Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

11 Aprelel 2022 13:34    24112 Baxış   
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti öz nailiyyətləri ilə bu gün ölkəmizi bütün beynəlxalq arenalarda uğurla təmsil edir.

Dövlət gənclər siyasəti gənclərin dinamik, hərtərəfli inkişafı üçün ardıcıl və müntəzəm həyata keçirilən məqsədyönlü tədbirlər kompleksidir. Gənclər siyasətinin mühüm qollarından biri də məhz gənclərin fiziki tərbiyəyə marağının artırılması, onların peşəkar və həvəskar şəkildə idmanla məşğul olmasını təşviq etməkdir. Məhz bunun nəticəsidir ki, bizim idmançılarımız Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində ən uca zirvələrə qaldıra bilib, himnimizi səsləndiriblər. Təsadüfi deyil ki, artıq bütün dünyada Vətənimizi idman ölkəsi kimi tanıyırlar. Buna səbəb müxtəlif idman növlərində güclü idmançılarımızın olması ilə yanaşı, həm də ev sahibliyi etdiyimiz beynəlxalq və respublika əhəmiyyətli kütləvi idman tədbirləridir. Bütün bu fəaliyyətlər Azərbaycanda idmanın kütləvi xarakter alması, gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq peşəkar və həvəskar şəkildə idmana marağının artmasına səbəb olur.

Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında da güləşçilərimiz uğurla təmsil olunmuşdur. Bu münasibətlə Prezident cənab İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel tarixində görüşmüşdür. Görüş zamanı cənab İlham Əliyev qeyd etmişdir ki, güləş üzrə milli komandamız bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.

Bildiyimiz kimi həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr hazırda da yaşayır.

Görüş zamanı Prezident cənab İlham Əliyev bildirmişdir ki, idmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

Gənclərimizin vətənpərvər ruhda böyüməsində idman böyük rol oynayır. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olunur, milli ruhda tərbiyə alır və dövlətimiz buna nail olmaq üçün gənclərə bütün imkanlar yaratmışdır.

Gənclərimiz arasında vətənpərvərlik hisslərini daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir. Gənclərimiz həm döyüş meydanında, həm də ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar. Azərbaycan gənclərinin 44 günlük müharibədə göstərdikləri şücaət, cəsarət və vətənpərvərlik bütün nəsillər üçün bir örnək oldu.

Bu gün regionlarımızda da gənclər və idman siyasəti uğurla həyata keçirilir. Elə bir rayonumuz yoxdur ki, orada müasir tələblərə cavab verən idman kompleksləri tikilməsin. Yeni tikilən məktəblərin idman zalları da bu tələbləri tam şəkildə ödəyir. Bunlardan əlavə, Bakı şəhərində və bəzi mərkəz rayonlarda açıq havada idmanla məşğul olmaq üçün geniş meydançalar yaradılır. Mütəmadi təşkil edilən idman yarışları, çempionatların da məqsədi məhz bu sahədə olan dinamikanı qoruyub-saxlamaqdır. Bütün bunlar isə gənclərin bədən tərbiyəsinə marağını günü-gündən daha da artırır.

Biz gənclər də ölkəmizdə aparılan gənclər və idman siyasətinə öz zəhmətimizlə töhfə verir, ölkəmizin gələcək inkişafı, yeni qələbələr əldə etməsi üçün daim dövlətimizi dəstəkləyirik.

Dürsədəf Kərimova, Paralimpiya çempionu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar