Alim dostlarımdan biri- texnika elmləri üzrə fəlsəfə doktoru Mir Rəsul Tağıyev ayaqqabı firmalarından birinin, Sumqayıtda fəaliyyət göstərən təmir və satış məntəqəsinə rəhbərlik edir. Bir dəfə onu ziyarət edərkən qəribə bir hadisənin şahidi oldum. Özünü Elza Seyidcahanın bacısı kimi təqdim edən Lalə adlı bir xanım içəri daxil olub, bacısının sifarişinin hazır olub-olmadığını soruşdu. Mir Rəsul ağa arxa otağa keçib bir ayaqqabı gətirdi. Ayaqqabının üst hissəsi ənənəvi qadın ayaqqabısı, altlığı isə əsgər çəkməsinin altlığından idi. Necə deyərlər, kobudla incənin sintezindən yaranan qeyri-adi bir şey...
Doğrudur, onun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına əks reaksiya verənlərdən biri də mən oldum. Amma sonra dərindən düşünüb təhlil edəndə, bunun bizim cəmiyyət üçün adi bir hal olduğunu başa düşdüm. Bu gün o qədər adamlar var ki, aidiyyəti olmadığı təşkilatların üzvüdürlər. Odur ki, bu mövzuda uzun-uzadı danışmaq istəmirəm. Necə deyərlər, özləri bilərlər...
Deyir ki:- “Əməkdar artist, bəstəkar, səhnənin ən ekstravaqant müğənnisi adlarını qazanmışam. Bunlar hər biri eyni anda kimdə var? Biri var, o birisi yoxdur. Mən səhnəyə gələndə hit mahnılarla efirə çıxmışam. "Bağlar" mahnısı ilə tarixə düşmüşəm. "Gözəllik", "Qəlbin üsyanı", "Həsrət nəğməsi", "Hisslər" və bu kimi mahnılarla yaddaşlara həkk olmuşam. Ara mahnıları oxuyan müğənni deyiləm. Nə də ayda 3 dənə mahnı yazanlar sırasına daxiləm. Elə müğənni ola da bilmərəm. Çünki elə mahnılar bu qulaqdan girib, o birisindən çıxır. Hər zaman özümü olduğum kimi qoruyub saxlamağa çalışıram. Elza Seyidcahan, hər zaman elə Elza Seyidcahandır.”
Bəli, bu dəfə sizə Elza Seyidcahandan danışmaq istəyirəm. Axı, sabah- iyulun 7-si onun üçün əlamətdar bir gündür, yeni yaşı tamam olur. Amma əvvəlcə onun həyat dastanına nəzər yetirək: Qasımova Elza Nuru qızı 1968-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı məktəbə daxil olsa da, orta təhsilini Sumqayıtda, 17 saylı məktəbdə başa vurub. Sonra Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. Respublikanın əməkdar artisti, I dərəcəli vokalistdir. Bir sıra bədii filmlərin musiqilərini bəstələyib. Müxtəlif musiqi festivallarının, eləcə də müsabiqələrin qalibidir. Konsertləri Azərbaycanda və xeyli xarici ölkələrdə də baş tutub. Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür. Eyni zamanda, 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinə də üzv olub...
“Bəstəkarlıq etmək hər adamın işi deyil. Məni ifaçı kimi qəbul etmək istəməyənlərin ifaçılıqdan və bəstəkarlıqdan xəbəri yoxdur. Adi bəstəkar deyiləm. Tutaq ki, bir konsertdə on nəfər müğənni oxuyur və hamısı bir-birinə bənzəyir. Bilinmir ki, bu mahnıları kim yazıb. Bu sözü müğənni kimi yox, bəstəkar kimi deyirəm. Heç kəsə də paxıllıq etmək fikrim yoxdur. Çoxlarından fərqlənirəm. Mənim ifamda rəngarənglik var. Dırnaqarası müğənnilərə oxşamaq istəmirəm.”- söyləyir.
Haradasa sözlərində həqiqət var. O, öz işinə yaradıcı yanaşdığı üçün fərqli mahnılar bəstələyə və onları fərqli bir üslubda ifa etməyi bacarır. Ümumiyyətlə, qeyri-adi istedadlı adamlar cəmiyyətdə ləng qəbul olunurlar. Bəlkə də on il bundan qabaq onun bəstələrini heç bir müğənni ifa etməyə tələsmirdi, amma bu gün həmin mahnıları bir sıra gənc müğənnilər də oxuyurlar…
Deyir ki:- “Həyatda heç nədən narazı deyiləm. Mən bu vaxta qədər nədənsə narazı olmamışam. Hər şey ürəyimcədir. Bilirsiniz ki, sənətə kiçik-kiçik addımlarla gəlmişəm. Toyda da oxuyuram. Sənətə bəzi gələnlər elə bilirlər ki, toyda oxuyandan sonra adam əsl sənətkar olur. Əslində mən heç kimə fikir vermirəm. Paxıllığımı çəkənlər çoxdur. Sanki məni parçalamaq istəyirlər.”
Hə, az qala yadımdan çıxmışdı. Onun yazıçılar birliyinə qəbulunu birmənalı qarşılamayan adamlara xalq yazıçısı Anar belə münasibət bildirib:- “Elza heç də o birilərdən əskik deyil. Yəni Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik...”
Xalq yazıçısının nə qədər haqlı olub-olmadığını deyə bilmərəm. Çünki şairlərə əsl dəyəri Zaman verir. Amma etiraf edirəm ki, Elza Seyidcahan musiqiyə, eləcə də poeziyaya özünəməxsus yenilik gətirən bəstəkar, məlahətli səsi olan, istedadlı müğənnidir...
Bəli, iyulun 7-si onun növbəti ad günüdür. Bu münasibətlə əməkdar artisti təbrik edir, fəaliyyətində uğurlar arzulayıram...
Və sonda Elza Seyidcahanın “Get işinlə məşğul ol!” şeirindən bir neçə misra:
“Vermək almaqdan daha izzətlidir
Gülmək ağlamaqdan şərafətlidir.
Sevmək sevilməkdən ləyaqətlidir.
Susmaq danışmaqdan kəramətlidir.
Bəzən çox vaxt dinləmək, dinləmək
Ləyaqətlidir.
Atalarımız deyiblər
Yaşınla
Ağ başınla
Sirdaşınla
Get işinlə məşğul ol.
Ağıllı ol,
Get işinlə məşğul ol!..”
Elman Eldaroğlu