Taleyini dəyişən qız - Yardımlıdan üzü Polşaya

10:07    186 Baxış   
Taleyini dəyişən qız -  Yardımlıdan üzü Polşaya

Bir qız uşağının heç kimin maddi və mənəvi dəstəyi olmadan, fərqli dildə danışan, fərqli dini inancları olan insanların yaşadığı yad ölkəyə köç etməsi, özünə yeni həyat qurması heç də asan deyil. Əgər həmin qız ucqar bir dağ kəndindəndirsə, çox mühafizəkar bir ortamda doğulub-böyüyübsə, ağlı kəsəndən qızların, uzaqbaşı 9 il təhsil aldıqdan sonra ərə verildiyinə şahid olubsa, bu çətinlik daha çox müşkülə çevrilir. Ancaq mümkünsüz heç nə yoxdur, yetər ki, ürəkdən arzulayasan, səy göstərəsən, can atasan. Eyniylə budəfəki həmsöhbətim, öz taleyini dəyişən Günsel Eminli kimi.

- Günsel, səni qiyabi olaraq tanıyıram. Ancaq istərdim ki, daha yaxından tanıyam və oxucularımıza da tanıdam. Mümkünsə, özün haqqında qısa məlumat verərdin.

- Mən Eminli Günsel, 1998-ci ildə Yardımlı rayonunun Vərgədüz kəndində anadan olmuşam. 2005-2015 illərdə həmin kəndin A.Ç.Bağırov adına orta məktəbində oxumuşam. Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika fakültəsində 4 illik bakalavr təhsili almışam. Universiteti bitirdikdən sonra “Məktəblinin dostu” layihəsində 2 il fəaliyyət göstərmişəm. 2022-ci ildə isə təhsilimi Polşada davam etdirmək qərarına gəldim. Elə həmin ilin oktyabr ayında Polşaya köçüb, WSB universitetində “Computer Science” sahəsi üzrə magistr təhsili aldım. Magistr təhsilimi başa vurduqdan sonra həmin sahə üzrə, 1901-ci ildən fəaliyyət göstərən Danimarka şirkətində (ISS World) çalışmağa başladım. Hazırda da həmin şirkətin əməkdaşıyam.

- Necə oldu ki, xarici ölkəyə - Polşaya getmək barədə qərar verdin? Yardımlı kimi mühafizəkar bir rayonda yaşayan valideynlərin necə qarşıladı bu qərarını?

- Polşa günü-gündən inkişaf edən ölkədir və beynəlxalq şirkətlərin sayı da artmaqdadır. Karyerya inkişafı baxımından Azərbaycanla müqayisə olunmayacaq dərəcədə irəlidədir. Öz şəxsi inkişafım üçün Polşaya köçməyin doğru bir addım olacağına əmin idim. Valideynlərim təbii ki, əvvəlcə razı olmadı, bildirdilər ki, artıq təhsilimi başa vurmuşam və onların fikrincə, ailə qurmaq yaşım çatıb, xarici ölkəyə köçüb təhsil almaq lazım deyil, qız uşağıyam, bu addım düzgün deyil. Amma onlara mənim üçün ilk növbədə karyera qurmağın önəmli olduğunu, bunun üçün də Polşaya köçmək fikrində qəti olduğumu bildirdim. Qardaşımın Polşada yaşaması isə mənim üçün avantaj oldu. Bu, ailəmi müəyyən qədər fikrindən daşındırmağa kömək etdi. Amma Polşada onminlərlə azərbaycanlı yaşayır və təxminən yarısı qızlardır. Kiminsə qardaşının Polşada olmaması qızlarımızın gəlib burada təhsil almasına maneə deyil.



- Demək ki, qətiyyətli, israrlı olanda ailəni də razı salmaq mümkündür. Bəs bu yola çıxmaq üçün sənə kimlər maddi və mənəvi dəstək oldu?

- Ailəm tərəfindən heç bir maddi dəstək görmədim. Təhsilim üçün bankdan kredit götürdüm, Polşaya gəldikdən sonra bir restoranda işləməyə başladım və təhsil aldığım müddətdə orada çalışıb Azərbaycandakı kreditimi və növbəti ilin təhsil haqqını ödədim. Kömək sadəcə qardaşımın burada yaşaması oldu, yəni Polşada qalmağa ev axtarmadım, birbaşa onlara gəldim. Amma tələbələr üçün burada imkanlar çoxdur. Əksər tələbə təhsil aldığı müddətdə tələbə yataqxanalarında ucuz qiymətə yaşaya bilir.

- Artıq magistraturanı bitirmisən, işləyirsən, indi valideynlərin sənlə bağlı necə düşünür? Arxanda durmadıqları, dəstək göstərmədikləri üçün peşmandılar?

- Valideynlərim dəstək olmasa belə, uğuruma sevinirlər əlbəttə ki. Amma açıq danışsaq, mənim onlardan maddi cəhətdən gözləntim də olmadı. Biz azərbaycanlılar müəyyən yaşa çatdıqdan sonra artıq ailədən dəstək almağa utanırıq bir növ. Əksinə, biz onlara dəstək olmaq istəyirik. Amma əlbəttə ki, uşaqlarına təhsil üçün dəstək olan ailələr də var. Bu, bir qədər də ailənin maddi imkanından asılı olan məsələdir. Yəni ailəm məqsədli şəkildə maddi dəstək olmamağı seçmədi, sadəcə maddi imkanları yol vermədi buna.



- Etiraf etdin ki, universiteti bitirəndən sonra valideynlərin sənin ailə qurmağını istəyirdi. Çünki sənin doğulub-böyüdüyün ortamda ümumi vəziyyət elə idi, bəlkə də sinif yoldaşlarının neçə uşağı var. Necə oldu ki, belə bir mühitdə sən fərqli düşündün, başqaları kimi davranmadın? Nə motivasiya oldu sənə?

- Bəli, təəssüf ki, erkən nikah bizim bölgədə hələ də davam etməkdədir. Mən hətta orta məktəbi bitirəndə sinif yoldaşlarımın bəziləri artıq evlənmiş, bəziləri də nişanlanmışdı. Düşünürəm ki, əgər atam mənə hələ ibtidai sinifdə oxuyandan “sən ali təhsil almalısan” deməsəydi, mənim də yaşıdlarımdan heç bir fərqim olmayacaqdı. Yanlış anlaşılmaq istəmirəm, mən ailə qurmağın düzgün olmadığını demək istəmirəm, karyera qurmadan ailə qurmağı düzgün qərar hesab etmirəm. Təxminən 14 yaşıma qədər atamın qorxusundan dərslərimi yaxşı oxumuşam, amma artıq 14-15 yaşda ətrafıma baxıb müqayisə edə biləcək qədər böyümüşdüm. Oxumağın nə qədər əhəmiyyətli olduğunu, ağıllı və savadlı, cəmiyyətə və özünə faydalı olan bir qadın olmaq istədiyimi başa düşdüm, mənə kiminsə bunu dəfələrlə izah etməyinə ehtiyac qalmadı.

- Çox gözəl bir məqama toxundun, dedin ki, ali təhsil almağında ilk valideynlərinin rolu olub. Təəssüflər olsun ki, hər ata-ana bu düşüncədə deyil, bəziləri hətta ali təhsilli qızdan sanki qorxur desək, yalan olmaz. Həmin valideynlərə nə demək istərdin?

- Bəli, təəssüf ki valideynlər qızlarının təhsil almasında maraqlı deyillər. Amma mən buna “valideynlər oxumuş qızdan qorxur” deməzdim, onlar sadəcə qız uşaqlarına pul və əməl sərf etmək istəmirlər. Məncə bu, mentalitetdən irəli gəlir, onların fikirincə, “qız uşağıdır, evlənib başqa evin qızı olacaq, bizə qalan, bizə baxan oğlumuz olacaq”. Təbii ki, bu, çox səhv düşüncədir. Əslində indiki dövrdə qızları daha çox oxutdurmaq lazımdır. Bir qızın təhsil alması böyük bir cəmiyyətin aydınlanması deməkdir. Valideynlərə səslənmək istəyirəm ki, qızlarınıza etdiyiniz yatırım onların cehizinə deyil, təhsilinə yönəlsin. Axı deyirlər, qızın ən dəyərli və qiymətli cehizi onun diplomudur. Əgər bir qızın oxumasına şərait yaratsanız, təkcə onun deyil, bir nəslin taleyini dəyişmiş olarsınız. Çünki savadlı və təhsilli bir ana gələcəkdə savadlı övladlar, hətta savadlı nəvələr yetişdirəcək. Sağlam düşüncəli qadın sağlam cəmiyyətin təməlidir. Qızların təhsilinə xərclənən vəsait isə sağlam cəmiyyətin inkişafı üçün edilən yatırımdır.



- Bəs sənin kimi xəyallarının arxasıyca getmək istəyən, lakin buna cəsarət etməyən qızlara hansı məsləhətləri verərdin?

- Sadəcə özlərinə güvənsinlər. Nəinki qızların, hər bir insanın istəyib, cəhd edib əldə edə bilməyəcəyi heç bir şey yoxdur. Sadəcə özünüzə ağıllı bir plan qurun və davamlı olaraq ona nail olmağa çalışın. Bəlkə bu il, gələn il baş tutmayacaq, amma 3 il sonra mütləq alınacaq, istəklərinə nail olacaqlar. Doğru istiqamətdə, planlı şəkildə addımlamaq həqiqətən də bəhrəsini verir.

- Təbii ki çıxdığın yol asan deyil, əminəm ki, bir çox çətinliklərin olub indiki Günsel olmaq üçün. Hansı çətinliklərlə üzləşdin həm burada, həm də qərib eldə?

- Ən böyük çətinliyim maddiyyat məsələsi oldu. Universitet oxuya-oxuya restoranda ağır iş şəratində çalışmaq məni həm fiziki, həm də mental olaraq yordu. Amma motivasiyamı heç vaxt itirmədim, nə üçün çalışdığımı bilmək və buna nail olanda əziyyətimin bəhrəsini görmək düşüncəsi ruhdan düşməyə imkan vermədi.



- Bundan sonrakı xəyalların, planların nələrdi? Vətənə qayıtmaq, yoxsa həyatını xaricdə davam etdirmək istəyirsən?

- Bundan sonrakı planım, yəqin ki, elə burada qalıb öz sahəmdə möhkəmlənmək və daha da irəli getməkdir. Amma həyatın bizə nələr gətirəcəyini bilmirik, planlar dəyişə bilər, bizdən asılı olmayan səbəblərə görə.

- Yardımlı üçün necə, heç darıxırsan? Yoxsa kəsəkləri ayağını döyəclədiyi yollarının palçığı, iliyə işləyən soyuq qışı gəlir ancaq ağlına?

- Yardımlı üçün darıxıram, ora mənim doğulduğum, böyüdüyüm doğma elimdir, Vətənimdir. Bu gün burada olmağımın bəlkə digər səbəbi də o daşlı-kəsəkli yollardır. İnsan çətinlik görməsə, öz ətrafını, mühitini dəyişmək istəmir. Hərdən eşidirəm, deyirlər ki, “doğulduğun yer sənin taleyindir”. Amma belə deyil, taleyimizi dəyişmək öz əlimizdədir. Çətindir əlbəttə ki, demirəm ki, asandır, amma mümkündür. Doğulduğum kənd orada yaşadığımız dövrə nisbətən indi inkişaf edib, artıq o daşlı-kəsəkli yollar yoxdur. Ümid edirəm kəndimizdə təhsil tərəfdən də inkişaf olar, daha çox qızlar və oğlanlar təhsil almaq şansına sahib olar.

- Səni yaxından tanımaq çox xoş oldu. İnanıram ki, nəinki ailən, bütün yardımlılar hər zaman sənin uğurlarına, xoş xəbərlərinə sevinəcək. Bu müsahibəmiz isə neçə-neçə qızların sənin kimi öz taleyini dəyişdirməsinə vəsilə olacaq.

- Çox sağ olun.

Rumiyyə MİRASLAN






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar