəhbərliyinə müraciət etməlidir.

Hüquqşünas Telman Əbilov bildirib ki, qanunvericiliyə görə şəxs hərbi komissarlıqda qeydiyyatdan keçməyibsə, hərbi qulluqçu statusuna malik deyilsə, həmin şəxslərə veteran vəsiqəsinin və onlara hər hansı statusun verilməsi problemlidir.

“Dövlət qurumu həmin şəxsləri rəsmi şəkildə cəbhə bölgəsinə göndərəndə onlara sənəd verməli idi. Həmin sənədin əsasında şəxslər hansı rayonlarda döyüşlərdə iştirak ediblər, həmin rayon icra hakimiyyətləri qarşısında vəsatət qaldıra bilərlər”.

Ekspert qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə belə bir təcrübə var idi.

“Birinci Qarabağ müharibəsi dövründə mülki iştirakçılara veteran statusunun verilməsi məsələsini icra hakimiyyətləri həll edirdilər. İndi bilmirəm, bu məsələ necə həll olunacaq, amma keçmiş praktikaya əsaslanaraq, problemi həll etmək olar”, - deyə hüquqşünas qeyd edib.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar