Azərbaycan ancaq bu yolla qalib gələ bilər - ƏMƏLİYYAT PLANI

16 İyul 2020 19:18    3791 Baxış   
Azərbaycan ancaq bu yolla qalib gələ bilər -  ƏMƏLİYYAT PLANI
İsrail Fələstin torpaqlarını özününkü hesab edərək orada necə əməliyyatlar apardısa, aparırsa, Azərbaycan da Qarabağ üçün eyni metodları tətbiq etməlidir

“Millətin istiqlalını yenə millətin əzm və qərarlılığı xilas edəcəkdir” - (Mustafa Kamal Paşa-22 iyun 1919)

Amasya təlimatı elan ediləndə bu günkü Türkiyə Cümhuriyyəti ərazisinin xeyli hissəsi işğal altında idi. Milləti səfərbər etmək üçün toplanan Erzurum və Sivas qurultaylarından sonra əziz vətən torpaqlarını xilas edəcək ünvan da bəlli olmuşdu: 23 aprel 1920-ci ildə Ankarada açılan Türkiyə Böyük Millət Məclisi. Avqustun 10-da Fransanın Sevr qəsəbəsində imzalanan saziş İstanbul sarayı tərəfindən qəbul edilsə də, Ankaradakı Məclis hökuməti sazişi rədd edərək vətən torpaqlarının işğaldan azad edilməsi üçün bütün qüvvələri səfərbərliyə başladı. İstiqlal savaşı üçün vətəndaşlardan alınan borc bir neçə ildən sonra geri qaytarıldı.

Azərbaycan ilə Ermənistan 12 may 1994-cü ildə Bişkek protokolunu imzalayaraq müharibəni dayandırdı. Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının aqibəti ATƏT-in Minsk qrupuna həvalə edildi. Nəticə barədə yazmağa belə dəyməz. Ona görə də Bakının təxirəsalınmaz addımı - Bişkek protokolunu təktərəfli şəkildə qüvvədən salmaq olmalıdır. Bu, Azərbaycanın ən təbii haqqıdır və bu işlərə uzaqdan-yaxından maraq göstərən hər kəs çox yaxşı bilir ki, Minsk qrupu bundan sonra da əziz vətən torpaqlarımızın işğaldan azad edilərək Qarabağın Dağlıq hissəsinin yenidən Bakının əmrinə verilməsi üçün tükünü zərrə qədər tərpətməyəcək. Başda Türkiyə olmaqla, Azərbaycanı sevən və hörmət edən o biri ölkələr də bunu deyir.

Bişkek protokolunu rədd edər-etməz, atılması qaçınılmaz olan ikinci addım işğal altında olan əziz vətən torpaqlarındakı bölücülərə, terrorçulara, soyqırımçılara qarşı əməliyyat keçirmək olmalıdır. Bütün beynəlxalq sənədlər haqlı şəkildə Qarabağın tamamını Azərbaycanımızın ərazisi olaraq qəbul edir və başda ATƏT-in Minsk qrupu olmaqla, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü qeyd-şərtsiz şəkildə qəbul edirlər. Yəni, Azərbaycan bölücülüyə, terrora və soyqırımçılığa qarşı əməliyyatları öz sərhdləri daxilində aparacaq. Buna heç kim etiraz edə bilməz. Bundan əvvəl “ermənilərlə İrəvanda görüşmək üçün” səbrsizlənən Müdafiə naziri helikopterə minib Qarabağı şərqdən qərbə, şimaldan cənubda havadan müşahidə etməlidir, onu ən müasir helikopterlər müşaiyət etməlidir. Nazir geri qayıdıb silahlı qüvvələrin baş qərargahında lazımi analizlər aparılandan sonra əməliyyat üçün düyməyə basılmalıdır. Bu prosesdə nələrisə gizləməyə qətiyyən ehtiyac yoxdur. İsrail Fələstin torpaqlarını özününkü hesab edərək orada necə əməliyyatlar apardısa, aparırsa, Azərbaycan da Qarabağ üçün eyni metodları tətbiq etməlidir.

Əməliyyatdan əvvəl oradakı əhaliyə müraciət edilərək müqavimət göstərməməsi tələb edilməli, könüllü şəkildə təslim olanlar bölgədən çıxarılaraq Bakıda və ya Qarabağa yaxın bölgələrdə təhlükəsiz yerdə saxlanmalıdır. Müqavimət göstərənlər də imkan daxilində sağ ələ keçirilərək hərbi tribunallara göndərilməlidir. Həyatını itirənlər barədə lazımi protokollar tərtib edilərək əlaqədar beynəlxalq qurumlara təqdim edilməlidir.

Bölgənin tamamı azad edilən kimi 15 günlük fövqəladə vəziyyət elan edilməli, könüllü təslim olduqları üçün bölgədən müvəqqəti şəkildə kənarlaşdırılanlar sürətlə oraya qaytarılaraq bəzilərinə müəyyən vəzifələr verilməli, idarəçiliyə cəlb edilməlidirlər. Dövlət müəssisələrinin və idarələrinin fəaliyyəti paytaxt Bakının gündəlik nəzarəti altında yenidən canlandırılmalı, əhalinin şəxsi ehtiyac, kənd təsərrüfatı, mənzil, maşın kreditlərinin tamamı silinməlidir. Bölgəyə qayıdıb dinc həyata qatılan insanlara 3 aylıq maaş həcmində maddi yardım edilməlidir.

Ermənistan tərəfindən işğal edilən Qarabağı və ətraf rayonları tərk etmiş Azərbaycan mənşəli əhali 1 ay müddətində bölgəyə qaytarılaraq maddi ehtiyacları ödənməli, kompensasiyalar verilməli, dövlət idarələrində işlə təmin edilənlərdən əlavə şəxsi biznes və kənd təsərrüfatıyla məşğul olanlara hər cür nağd pul yardımı edilməli, uzun müddətli faizsiz kreditlər verilməlidir. Bütün bu məsrəfləri hesablayanda, əmin olun ki, 1 milyard manatı keçməyəcək.

5-6 illik tarixə baxanda Bəşər Əsədin dəvətiylə Rusiya qoşunlarının Suriyaya, 26 noyabr 2019-cu ildə Tripoli hökumətinin dəvətiylə Türk hərbi kontingentinin Liviyaya gedərək vəziyyəti 180 dərəcə dəyişdirdiyini görürük. Əziz vətən torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan hərbi qüvvələrini Qarabağımıza kiminsə dəvət etməsinə ehtiyac yoxdur. Bu dəvəti xalqımız edir, təkidlə edir, israrla edir ki, əziz vətən torpaqlarımız bir an əvvəl işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü təmin edilsin.
Bizə heç nə verməyən Bişkek protokolunun imzalandığı gündən bəri gözlədiyimiz bu fürsət, nəhayət, bu gün qabağımıza çıxıb. Ona görə gün- Bişkek protokolunun qüvvədən salınması günüdür. Mustafa Kamal Paşa və silahdaşları Sevr müqaviləsini necə cırıb atmış, tamamilə xalqın iradəsinə güvənərək işğal altındakı torpaqları azad etmişdilərsə, Bakı da eyni addımı ataraq Bişkek protokolunu tarixin zibilliyinə göndərsə, xalq bir nəfər kimi bu iş üçün səfərbər olacaqdır.

Ona görə də yazının əvvəlində, Türkiyənin İstiqlal mübarizəsinin fəlsəfəsini təşkil etmiş 22 iyun 1919-cu il tarixli sözlərini yazmışıq.

Mayis Əlizadə



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar