AZAL yeni təyyarə aldı

11:58    25 Baxış   
AZAL yeni təyyarə aldı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.

Bu barədə Dominant.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, "Airspace" kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli "Wi Fi" xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.

"Airbus A320neo" yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.

Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.

Yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo" modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsini və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet müəyyən edən AZAL 2032-ci ilə qədər donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla, Bakının regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar