Axır bitdi intizar - TOY bildiyimiz TOPLANTI imiş

21 Avqust 2020 19:16    2564 Baxış   
Axır bitdi intizar -    TOY bildiyimiz TOPLANTI imiş
Oh bəə, dünəndən həyəcanla #DİN-nin məsələyə rəsmi münasibətinin mətnini, bölmə boyu düzülən Ramiz Mehdiyev, Abel Məhərrəmov, Siyavuş Novruzov, ölkənin ombusmanı Səbinə xanım və digər yaxın-uzaq qohumların bir albomluq fotosessiyasını gözləyirdim narahatlıqla.

Ha ki "F5"-i basırdım ki, indi Zahidov çıxıb deyər ki, "toyu təşkil edən baba 3 min, yerdə qalan sanballı qonaqlar 2 min, çalıb oxuyanlar 500, qab yuyanlar da 200 manat cərimə olunublar. Operativ Qərargahın qərarları hamı üçündür. Heç elə şey ola bilərmi, keçən həftə iki baba birləşib, öz evinin içində nəvələrinə ad günü keçiriblər deyə cərimə olunsun, amma cənab Mehdiyev nəvəsinə toy etsin, ayıq-sayıq polisimiz bunu görməsin, cərimələməsin. Heç elə şey olar? Qanun qanundur, biz də keşikçiləri."

Dünəndən min cürə rəsmi açıqlama gəlib ağlıma.

Hələ Qərargahın, TƏBİB-in açıqlamalarını demirəm.

Bir anlıq təsəvvür edin: Qərargahın xarizmatik nümayəndələri istər Hacıyev, istər Mövsümov elə gözəl, səlis, təbəssümlü və diplomatik çıxışları ilə, vətəndaşlara təşəkkür edə-edə, heç nə olmamış kimi "əslində, bilirsinizmi, bu məsələlər hökümətin gündəliyində, hətta stolunun üstündədir. Biz özümüz də, ailəmiz də toya getmək üçün çox qəribsəmişik. İnanın ki, 6 aydır toylara yazdırılmalı pullarımız artıq daxıla da sığmır. Əlbəttə, toy bizim ən çox sevilən el adətimizdir.. Amma bilirsiniz ki, bizdən qərar verməkdir. Kimi cərimə edib etməmək işinə qarışa bilmərik. Düzgün deyil başqalarının işinə müdaxilə"- deyəcəklər ki, heç ruhumuz da inciməyəcək.

TƏBİB şanslıdır. Lakonik bir cavabı var: "biz bu işlərə baxmırıq. Bizimki müalicədir. "...

Allah bilir baş nazir də yəqin xəbər tutub. O gün də o toy etmişdi axı övladına. Görən o nə açıqlama verəcək? - deyə -deyə F5-i məhv elədim.

Axır bitdi intizar. TOY bildiyimiz TOPLANTI imiş, toplantı.

Sayın Zahidov deyib ki, “Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.

Voot da. Siz də "toy", "karantinin pozulması" deyib aləmə car çar çəkirsiniz. Zahidovdan çox bilməyəcəksiniz ki. Özü də boynuna alır ki, "hardasa oxuyub". O qədər əhəmiyyətsiz bir şeydi ki, heç harda yazıldığına da fəhm eləməyib.

Birdə ki, siz allahınız, "Mehdiyevə də mi karantin?", "Novruzova, Məhərrəmova da mı karantin? "

Bütün bu "karantin-olmaz" oyunu, ancaq biz fağır təbəqənin həyatının qorunmasına xidmət edir. Pulsuz-parasız adamsan. Tutsan, ölməkdən başqa yolun olmayacaq. Toy sənin harana yaraşır- adama deyərlər.

"Elitnoe" adamlara nə karantin? İstəsə toy edər, istəsə yas. İstəsə rayona gedər, istəsə xaricə. Niyə də yox? Çox olsa korona tutacaqlar, onda da xaric sağ olsun. Bir zəngə ordadılar. Hər şey pulun başında deyil?

Zahidovu da nahaq qınayırsınız. Axı çıxıb başqa nə desin? Nə olsun ki, #DİN'in sözçüsüdür? Nə desin axı başqa? Toplantı olub da toplantı.

Ətli-budlu, oxumaqlı-oynamaqlı toplantı. Əsas odur ki, hardasa oxuyub, xəbəri var ki, toplantı olub...

Qərargahın toplantılarında görüşək... Allah mübarək eləsin.

Əzizə İsmayılova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar