20 Yanvar Türkün dirilişidir!

20 Yanvar 2021 09:07    321 Baxış   
20 Yanvar Türkün dirilişidir!

Hər bir xalqın bir millət kimi formalaşıb tarixi səhnəyə çıxması üçün dövlət qurması vacib şərtdir. Əks halda, yəni dövlətsiz bir xalq, sadəcə, bir toplum halında yaşamağa və assimilyasiya olmağa məhkumdur. Bu coğrafiyada yaşayan türklər dəfələrlə müxtəlif adlar altında dövlət qurublar.

Lakin tale elə gətirdi ki, son 200 ildə Qafqaz türklərinin heç bir dövlət qurumu mövcud olmadı. XX əsr XIX əsrdən ona görə ciddi fərqlənir ki, o taylı-bu taylı Azərbaycan türkləri dəfələrlə dövlət qurmağa səy göstərdilər, inqilab etdilər və ən sonda kiçik bir ərazidə də olsa, Azərbaycan Respublikasını qurmağa, yaşatmağa müvəffəq oldular. Çox acı tarixi gerçəklikdir ki, qansız və savaşsız dövlət qurulmur. Yalnız o xalqlar vətənində vətəndaş ola bilir ki, ilk öncə şəhid olmağı gözə ala və bunun üçün də savaşa bilir.

20 Yanvar məhz dövlət qurulması yolunda həmin qaçılmaz, qanlı, lakin şərəf və qürur duyulacaq mərhələdir Azərbaycan türklərinin həyatında.

Əlbəttə, bugünkü Azərbaycan türklərinin yaddaşında 20 Yanvar hələ ki faciədir, qandır, acıdır. O, hələ də qərənfillərlə, göz yaşı ilə simvolizə olunur. Bu, təbiidir, çünki bu gün 20 Yanvarı yad edənlərin böyük əksəriyyəti həmin hadisənin şahidləridir. Amma gələcək nəsillər üçün 20 Yanvarın əsl mahiyyəti açılacaq, onun tarixi əhəmiyyəti, hər xalq üçün qürur mənbəyi ola biləcək tərəfləri nəsildən-nəslə ötürüləcək. Artıq həmin nəsillər üçün 20 Yanvar ney-kaman səsi, qərənfillərlə müşahidə olunmayacaq. Uvertüralar və marşlar, sayğı duruşları ilə anılacaq.

Unutmayaq ki, o tarixi gündən 31 il keçib və artıq bu hadisənin şahidi olmayan 31 yaşlı insanlar yetişib. Deməli, ilk addımı bizlər atmalıyıq. Marşlar və cəngilər kaman və ney səsini üstələməlidir. Kədərli sayğı duruşlarını qürurlu duruşlar əvəz etməlidir, çünki 20 Yanvar heç bir ordunun, heç bir silahın vətən sevgisindən, azadlıq istəyindən daha güclü olmadığını, olmayacağını göstərməkdədir.

Və unutmayaq: 20 Yanvar bu coğrafiyada yaşayan türkün dirilişiydi. Unutmayaq ki, gənclik, vətəndaş, şəxsiyyət kədərlə, acıyla vətəndaş kimi yetişdirilə bilməz. Gənclik mübarizə ruhunda yetişdirilməlidir.

Anar Əsədli, Azərbaycan Yüksəliş Partiyasının başqanı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar