Müsahibələrinin birində deyirdi ki: “Ömrümün tən yarısını işıqçı olmuşam, yəni montyor. Orta məktəbi səkkizəcən oxumuşdum. Sonra texnikum bitirdim. Neft daşlarında işlədim, Naftalanda fəhlə oldum. Kino-mexanik kimi çalışdım, həyatın hər üzünü gördüm, kirpiklərimlə od götürdüm. Sonra universitetə qəbul olundum, Bəxtiyar Vahabzadə universitetdə bizim dərnək rəhbərimiz idi. Universiteti bitirəndən sonra Şamaxıda, Çuxuryurdda müəllim işlədim. Gənclik illərində M.Ə.Sabir haqqında bir poema yazdım, verdim “Azərbaycan” jurnalına. M.Ə.Sabirin yubiley nömrəsi buraxılırdı. O vaxtlar Mehdi Hüseyn Azərbaycan Yazıçılar İttifaqının sədri idi. O kömək elədi, poemam işıq üzü gördü. Yaxşı qonorar verdilər. 500 manat. Mən də o pula yaxşı bir nişan üzüyü alıb nişanlandım və o ili də evləndim. Bax, bu yaxşılığı mənə Mirzə Ələkbər Sabir elədi. O vaxt bunu heç kəs eləməzdi...”
Texnikumu bitirəndən sonra sənədlərini indiki Bakı Dövlət Universitetinə verib. İmtahandan aşağı bal toplasa da, onu əmək təcrübəsinə görə universitetə qəbul ediblər. Qrupda ən yaşlı tələbə də o olub. Onun 25, qrup yoldaşlarının isə 18 yaşı vardı...
Haqqında söhbət açdığım Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Orada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda orta-ixtisas məktəbini bitirib. Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləyib. Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra bir müddət Bakıda kinomexanik kimi çalışıb. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt indiki BDU-nun Filologiya fakültəsinə qəbul olunub və orada ali təhsilə yiyələnib. Ədəbi fəaliyyətə isə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcürməyə də meyilli olub. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir. Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru vəzifələrində işləyib. Xidməti Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə təltif olunub. 2002-ci ildən vəfat edənədək prezidentin fərdi təqaüdünü alıb. 16 noyabr 2016-cı ildə 86 yaşında ikən Bakıda vəfat edib...
Şair, yazıçı-publisist Göyərçin Kərimi onun haqqında yazır: “Onunla ilk tanışlığımız birinci kursda oxuduğum illərin payına düşür; Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə ilə tələbələrin görüşünə gəlmişdi. Sonra, daha doğrusu, sonuncu dəfə onunla yazıçılar birliyindəki iş otağında görüşdük. Məhz bu sonuncu görüş məndə heç vaxt unuda biməyəcəyim yüksək təəssürat, böyük məmnunluq hissi oyatdı. Fikrət müəllim Şopenhauerə həsr etdiyim poema haqqında bir neçə xoş söz dedi və mən utandım, vəziyyətdən çıxmaq üçün ona kişi təfəkkürünə daha çox üstünlük verdiyimi söylədim. Razılaşmadı: “İndi belə əsər yazan varmı?”- deyə əlində tutduğu kitabıma işarə etdi və çox illər qabaq Şopenhauerlə bağlı dərc olunmuş bir məqalədən söhbət açdı. Növbəti dəfə yazıçılar birliyinə gedəndə özü işdə yox idi, lakin onunla eyni otaqda əyləşən xanım mənə yazılı bir vərəq uzatdı ki, bəs Fikrət müəllim sizə çatdırmağımı tapşırıb. Vərəqdə haqqında danışdığı məqalənin tarixi və ona aid başqa məlumatlar qeyd olunmuşdu. O zaman görkəmli şair 85 yaşının astanasında idi. Fikrət müəllimin zəhmət çəkməsi bir yandan narahatlığıma səbəb oldu, o biri yandan insanın diqqət və məsuliyyət kimi iki mühüm xüsusiyyəti önündə özümü borclu hiss eməyə başladım. Fikrət Sadığın heç kimə bənzəməyən bu davranışı daxilini dolduran ülvilik hissindən qaynaqlanırdı.
Əlbəttə, dünyada şair çoxdur, lakin şair ömrü yaşayanlar barmaq sayı qədərdir ki, Fikrət Sadığın da yeri bu onluğun içərisindədir. Gec də olsa, onun yuxarıda qeyd olunmuş sualına başqa bir sualla cavab vermək istəyirəm: Şair, bəs sənə bənzəyən şair varmı? Fikrət müəllimin yeri həmişə görünür və görünəcək. O, yalnız övladlarının deyil, nəsihətə, təsəlliyə, ideal məsləhətçiyə, xeyir-duaya ehtiyacı olan hər kəsin- hamının atası idi. Vəziyyəti düzgün dərk etməyən, yaxud dərk etmək istəməyən hamının- hər kəsin üzü dönsə də, tək onun qayğısı bəs edərdi ki, sınaqdan üzüağ çıxasan. Əlbəttə, bu, hikmətin qələbəsidir! Axı Fikrət Sadıq ata himayəsində böyüməmişdi, ağlı söz kəsəndən özü-özünə atalıq etmişdi...”
“O yerdə ki həyat vardır, həyət yox,
O yerdə ki həyət vardır, həyat yox.
O yerdə ki həyət də var, həyat da,
Həmin yerdə adam yoxdur, mən adda...”
Bəli, bu misraların müəllifi - şair, publisist, ssenarist, kino redaktoru Fikrət Sadıq bir vaxtlar bizimlə eyni dünyanı bölüşürdü. Fəqət, düz doqquz ildir ki, aramızda yoxdur. Yaşasaydı, mayın 30-da 95 yaşı tamam olacaqdı. Başımı aşağı əyib, ehtiramla yad edir, ruhuna rəhmət diləyirəm...
“Üç cür olur zurnaçılar-
Biri elə çalır,
Biri belə çalır.
Biri də elə-belə çalır...”- bunları da, o deyib...
Ruhuna ehtiramla, Elman Eldaroğlu