And yerinə, şərəf və qürur məbədinə çevriləcək 2783 ünvan

03 Dekabr 2020 23:03    837 Baxış   
And yerinə, şərəf və qürur məbədinə çevriləcək 2783 ünvan

Müdafiə Nazirliyi 27 sentyabrdan başlayan Vətən Savaşında Şəhid olan hərbçilərimizin sayını açıqlayıb: 2783 nəfər…

Mən “Şəhidlik” anlayışını Allahın bir müsəlmana ən böyük mükafatı olaraq qəbul etdiyimdən, bunu itki yox, bütövlükdə millətimizə bir lütf və ərməğan, eyni zamanda bizi imtahana çəkəcək sınaq kimi qiymətləndirirəm!

Mənim üçün 2783 Şəhid təkcə 2783 ailənin yox, damarında qeyrətli azərbaycanlı qanı axan hər kəsin bundan sonra and yerinə, şərəf və qürur məbədinə çevirəcəyi, xatırlamasını və sayğı göstərməsini namus işi sayacağı, azı, 2783 ünvan deməkdir!

Bundan sonra bir millət və dövlət kimi öyünəcəyimiz, qürurlanacağımız, söykənib ilham alacağımız nə olacaqsa, bilməliyik ki, onun bünövrəsində məhz bu Şəhidlərimizin Vətən torpağına tökülmüş qanları yatır və biz bundan sonrakı bütün uğurlarımıza görə də məhz onlara, onları bizə vermiş valideynlərinə borcluyuq!

Bundan belə, bir körpə qığıltısına sevinəcəyiksə, öncə Şəhidlərimizin körpələrinin səsini, qığıltısını duymalı, eşitməliyik; oğlumuza, qızımıza “Can!” deyib də əzizləyəndə, başlarına sığal çəkəndə Şəhid oğlunu və qızlarını gözlərimiz önünə gətirməliyik; Atamızın, Anamızın qulluğunda, xidmətində durduğumuz an övladını Vətənə qurban vermiş Şəhid Atasını, Şəhid Anasını düşünməliyik; sevgisini doyunca yaşamamış, başsız qalmış Şəhid xanımının namusunun qorunmasını isə öz namus işimiz bilməliyik!

İnanın, biləcəyiksə, belə olacağıqsa, demək ki, o Şəhidlərimiz də bzimlə birgə, ancaq bizdən daha çox - əsrlər, minilliklər boyu yaşayacaqlar, ruhları daim bütövləşdirdikləri millətimizin başı üzərində dolaşacaq!

Bilməyəcəyiksə, bu qələbəyə Allahın bizə bir lütfü, Şəhidlərimizə də bizi birləşdirəcək, bütövləşdirəcək və büsbütün yaxşıya doğru dəyişdirəcək üstün bir nemət kimi baxmayacağıqsa, inanın ki, sonda Allahın qəzəbinə düçar olacağıq!

Baxın, görün, bəşəriyyətə yolgöstərici olan “Qurani-Kərim”in “Fəth” surəsində bizə - hər birimizə nə çağırış edilib: “Həqiqətən, Biz sənə aydın bir zəfər verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltisn və Allah sənə böyük bir qələbə ilə kömək etsin!”

Ey camaat, ey dostlar, Allah bu savaşda bizə köməyini yetərincə göstərdi - zalım düşmən üzərində böyük bir zəfər nəsib etdi!

İndi biz də bir millət olaraq bunu anlamalı, keçmiş səhvlərimizdən nəticə çıxarmalı, Şəhidlərimizin və ailələrinin bizə Allahın əmanəti və imtahanı olduğunu unutmamalı və nəhayət ki, düz yola gəlməliyik!

Qoy Allah bizi bu Vətən Savaşındakı zəfərlə düz yola yönəltdiyi, xoş aqibət bəxş etdiyi və Şəhid ruhlarını daim sevindirdiyi millətlərdən qərar versin!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar