Allah Anamın balalarını almışdı, Anam da mən balasını sevməyi unutmuşdu...

29 Noyabr 2020 18:27    590 Baxış   
Allah Anamın balalarını almışdı, Anam da mən balasını sevməyi unutmuşdu...

Mən çox uşaqkən Anamdan küsmüşdüm. Anamdan və Allahdan Allah Anamın balalarını almışdı, (iki oğlu Birinci Qarabağ savaşında şəhid olub – red.) Anam da mən balasını sevməyi unutmuşdu. Xatırlayanda isə mən artıq yanında deyildim.

Çox uzun illər Anaların balalarını sevmə formasına həsədlə baxdım. “Mənim qızım bu yeməyi sevir” deyən Anaların qızlarının yerində olmaq istədim...

Müharibə mənim günahım deyildi, heç Anamın da deyildi, amma mən Anama küsmüşdüm.

Çox yaxın dostlarım bilir, uzun illər inancımı içimə gömüb zülüm çəkdim. Uğur (həyat yoldaşı – red.) dizini yerə atıb evimizdə namaz qılana qədər... Onda ürəkdən ağlamışdım və mənə çatmışdı ki, insan ən sevdiyinə küsərmiş...

Barışdımmı? Allahla hə. Çünki doğmalarım ona əmanətdi. Anamla isə... Bilmirəm. Mənim gözəl Anamın dərdi böyük idi, mənsə gözünün içinə baxıb orda özümü axtarırdım...

Sevgi diləndim adamlardan. Qarşıma, rastıma çıxan hər adam mənə Anam kimi baxsın istədim. Saçlarım gözümə tökülürdü, əmimin yoldaşı yığmaq istəyirdi, mən də yaxına buraxmırdım. Anam görsün, Anam oxşasın, Anam yığsın saçlarımı... Olmadı. Saçım böyüdü, mən böyümədim. Anamın “alagözlüm” oxuduğu o yaşda qaldım. Çünki Anam o mahnını mənə oxuyurdu, təkcə mənə!

Qəribədi, uşaqlardan sonra evdə üç qardaşım, bir bacım var, amma Anamın dırnağına daş dəyəndə üzünü mənə tutar. Heç kim onu həkimə apara bilməz, heç kim ona bir cüt corab bele, ala bilməz. Onu ancaq mən eləyə bilərəm, hər şeyin ən yaxşısını mən ala bilərəm ona.

Biz ana-balanın arasında həm müharibə boyda bir uçurum, həm dəhşətli bir bağlılıq var. Mən dünyanın bütün dərdlərindən Ona sığınıram, var, ordadı, çatladığım anda səsi gələcək. Amma bayaq əlimi qeyri-ixtiyari telefona atıb nömrəsini yığmaq istəyəndə çatdı ki, Anam o telefonun başında deyil. O zəngin o tərəfində O yoxdu. Telefonu bizim evdə, masanın üstündə onu gözləyir...


Səhhəti yaxşıdı, yaxşı olacaq! Çünki mən gözləyirəm onu. Həm də bütün varlığımla...

Deməm o ki, o aldığınız nəfəs var ha, əslində sizin bütün həyatınızdı. Doğmalarınız, sevdiklərinizdi. Yaşaya və yaşada bilmədiyiniz her şeydi. Nə olar, qoruyun özünüzü, sevdiklərinizin xətrinə.

Nigar İsfəndiyar



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar