"Sərnişin tələbatını qarşılamaq məqsədilə iyunun 11-dən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib".
Dominant.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O bildirib ki, hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb.
"Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq".