ABŞ və “həmfikir müttəfiqlər”inin Demokratiya Sammiti əzələ nümayişi üçün demokratiyanın istismarıdır - TƏHLİL

24 Martt 2023 18:30    4733 Baxış   
ABŞ və “həmfikir müttəfiqlər”inin Demokratiya Sammiti əzələ nümayişi üçün demokratiyanın istismarıdır - TƏHLİL

Bu il 29-30 mart tarixlərində ABŞ-ın təşkilatçılığı ilə 2-ci Demokratiya Sammiti keçiriləcək. Bayden administrasiyasının təşəbbüsü ilə baş tutacaq builki sammitə ABŞ-la yanaşı, Kosta Rika, Niderland, Cənubi Koreya və Zambiya da ev sahibliyi edəcək. Sammitin ilk günü virtual formatda keçiriləcək və ardınca hibrid formatda hər bir ev sahibi ölkədə hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və özəl sektorun iştirakı ilə müxtəlif toplantılar təşkil olunacaq.

Bayden administrasiyası sammitə dəvət etdiyi dünya liderlərinin sayını isə bu il 120-yə çatdırılıb. Onlar arasında 2021-ci ilin dekabrında keçirilən birinci sammitə dəvət edilməmiş səkkiz ölkə - Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-D’ivuar, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya da var.

Demokratiya Sammitinin keçirilməsi Baydenin 2020-ci il seçki kampaniyası zamanı irəli sürdüyü bir ideya idi. Gələcək Prezident bu yolla “ABŞ və onunla həmfikir müttəfiqlərinin xalqlar üçün demokratiyanın avtoritar rejimlərdən yaxşı olması” mesajı verməli olduğunu bildirirdi. Sammit bir növ dünyaya “demokratiya dərsi” keçməli, bir növ hansı ölkələrin demokratik olduğunu nümayiş etdirməli idi. Prezident seçkilərindən bir il sonra – 9-10 dekabr 2021-ci il tarixində Bayden administrasiyası ilk Demokratiya Sammitini nəhayət təşkil etdi. Lakin həmin sammitdə özünü göstərən bir sıra təşkilati qərəzlər onun həqiqi məqsədinə dair ciddi suallar yaratdı. İştirakçı ölkələrin siyahısından belə anlaşıldı ki, Vaşinqton əsasən sammitdə müstəqil siyasət yürüdən dövlətləri görmək istəmir. Ermənistan kimi ciddi insan haqları pozuntularına yol verən, demokratiya anlayışından çox uzaq ölkələrin də sammitə dəvət edilməsi ABŞ-ın bu tədbiri keçirməkdəki məqsədini daha da anlaşılmaz etdi.

İlk Demokratiya Sammiti əslində qlobal səviyyədə qütbləşmənin daha da artmasına töhfə verdi. Qərb gözlənilən Rusiya-Ukrayna müharibəsinə diplomatik alətlərlə müdaxilə edərək gərginliyi aradan qaldırmaq yerinə demokratiya anlayışını istismar edərək komandasını ətrafına toplayaraq əzələ nümayişi etdi. Bu baxımdan sammit Baydenin hələ seçki kampaniyası zamanı bəyan etdiyi məqsədlərdən yalnız birinə - ABŞ və “onunla həmfikir müttəfiqlərinin” kimlər olduğunu göstərməyə xidmət etdi.

İlk sammitin keçirildiyi 2021-ci ildən təxminən 3 ay sonra başlayan Rusiya-Ukrayna müharibəsi fonunda dünyada geosiyasi vəziyyət, oturuşmuş təhlükəsizlik arxitekturası əsaslı şəkildə dəyişib. Beynəlxalq hüquq artıq öz kəsərini itirib və əsasən bir qrupun əlində digərlərinə təzyiq alətinə çevrilib. İndi hegemon dövlətlərin hər biri peyk dövlətlərini ətrafına yığaraq əlini gücləndirməyə çalışır. Belə bir şəraitdə 2-ci Demokratiya Sammiti də ABŞ-ın bir növ əzələ nümayişi platformasına çevrilib.

Bütün bunları nəzərə alaraq demək mümkündür ki, sammitə dəvət edilmək və ya edilməmək hər hansı bir ölkənin demokratiya indeksi kimi qəbul edilə bilməz. Xüsusilə də indiki mürəkkəb geosiyasi şəraitdə.

Lakin sammitə dəvət edilməmək ölkənin nə qədər müstəqil siyasət yürütməsinin göstəricisi ola bilər. Məsələn NATO və Aİ üzvü olan, bununla belə müstəqil xarici siyasətilə Qərbin güc mərkəzlərinə öz istəklərini diktə etməyi bacaran Macarıstan Baydenin böyük sammitinə dəvət edilməyib və bu yolla Budapeştin dövləti dəfə təklənilməsinə və marjinallaşdırılmasına çalışılır. On illərdir demokratik seçkilərin keçirildiyi, ABŞ-ın özünə müttəfiq hesab etdiyi və Ukrayna müharibəsində qlobal əhəmiyyətli rolu öhdəsinə götürmüş Türkiyə də sammitə dəvət edilməyənlər arasındadır. Yəqin ki, bu yolla Vaşinqton həm də may ayında Türkiyədə keçiriləcək seçkilərin nəticəsinə təsir göstərməyə çalışır.

ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə güclü dəstək verən, onun Yaxın Şərqdə və Əfqanıstandakı əməliyyatlarında sülhməramlı missiya ilə iştirak edən, hazırkı enerji böhranı şəraitində Qərbin etibarlı tərəfdaş adlandırdığı Azərbaycanın da bu sammitə dəvət edilməməsi ölkənin müstəqil xarici siyasət yürütdüyünü göstərən daha bir nümunədir. Azərbaycan hakimiyyəti müstəqillik illərində ölkənin yerləşdiyi əlverişli geostrateji mövqeyindən məharətlə istifadə edərək qlobal və regional qarşıdurmalardan, toqquşmalardan, gərginliklərdən kənarda qalmağı bacarıb və hər hansısa qruplaşmaya daxil olmadan öz müstəqil siyasətini tətbiq edib. Azərbaycanın hazırda regionun ən güclü dövlətlərindən birinə çevrilməsində bu cür qoşulmama mövqeyinin danılmaz rolu olub.

Odur ki, hər hansı bir ölkənin dəvət zamanı demokratik prinsiplərin əsas götürülmədiyi bu sammitə qatılıb-qatılmaması onun demokratiyasının indeksi kimi qəbul edilməməlidir.(apa)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar