Azərbaycan O!rdusunun inamlı Qələbəsi!

27 Sentyabr 2021 10:01    948 Baxış   
Azərbaycan O!rdusunun inamlı Qələbəsi!
Ötən ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı. Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı! 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, xalqın inamı özünə qaytarıldı.

30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi. Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. "Şuşasız bizim işimiz yarımçıq olar", - deyən Ali Baş Komandan müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi.

44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun geniş çeşiddə pilotsuz aparatları tətbiq etməsi hələ də dünya mediasının və ekspert çevrələrinin gələcək müharibələrin necə olacağına dair təhlillərində yer almaqdadır. Xatırladaq ki, “Bayraktar” döyüş pilotsuz aparatları Azərbaycan ordusunun da silahanmasında yer alan bu PUA-lar düşmənə sarsıdıcı zərbələr vurub, ermənilərin kabusuna çevrilmişdir. Azərbaycan ordusu müharibənin gedişində bu yeni müharibə metodlarını, o cümlədən hərbi kompüter şəbəkələrindən istifadə etməklə şəbəkə əməliyyatlarını mənimsədiklərini sübut etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına verdiyi müsahibədə Vətən müharibəsindən, ordumuzun şücayətindən, düşmənin məkrli planlarından bəhs etmişdir.

Bir sözlə, müasir dünyada istənilən hərbi əməliyyatın uğurlu olması yalnız texniki təchizatdan deyil, həm də bilavasitə hərbi əməliyyatları müşayiət edən düşünülmüş və savadlı şəkildə qurulmuş informasiya kampaniyasından da asılıdır. Buna görə də, müasir müharibələrin informasiya komponenti texniki tərəflə eyni səviyyədə tutulur və informasiya üstünlüyü müasir müharibələrdə, eləcə də informasiya müharibəsində qələbənin mühüm şərtlərindən biri sayılır. Məhz Vətən müharibəsi dövründə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin həm cəbhədə Silahlı Qüvvələrimizə rəhbərlik etməsi, həm də diplomatiya və informasiya məkanında uğurla mübarizə apardığı hər kəsin gözü qarşısında idi.

İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması nəcib, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sıralarda dayanır. İnamla deyə bilərik ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Birinci vitse-prezident dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edərək yeniləşmə prosesinə sanballı töhfələr verir. Ali dövlət vəzifəsi Mehriban xanım Əliyevanın ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq arenada lazımınca təmsil etmək imkanlarını daha da genişləndirir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında ikitərəfli sənədlər imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. İki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq. "Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub". Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində də bildirmişdir.

Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Qarabağ Azərbaycandır!



Bəhram Şiriyev
276 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar