AUKUS hərbi ittifaqı NATO-nun dağılmasına səbəb ola bilərmi?

25 Sentyabr 2021 16:55    368 Baxış   
AUKUS hərbi ittifaqı NATO-nun dağılmasına səbəb ola bilərmi?

Ötən həftə Avstraliya, ABŞ və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı imzalanan AUKUS (sadalan ölkələrin adlarının abreviaturası) müqaviləsi dünya gündəminin əsas mövzusuna çevrilib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Belə ki, müqaviləyə əsasən, Vaşinqtonla London Avstraliya üçün ən azı 8 atom sualtı qayıq istehsal edəcək.

Nəticədə, Avstraliya 90 milyard dollarlıq sualtı qayıqların alınmasına dair Fransa ilə imzaladığı razılaşmadan imtina edib. Bu anqlasakson ittifaqı Çinin Hind-Sakit okean regionunda artan nüfuzuna qarşı yaradılsa da, bu müqavilədən əsas zərər çəkən dövlətin Fransa olduğu aydındır. Bəs AUKUS hərbi ittifaqı NATO-nun dağılmasına səbəb ola bilərmi? Bu ittifaqa cavab olaraq Avropa İttifaqı (Aİ) ordusu yaradıla bilərmi? Azərbaycanla Türkiyə yeni hərbi ittifaq yaradılması haqda düşünməlidirmi?

ABŞ-ın NATO-dakı müttəfiqləri ilə məsləhətləşmədən Əfqanıstandan çıxması hərbi blokda narazılıqla qarşılandı. AUKUS müqaviləsi, əslində, Vaşinqton ilə Londonun da NATO-dan narazı olduğunu göstərir. Bu gün Soyuq müharibə dönəminin hərbi blokunun gələcəyinin şübhə altında olduğunu söyləyə bilərik. Buna səbəb NATO-ya üzv ölkələrinin müxtəlif regional məsələlərdə maraqlarının üst-üstə düşməməsidir. Məsələn, hərbi blokun ən nüfuzlu ölkələrinin - ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa və Almaniyanın Yaxın Şərq, Şimali Afrika, Aralıq dənizi hövzəsi, Cənubi Qafqaz regionu ilə bağlı fikir ayrılıqları var. Odur ki, müasir dövrdə effektivliyi sual altında olan hərbi blok NATO-nun maliyyə xərclərinin böyük hissəsini qarşılayan ABŞ üçün sadəcə böyük yükdür.

Odur ki, Avropa və dünyada yaxın gələcəkdə bir sıra ölkələrin birləşdiyi hərbi ittifaqların yaranacağını proqnozlaşdırmaq olar. Beləliklə, ABŞ ilə Böyük Britaniyanın hazırkı addımlarını NATO üçün sonun başlanğıcı kimi dəyərləndirmək mümkündür.

Bu gün Azərbaycan və Türkiyənin Çinlə sıx əlaqələri var. Bakı Pekinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə qoşulub. Buna görə Azərbaycanla Türkiyənin Çinə qarşı qurulan ittifaqlarda yer alacağını gözləmək sadəlövhlük olardı. Amma Bakı ilə Ankaranın İslamabadla birgə hərbi ittifaq qurması realdır.

Fikrimcə, bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş-2021” beynəlxalq təliminə başlaması təsadüfi deyil. Bu üç dövlətin yaradacağı hərbi ittifaq Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Qafqaz regionunda mühüm rol oynaya bilər. Artıq NATO Rusiyanın başçılıq etdiyi, ölü doğulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi hərbi ittifaqların dönəmi bitib. Üzvlərinin sayı çox olan hərbi bloklarda xeyli problemlər mövcuddur: üzv dövlətlər bir-birinə qarşı ərazi iddiaları irəli sürür, regional məsələlərdə birgə hərəkət etmir və sair.

Odur ki, enerji resursları ilə zəngin Azərbaycanla dünyada ən güclü ordulardan birinə malik Türkiyə, nüvə silahı olan Pakistanla birgə daha effektli, milli maraqlarına uyğun olan hərbi ittifaq yarada bilər. Bu gün artıq iki ölkə arasında hərbi ittifaqın yaradılması üçün təməl mövcuddur. Söhbət Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsindən gedir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian AUKUS müqaviləsinin Parisin NATO-dan çıxmasına səbəb olmayacağını söyləsə də, avropalı ekspertlər arasında Aİ-nin yeni ordu yaradacağı ilə bağlı fikirlər daha geniş yayılmağa başlayır.

Yeri gəlmişkən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Müdafiə Birliyinin yaradılması ilə bağlı işlərin sürətləndirilməsinə çağıraraq hərbi-təhlükəsizlik sahəsində yeni səviyyəyə keçməyin vaxtının yetişdiyini vurğulayıb. Fransa prezidenti Emmanuel Makronun da bu fikrə müsbət yanaşdığını vurğulamaq yerinə düşər. Doğrudur, Almaniya kansleri Angela Merkel hər zaman NATO tərəfdarı olub. Amma bu ölkənin gələcək kanslerinin Avropa ordusu yaradılmasının tərəfdarlarından biri - Armin Laşetin olacağı gözlənilir. Beləliklə, yaxın gələcəkdə Almaniya və Fransanın başçılıq edəcəyi Avropa ordusunun yaranacağını təxmin etmək olar.

Türkiyəli siyasi ekspert Taha Dağlı hesab edir ki, Emmanuel Makron NATO-ya alternativ olaraq Avropa Ordusu fikrini irəli sürdüyünə, onun hələ Tramp dönəmində “NATO “beyin ölümü” keçirib” sözlərinə görə bu gün ABŞ tərəfindən cəzalandırılır:

“Fransanın Çinlə əlaqələri, Livan və İraqda təkbaşına hərəkət etməsi, Şərqi Aralıq dənizində gərginlik yaradan bəyanatları və siyasəti, Liviyadakı fəaliyyəti ABŞ-ı narahat edir”.

Türkiyəli ekspert hesab edir ki, Parisin Liviyada Moskva ilə gizli əməkdaşlığı, əslində, Rusiyanın Avropanın cənub sərhədlərinə çatmasına yol açıb.

Taha Dağlı dünyada cərəyan edən son hadisələrin ABŞ-Fransa münasibətlərindən daha böyük anlam kəsb etdiyini düşünür:

“Əslində, son böhranın tərəflərindən biri Aİ-dir. Qarşı tərəfdə isə ABŞ ilə Böyük Britaniya dayanıb”.

Türkiyəli ekspert sonda qeyd edir ki, anqlosakson ittifaqının əsl hədəfi Çin olsa da, ABŞ-ın dostları sırasında Avropa İttifaqı da yoxdur:

“Üstəlik, Fransa cəzalandırıldı. Bu, Aİ-yə üzv olan digər dövlətləri Çinlə əlaqələri inkişaf etdirməkdən çəkindirə bilər”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar