“Ömrüm nağıla döndü, dilə-ağıza düşdüm“

02 İyul 2025 10:26    57 Baxış   
“Ömrüm nağıla döndü, dilə-ağıza düşdüm“
Ahəngdar, sakit təbiətli xanım olsa da, həm də emosionaldır. Baş verənlərə biganə qala bilmir. Bir sərt davranışdan kövrələ, bir adi hadisədən qəmlənə bilir. Onu cəmiyyətdə fəallığı ilə tanıyırlar.

Onunla ünsiyyətdə olarkən həssas təbiətə sahib olduğunu unutmaq olmaz. Yersiz zarafatlardan xoşu gəlmir. Qeybət etmək, kiminsə arxasıyca danışmaq ona yaddır. Mədəni rəftara əhəmiyyət verdiyi üçün, özü də bu dəyərə sadiq olan insandır. Mülayim ruhlu və anlayışlıdır. Nə isə, adı Gülşən, təxəllüsü isə Behbuddur. “EdnewsTv” internet televiziyasında tanınmış ziyalılardan müsahibələr götürür…

Deyir ki:- “Sevdiyi işlə məşğul olan insanlar yorulmur. 1990-1994 cü illər bizim tələbəlk illərimizə təsadüf edirdi. 20 Yanvar hadisələri, Qarabağ torpaqlarının işğalı… Biz hər gün mitinqlərdə olurduq. Mənim atam müəllim olub. O, şəxsiyyətlərə hər zaman önəm verərdi. 1941-1945 ci illər müharibəsinin qanından-qadasından keçmişdi. Stalinin şəxsi təltiflərini, medallarını almışdı. Evimizdə hər zaman tanınmış yazıçıların, şairlərin və siyasət adamlarının adı hallanırdı. Atamın yaxın dostları arasında yüksək vəzifədə olan ziyalılar, həkimlər vardı. Yay vaxtı onlar atamı görməyə və dincəlməyə bizim kəndə gəlirdilər. Uşaqlıqdan Stalinin, Brejnevin adını eşitmişəm. Qardaşım Qarabağ uğrunda gedən döyüşdə şəhid oldu. Atam bu acıya dözmədi, dünyasını dəyişdi...”

Güclü intuisiyaya, güclü mənəviyyata və daxili aləmə, harmonik və mehriban xarakterə malikdir. Özünəməxsus həyat nizamından, o cümlədən gördüklərindən dərin mənalar axtaran və tapan adamdır. Əsas xüsusiyyətləri arasında onun mistik vəziyyəti var. Mistik mövzulara olan marağı da bu onun intuitiv tərəfini qidalandırır. Olduqca sədaqətli və şəfqətli insandır. Mehriban və maraqlıdır. Ətrafında baş verən hadisələri müşahidə edərək, başqalarının tapa bilmədiyi detalları görə bilir. Həssas və qayğıkeşdir. Heç vaxt çıxılmaz vəziyyətdə qalmır. Güclü intuisiyası ilə doğru yolu tapır...

“İnsanın yaşantıları onun simasında əks olunur, rahat və ürəkaçan həyat heç yaşamadım. Uşaq vaxtı anam dünyasını dəyişdi və gözlərimə uşaqkən kədər kölgəsi düşdü, gəncliyimə qədəm qoyanda qardaşım şəhid oldu, o acıya dözməyən atam dünyasını dəyişdi, sonra digər əzizlərim dünyasını dəyişdi. El-obamızı, yurdumuzu itirdim. Bütün bu acılardan sonra hansı sevinc gorünsün gözümdə. Əslində, işlərin çoxluğu mənim başımı qatır, bekar qalmağı, boşuna danışmağı, gəzməyi sevmirəm. "Atilla" jurnalını 2011-ci ildə təsis etmişəm və 2012-ci ildən fəaliyyətə başlayıb. Məqsəd Azərbaycanın və Türkiyənin dəyərli qələm sahiblərini, tanınmış simalarını, vətənpərvər insanlarını təbliğ etməkdir. Rəhbərlik etdiyim "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi isə müxtlif tədbirlər keçirməyimə imkan verir. Həm yaradıcı insan və həm də QHT sədri kimi hər iki işə sevgi il yanaşıram. Biz də bir məsəl var, deyərlər, "evimin həm xanımı, həm də qulluaçuyam.”- söyləyir.

Onun dost dairəsi kifayət qədər genişdir. Bir xanım olaraq özünə kənardan baxmağı bacarır. Humanist və mərhəmətlidir. Bunları onu tanıyan insanlar da təsdiq edə bilərlər. Bəzən onun bu ali xüsusiyyətlərindən sui-istifadə edənlər də tapılır. Göstərdiyi insanlığın, fədakarlığın, məthəmətin, xeyirxahlığın qarşılığını həmişə görmür...

Deyir ki:- “İnsan həyatı o zaman yaşayır ki, onun mənasını dərk edir, problemləri düşünür. Həyatın mahiyyəti onun dolğunluğunda, məzmunundadır. İnsan ona verilən həyatı do]ru yaşamalıdır, insan kimi qalmağı bacarmalıdır. Həyat tale ilə bağlıdır. Həyat özünün sevinci, iztirabları, enişi, yoxuşu, taleyin zərbə və uğurları ilə vəhdətdə yaşanılır. Bəli, həyat insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər formalaşır ki, onun zirvəsində bu və ya digər ictimai ideyalarda əks olunan mütləq dəyərlər durur...”

Həmişə milliliyə önəm verib. Necə deyərlər, böyüyün, kiçiyin yerini bilən xanımdır. “Bəzən gənclərimiz özlərindən böyüyə, tanımadıqları və yaxud bir dəfə salam verdikləri insana "sən" deyə müraciət edirlər. Bunun qarşısı alınmalıdır.”- dilə gətirir. Bunun da qarşısının alınmasında ziyalı mövqeyindən istifadə olunmasını vacib bilir...

“Gənclərimizdə elmə, təhsilə maraq artırılmalı, ziyalılarımız, ədəbiyyat və elm xadimlərimiz gənclərlə mütamadi görüşlər keçirməlidirlər. Ancaq bir məsələni də unutmayaq ki, bu gün həm də savadlı, peşəkar, mərifətli, qanacaqlı, xeyirxah və vətənpərvər gənclərimiz də var. Məhz Qarabağımız həmin gənclərin canları və qanları bahasına azad olundu. Bəli, bu gün biz orta və yaşlı nəsil gənclərə milli və mənəvi dəyərlərimizi yüksək şəkildə aşılamalıyıq.”- söyləyir.

Dünyaya baxışı gözəldir. Xeyiri Şərdən, Şəri Xeyirdən ayıra bilir. Müsahibələrinin birində belə bir ifadə işlədib: "İnsan ömrü azanla-namaz arasındadır. Doğulanda qulağına azan, dünyasını dəyişəndə namaz oxunur." Ümumiyyətlə, Allaha bağlı adamdır. Elə ona görə də, səmimi olmağa, həqiqəti dilə gətirməyə çalışır...

Deyir ki:- “Bizim mediamız göz qabağındadır. İndi-indi mediada ciddilik artır. Dəfələrlə ziyalı insanlarla görüşəndə söhbət əsnasında demişəm ki, efirlərimizə nəzarət olunmalıdır. Əvvəl qeyd etdiyim kimi, mənəvi dəyərlərin əks olunması ziyalıların cəmiyyətə təsir gücündən, eləcə də dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Təəssüfləndirici də olsa qeyd etməliyəm ki, bəzi efirlərdə yüngül mahiyyət daşıyan verilişlər, eləcə də bunların əsasında duran şou proqramların yayımlanması milli-mənəvi dəyərlərimizin təbliği prosesində müəyyən mənfiliklərə səbəb olur. Musiqimiz, tariximiz, adət-ənənələrimiz gənclərə lazımi şəkildə təqdim olunmalıdır. Bu məsələlərdə ziyalılarımızın mövqeyi və təsir gücü olmalıdır. Bu gün istər televiziyada, istərsə də radioda mənəvi dəyərlərə zidd olan fikirlərin işlədilməsinə təsadüf olunur. Ancaq onun üçün heç kəs məsuliyyət daşımır. Xatırladıram ki, efir vasitəsi ilə gənclərə mənəvi dəyərlərimiz aşılanmalıdır. Cəmiyyətin sağlam ruhda böyüməsi, sağlam fikir və əqidəyə sahib olması üçün efirdə yayımlanan qeyri-professional verilişlərin qarşısı alınmalı, əsl sənətə və sənətkar düşüncəsinə yer ayrılmalıdır. Onlar cəmiyyətdə sağlam mühitin yaranmasına təsir göstərməlidir.”

Gülşən xanım bir sıra kitabların müəllifidir. Onu ölkədə həm jurnalist, aparıcı, həm publisist və həm də şair kimi tanıyırlar. Jurnalist, publisist kimi məzmunlu kitablar nəşr etdirməyə nail olsa da, gözəl poeziya nümunələri də yarada bilib. veriliş aparıcısı kimi isə göz qabağındadır. Sonda, onun “Payız depressiyası” şeirini söyləməklə söhbətimi yekunlaşdırmaq istəyirəm:

“Zamansız bahar kimi
qışa-borana düşdüm.
Ömrüm nağıla döndü
dilə-ağıza düşdüm.
Həyat mənə dərs verdi...
Sınaqlarla yaşadım.
Xəyallarda uyudum
gerçəklikdə alışdım.
Ömrün baharı gedib
payızında qalmışam...
yaşamaq olmayıb ki,
elə çabalamışam!
Dürüstlük amalımla,
əqidə saflığımla,
neçə-neçə adama,
gizli düşman olmuşam.
Təəssüf dolu dünəndən
özümə dərs almadım
imanımdan, dinimdəm
çox unutqan olmuşam..."

Elman Eldaroğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar