Vətənə xidmətə həsr olunmuş ömür

14 Sentyabr 2020 19:23    43 Baxış   
 Vətənə xidmətə həsr olunmuş ömür
Polkovnik Şəmsəddin Abışovun ad gününə

Həyatda elə insanlar var kı, onlar əməlləri ilə təmsil olunduqları millətin adını zirvələrə ucaldır, başucalığı və şərəf gətirirlər. Belə insanlardan biri də bu gün 57 yaşı tamam olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki Şəmsəddin Abışovdur.

Şəmsəddin Abışov o insanlardandır ki, həyatını Vətənin, mənsub olduğu xalqın müdafiəsinə həsr edib və bu yolda böyük fədakarlıqlar edib. Onun peşəkar hərbçi olmasını hərb sənətindən və müasir hərb tariximizdən az çox məlumatı olanlar məmnuniyyətlə qeyd edir. Bu baxımdan polkovnik Şəmsəddin Abışovun keçdiyi şərəfli həyat yolunun araşdırılmasına və gələcək nəsillərə çatdırılmasına ehtiyac duyulur.

Mən əslində, Şəmsəddin Abışov haqqında yazmaq istəyəndə onu hərb sənətini mükəmməl bilən, peşəkar hərbçi kimi təqdim etmək istəyirdim. Lakin bir işıqlı şəxsiyyət, vicdanlı vətəndaş kimi də polkovnikin fikirləri daha maraqlı göründü mənə.

Mən Şəmsəddin Abışovla olan səmimi görüş və təmaslarımızı xatırlayanda istər-istəməz xəyala dalır, cənab polkovnikin çöhrəsindəki xəfif cizgilərdə nəsə sezirəm. Həmin cizgilərdə sanki onun yeniyetməlik illərində ürəyində dil açan çoxsaylı arzularını yada saldığı, qazandığı bugünki uğurlarını götür-qoy etdiyi həkk olunub...
Şəmsəddin Qocabəy oğlu Abışov 14 sentyabr 1963-cü ildə Yardımlı rayonunun Köryədi kəndində ziyalı ailəsində anadan olub.

1986-cı ildə Şimali Osetiyada Orconikidze (Vladiqafqaz) Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini, 1998-ci ildə isə Azərbaycan Respublikası Hərbi Akademiyasını bitirib.

1986-1992-ci illərdə keçmiş Sovet Ordusunda müxtəlif vəzifələrdə, 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət edib. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlib.

2013-2016-cı illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin rəisi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət edib. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "polkovnik" rütbəsi ilə ehtiyata buraxılıb.

2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, Gömrük xidməti polkovniki rütbəsi verilməklə təyin edilib. Ailəlidir, 4 övladı var. Bu, polkovnik Abışovun biblioqrafiyasından qısa seçmələrdir.

Polkovnik Abışov 1992-1994-cü illərdə Dağlıq Qarabağ bölgəsində aktiv döyüş əməliyyatlarının fəal iştirakçısı olub. O, tabor komandiri vəzifəsində Beyləqan-Füzuli-Xocavənd rayonları istiqamətində bir çox ərazilərin və əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsi istiqamətində uğurlu döyüş əməliyyatları aparıb.
Ş.Abışov 2002-2003-cü illərdə Qazax bölgəsində hərbi hissə komandiri vəzifəsində xidmət edərkən neytral zonada olan bir sıra strateji cəhətdən vacib ərazilərin azad edilməsi nəticəsində Məzəm, Quşçu-Ayrum, Fərəhli kəndlərinin təhlükəsizliyi təmin edilib. Polkovnik Abışovun döyüş yolunu 2003-2013-cü illərdə Beyləqan bölgəsində Birliyin Qərargah rəisi kimi davam etdirib.

Polkovnik Şəmsəddin Abışovun Vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o hərbi xidmətdə göstərdiyi yüksək nəticələrə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ildə “Vətən uğrunda” və 2012-ci ildə “Hərbi xidmətlərinə görə” medallarına layiq görülüb. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti tərəfindən mənzil hədiyyə edilib. Eləcə də Müdafiə nazirliyi tərəfindən də bir çox medallarla təltif olunub. Müharibə və Silahlı Qüvvələr veteranıdır.

Cənab polkovnik əvvəlki illərdə olduğu kimi bu gündə xarakterindən irəli gələrək gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində səylə çalışır. O, əldə etdiyi bütün uğurlara isə prinsiriallığı, tələbkarlığı, təmkinliliyi, təşkilatçılıq qabiliyyəti sayəsində nail olub.

Hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsində çox səmərəli fəaliyyət göstərir. Beləliklə, o ömrünün əhəmiyyətli hissəsini Vətənə xidmətə həsr edib. Mən çox inanıram ki, Şəmsəddin Abışov kimi doğru yol seçənlər və vicdanlı təşəbbüskarlıq sərgiləyənlərin hamısı həyat yollarında layiqli mövqe tutaraq Vətənə və dövlətə xeyir verirlər. Məncə, cənab polkovnik kimi sadə həyat tərzi keçirməyə üstünlük verən bir insan üçün bundan şərəfli, bundan yüksək heç nə ola bilməz.

Polkovnik Şəmsəddin Abışovu ad günü münasibətilə təbrik edir, ona gənclərə nümunə olan həyatında xoşbəxtlik, uzun ömür, cansağlığı və xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayıram!

Xanoğlan Əhmədov

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar