Üzüm becərən fermerlər çətin durumla üz-üzə qalıblar

06 Sentyabr 2020 13:04    594 Baxış   
Üzüm becərən fermerlər çətin durumla üz-üzə qalıblar
Taksi xidmətlərinin ucuzluğundan narahat olan məmurlar nədənsə eyni narahatlığı çox ağır zəhmət, alın tərilə məhsul becərən kəndlinin məhsulunun ucuzluğundan yana heç keçirmirlər, əllərində olan tənzimləmə və dəstək alətlərini işə salmırlar.

Hələ 3-4 ay əvvəl yazmışdım ki, aqrar sektor pandemiyanın təsirlərindən kənarda qalmayacaq, ona görə hökumət indidən dəstək tədbirləri barədə düşünməldir.

Fermerlərdən gələn məlumat göstərir ki, hazırda ən pis durumda olanların önündə üzüm təsərrüfatları gəlir. Şərab zavodları ixracın azalmasını əsas gətirərək məhsul qəbulunu ya ümumiyyətlə dayandırıblar, ya da son dərəcə aşağı qiymətə məhsul alırlar. Ötən il hər tonunu 300 manata aldıqları texniki (şərablıq) üzüm sortlarına hazırda ən yaxşı halda 200 manat təklif edirlər.

Bu bazarda yüksək inhisarçılıq var: şərab məhsullarının istehsalı 3-5 iri istehsalçının diqtəsi və hökmranlığı altındadır, onlar da bu imkandan maksimum soyğunçuluq və istismar üçün bəhrələnirlər.

Müqayisə üçün deyim ki, qonşu Gürcüstanda fermerlər üzümün növündən asılı olaraq zavodlara təhvil verdikləri hər ton üçün 100-200 manat aralığında hökumətdən subsidiya da alırlar.

İndi görüləcək işlərdən ən vacibi Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinin birgə qərargahlarının yaradılması, fermerlərin məhsulunun qəbulu üçün zavodlarla səmərəli əməkdaşlığın qurulması, məhsulun qəbulu üçün maliyyə resursları olmayan zavodlara dövlət dəstəyi kanallarının işə salınmasıdır.

Əgər fermerin hər hektar üzüm bağında 8-10 min manatlıq məhsulu batırsa, hökumətin üzüm sahələrinin hər hektarı üçün verdiyi 240 manat subsidiya heç kimə lazım deyil.

Bu gün üzümçülük təsərrüfatlarının ən çox ehtiyac duyduğu dəstək mexanizmi "müqaviləli fermerçilik" mexanizminin yaradılmasıdır. Necə ki, pambıq zavodları səpindən əvvəl qiymət şərtləri də razılaşdırmaqla fermerlərlə müqavilə bağlayır, eyni yanaşmanı şərab zavodları da üzümçülərə tətbiq eləməlidirlər.

Aqrar və iqtisadi inkişafa məsul qurumlar subsidiya verməklə işlərini bitmiş sayırlarsa, çox böyük yanlışlıq var. Büdcədən pulu götürüb kiməsə yönəltmək peşəkar və effektiv idarəçilik deyil. Bu, hər kəsin bacara biləcəyi işdir. Fermerin məhsulunun dayanlıqlı və əelverişli qiymətə satışı üçün bazar kanallarının, əlavə dəyər zəncirinin yüksək səviyyədə inkişafını təmin etmək əsas vəzifədir.

Yeri gəlmişkən, Azərbaycanın şərab zavodları pandemiya ilə əlaqədar ixrac imkanlarının kəskin azalmasını bəhanə gətirib fermerin əlindən su qiymətinə çıxarmağa hazırlaşarkən kiçik bir statistik araşdırma apardım.
Doğrdur, bu ilin 7 ayında ixrac kəskin azalıb - təxminən 2.5 dəfə. Amma iş orasınddır ki, daxili istehsalın maksimum 5%-i ixraca yönəldiyi üçün ixracdakı kəskin azalma şərab zavodlarının xammal qəbulunda bu səviyyədə qiymət manipulyasiyasına səbəb olmamalı idi.

Daxili istehsala gəldikdə, rəsmi statisitka 7 ayın nəticələrinə görə, 5%-ə yaxın bir azalma göstərir.

Rövşən Ağayev, iqtisadçı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar