Azadlığın mübarək, Ağdam!

20 Noyabr 2020 15:24    163 Baxış   
Azadlığın mübarək, Ağdam!

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunmuş qədim və gözəl Ağdamımızdan yazıb.


Dominant.az sözügedən yazını təqdim edir:

Ağdamımızın işğalına son qoyuldu! Bu tarixi hadisə münasibəti ilə ilk növbədə Ağdam sakinlərini, xalqımızı təbrik edir, ən xoş diləklərimi çatdırıram!

Ən böyük təbriklərimiz və təşəkkürlərimiz Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanınadır! Ölkə başçısının Ağdam rayonunun işğaldan azad olunması münasibətilə buğun Xalqa Müraciətində vurğuladığı kimi, “Ağdam üçün yeni dövr başlayır. ...Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Tarix Azərbaycanı, Azərbaycanın dövlət başçısını haqlı çıxardı. Ermənistan-Azərbaycan elanolunamış müharibəsinin, torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi. Baxmayaraq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün nə mümkündüsə, onu etdi. Əvəzində nə oldu? – Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquqtanımaz mövqeyinə görə bu həll mümkün olmadı. Beləliklə, Azərbaycan Dəmir Yumruğu öz tarixi missiyasını yerinə yetirmiş oldu. Bununla BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsi yerinə yetirilmiş oldu.
Öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdı – bu, beynəlxalq hüquqla da belədir, tarixi əsaslarla da, mənəvi faktura ilə də...
Ağdamlı həmvətənlərimiz artıq məcburi köçkün deyil! Bu, doğrudan tarixi hadisədir! Gözümüz aydın olsun!
Sonuncu dəfə işğaldan bir neçə ay öncə Ağdam şəhərində olmuşdum. Ağdamla bağlı xatirələrim var. İnanıram ki tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. Ağdam Çörək Muzeyinin, Ağdam Məscidinin, digər abidələrin, mədəniyyət obyektlərinin ilk sırada bərpa olunacağına inanıram.

Azadlığın mübarək, Ağdam!

Gözün aydın, Azərbaycan!

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar