Aprel döyüşlərinin mistikası Vətən savaşında Azərbaycan Əsgərinin yoluna işıq saldı

02 Aprelel 2021 13:31    9134 Baxış   
Aprel döyüşlərinin mistikası Vətən savaşında Azərbaycan Əsgərinin yoluna işıq saldı

Beş il... ilk baxışda adi bir rəqəm və sıradan bir il kimi görünür. Amma bu belə deyil.

Ötən beş ildə hər aprelin ilk beş günü hər kəsin yaddaşını silkələyib, ruhunu tərpədib. Həmin günlərdə Tərtər, Cəbrayıl və Goranboy rayonlarında gedən döyüşlər xatırlanır. “Xatırlanır” deyəndə ki, əslində heç vaxt unudulmur və bu, mümkün də deyil. Sadəcə həmin dörd-beş gündə biz, sanki şəhid ruhları qarşısında hesabat verməyə mükəlləf oluruq. İşğal olunmuş torpaqlarımızın tam azad olunacağına inanaraq onların borcundan çıxacağımıza, torpaqlarımızın azad olunacağına inandığımızı söyləyirik. Nə xoş ki, bu inancımız gerçəkləşdi. 44 günlük savaş Azərbaycan xalqına Zəfər sevincini yaşatdı.

4 günlük aprel döyüşləri, sonra 4 günlük Tovuz döyüşü və 44 günlük İkinci Qarabaş döyüşləri. Qəribədi... deyilmi? Bu rəqəm, sanki mistik bir məqamdan xəbər verir. Məncə, 4 rəqəminin mistikası insanın güclü ruhuna və yenilməz iradəsinə bağlıdı. Məhz bu bağlılıq üç onilliyə yaxın erməni faşistlərinin əlində olan torpaqlarımızı işğaldan təmizlədi. 44 günlük döyüşdə ordu, xalq, dövlət və prezident birliyi indiyə kimi dünyanın heç bir xalqında, heç bir dövlətində olmayıb. Hər üç döyüş Azərbaycan xalqının qan yaddaşına hopdu – təkcə ona görə ki, bu Birlik Zəfər gətirdi.

Beş il əvvəl by gün Azərbaycan əsgərinə “dur” deyilən günün təəssüfünü və qəzəbini yaşadıq. Hər gün bir ərazinin azad olunduğunu erməni himayədarları həzm edə bilmədilər, savaşın dayanmasını tələb etdilər. Amma Azərbaycan xalqı və Azərbaycan Prezidenti bu tələbi unutmadı. Sonuncu 44 günlük savaşda Ali Baş Komandan və Azərbaycan Ordusu öz iradəsini ortaya qoydu. Düşmən məhv edildi! Himayədarlar geri çəkildilər...

Beş il nə tez keçdi?! Beş il ömrümüzün fırtınasında yox oldu, taleyimizin gizlinlərində itib batdı. Beş il əvvəl bu günkü gündə əsgərlərimiz düşmənlə üz-üzə döyüşürdülüər. “Uf” demədən, gözlərini qırpmadan erməni faşlistlərini məhv etmək üçün canlarını verirdilər. Beş il əvvəlin aprelini Azərbaycan əsgəri savaşla başlamışdı. Qəzəblə, düşmənə olan nifrətlə atəş etmişdi. Beş il əvvəl torpaq uğrunda can verən oğulların adı hələ də dilimizdədi. Qəhrəman zabitlərin döyüş yolu örnəkdi, məktəblilər üçün dərs vəsaitidi.

Beş il əvvəlin şəhid analarının başı hələ də ucadadı, övladlarının yoxluğundan dolayı gözləri yolda, qulaqları səsdədi. Hər gün şəhid məzarlığını, oğullarının uyuduğu torpağı ziyarət edib öpsələr də, gənc övladlarının bir gün dönəcəyinə inanırlar. Bu, Ana ürəyidi, Ana qəlbidi, Analıq hissidi. Bu duyğuları yalnız Azərbaycan Anaları yaşaya bilər. Dünyanın heç bir həkimi Şəhid Anasının qəlbindəki yaraları sağalda bilməz. Şəhid Anasının gecələr necə yatdığını, gözünə hansı saatda yuxu getdiyini bir başqası, bəlkə də, anlaya bilməz. “Vətən sağ olsun” deyən Ananın qüruru ilə kədəri arasındakı “savaşı” kimsə görə bilməz. Beş ildi aprel döyüşlərində şəhid olan əsgər və zabitlərin anaları bu savaşla yatıb, bu savaşla da oyanırlar. Son nəfəslərinə qədər çəkəcək bu savaşda qazanan isə sonuncu 44 günlük döyüşün Zəfəri oldu.

Beş il əvvəl Azərbaycan xalqı beş ay əvvəl olduğu kimi bir yumruq altında birləşdi. Birinci Qarabağ müharibəsindən keçən 22 ildə Azərbaycan Ordusu gücləndi. Məhz həmin güc bir gecədə Lələtəpə yüksəkliyini xilas etdi, düşməni lərzəyə saldı, ermənini pərən-pərən etdi. Üçrəngli Azərbaycan Bayrağı azad olunmuş torpaqlarda dalğalandı. Bu döyüş 30 illik həsrətin başlanğıcı oldu. Bu, bütün dünyaya bir göstəri oldu. Ki... Azərbaycan Ordusu hansı gücə sahibdi. Erməniyə ismarıc oldu. Ki... “özünü yığışdırsın”, dialoqa gəlsin, məsələnin danışıq yolu ilə həll variantına razılaşsın. Amma qulaqları kar, gözləri kor oldu. Nəticəsi isə bu gün göz qabağında, dünyanın önündə! Azərbaycan əsgəri “Zəfər” adlı dastan yazdı. Və bu dastan dillərdə əzbər olacaq.

Döyüş davam edir. Savaş hələ bitməyib. Beş il əvvəl aprelin 2-də başlanan yol Tovuzdan keçərək ötən ilin 8 noyabrında Şuşada bitdi. Amma bu da son deyil. Bunu hər kəs bilir. Ancaq bu gün Aprel şəhidlərinin ruhu Qarabağ səmalarında rahatlıqla dolaşır. Əminəm ki, onlar doğmalarının yuxularına da gəlirlər, zərrə qədər narahatlıqları yoxdu. Dörd günlük döyüşdə qazi olmuş oğulların nələr hiss etdiyini anlamamaq mümkün deyil. Onların qaşlarının arasına düşmüş düyün açılıb. Qarabağdan dolayı daha nigaran deyillər.

4 günlük aprel döyüşlərinin mistikası 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan Əsgərinin yoluna işıq saldı, şəhid məzarlarını nurlandırdı...

Rumiyyə Miraslan



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar