Azərbaycan həkimlərinə xəbərdarlıq - Səs salmayın, "dilinizi kəsərlər"

06 Avqust 2020 20:05    3178 Baxış   
Azərbaycan həkimlərinə xəbərdarlıq -  Səs salmayın, "dilinizi kəsərlər"
Bir müddət öncə həkim Sevda Nəsibova Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılmış binadakı şəraitdən şikayət etmişdi. Yayılmış videodan da görünürdü ki, həkim haqlıdır, mövcud binada antisanitariya hökm sürür, əşyalar köhnə və istifadəyə yararsız vəziyyətdədir, binanın döşəməsi istifadə üçün təhlükəlidir.

Təbii ki, hər kəs, elə həkim S.Nəsibova özü də ümid edirdi ki, məlum videodan sonra aidiyyəti qurumlar şikayəti nəzərə alaraq vəziyyəti nəzarətə götürəcək, dərhal lazımi tədbirlər görüləcək. Ancaq gözlənilənin tam əksi oldu. Dünən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, həkim S.Nəsibovaya şiddətli töhmət verilib. Səbəb olaraq da, vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə salması göstərilib. Halbuki məlum videoda real vəziyyət açıq-aşkar görünürdü, əgər sözügedən videoda həmin həkimin çıxışı olmasaydı belə, karlardan hər şey bəlli olacaqdı.


Maraqlıdır, belə bir vəziyyətdən şikayət etmiş həkimin cəzalandırılması nə qədər qanunidir? Olmaya, aidiyyəti qurumlar və ya şəxslər həkimi cəzalandırmaqla digər tibb işçilərinə də "qulaqburması" verdilər?

Dominant.az-a danışan ictimai vəkil Samir Zeynalov bildirir ki, həkim Sevda Nəsibovanın namünasib iş şəraitindən şikayətlənməsi faktını əks etdirən video materiala görə şiddətli töhmət alması vətəndaşın konstitusiya ilə qorunan hüquq və azadlıqlarının tapdalanması deməkdir:

"Əvvəla onu qeyd edim ki, işçi haqqında intizam tənbehinin görülməsi əmək məcəlləsi ilə həyata keçirilir. İşçi bir qayda olaraq yalnız əmək müqaviləsi ilə nəzərdə tutulumuş vəzifələrini vicdanla yerinə yetirməyə borcludur. İşçi müəssisəsin narazılıq yaradan hər hansısa maddi-texniki çatışmazlıq ilə bağlı məlumatların yayılmasına görə intizam məsuliyyətidaşımır və belə məlumatların sirr olaraq saxlanılmasına mükəlləf deyil.

Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən,. “işəgötürən işçilərin əmək funksiyalarını yerinə yetirməsi üçün texniki təhlükəsizlik normalarının gözlənildiyi münasib əmək şəraitini təmin etməyə borcludur”. Namünasib və insan həyatı üçün təhlükə yaradan əmək şəraitində narazılıqların yaranması əlbəttə ki, təbii haldır. Narazı işçinin bu barədə müvafiq orqanlara şikayət etmək, eləcə də qeyri-adekvat vəziyyəti mətbuat orqanlarında yaymaq kimi hüquq və azadlığı var.

S.Zeynalov da o fikirdədir ki, haqqında danışdığımız xoşagəlməz problemlə bağlı “TƏBİB”in zəruri araşdırmalar aparıb müvafiq qanedici tədbirlər görmək əvəzinə, işçinin cəzalandırılmasını məqsədəuyğun sayması, sadəcə dəhşətdir:

"Birmənalı olaraq bəyan edirəm ki, bu təşəbbüs və hərəkətlilik tamamilə qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 183-cü maddəsində müəssisədaxili intizam qaydalarının məzmunu və siyahısı yer alıb. İşçilər yalnız əmək məcəlləsinə uyğun olan müəssisədaxili intizam qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Həmin siyahıda işçinin müəyyən narazılıq yaradan müəssisədaxili maddi-texniki çatışmazlıq haqqında şikayət etməsi, bu şikayəti mətbuat vasitəsilə yayması faktı intizam qaydalarının pozulması hesab olunmur və buna görə də işçiyə “şiddətli töhmət” verilməsi tamamilə qanunsuz, eləcə də həmin məcəllənin 182-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq etibarsızdır".

Qeyd edək ki, bu hadisə ilk deyil, pandemiya dövründə ölkədəki bir çox tibb müəssisələrinin tibb işçiləri üzləşdikləri bir sıra problemləri dönə-dönə dilə gətiriblər, mətbuatda səsləndiriblər. Ancaq təəssüflər olsun ki, əksər problemlər hələ də həll olunmadan qalır, TƏBİB və Səhiyyə Nazirliyi isə ya susur, ya da şikayət edənə töhmət verir...

Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar