“Azərbaycan qlobal təşəbbüslər ölkəsidir”

10 Noyabr 2021 15:17    346 Baxış   
“Azərbaycan qlobal təşəbbüslər ölkəsidir”


4 noyabrda paytaxtımız Bakı şəhərində Vlll Qlobal Bakı Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda genişməzmunlu çıxış edərək, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyini bildirmişdir. Ölkə başçımız cənab İlham Əliyev forumdakı çıxışında qlobal əhəmiyyət kəsb edən məsələlərə toxunaraq, pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı kompleks tədbirlər görüldüyündən, ölkənin bütün resurslarınin vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildiyindən, virusun ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycanın koronavirusla mübarizəyə qətiyyətlə qoşulduğundan, ona qarşı ciddi tədbirlər görüldüyündən, lazımı tibbi ləvazimatların alınmasından danışaraq bütün bunları dünya ölkələrinin diqqətinə çatdırdı.

Qeyd etmək lazımdır ki, dünyada COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülüb, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həyata keçirilmişdir. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edilib. Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılıb. Görülən sistemil və uğurlu işlərin nəticəsidir ki, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə də təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də tibb işçilərinin peyvəndlənməsi ilə start verilib və sürətlə davam etdirilməkdədir. Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Hazırda vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir. Koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən, regionda buna ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Artıq yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu peyvənd olunmuşdur. Bununla belə, nəzərə alınmalıdır ki, yoluxma sayının və virusdan ölüm hallarının azalması, eləcə də xəstəliyi daha yüngül keçirmək üçün vaksinasiya mütləqdir.

Prezident cənab ilham Əliyev daha sonra tarixə qovuşan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bildirib ki, Azərbacyan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni özü yerinə yetirdi və işğalçı dövləti torpaqlarından çıxardı. Azərbaycan Ordusu düşmənin cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq, əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi silahlı qüvvələrimizin şanlı qələbəsi ilə nəticələndi və tarixi torpaqlarımız erməni işğalından təmizləndi.

Dövlət başçısı son olaraq, Vətən müharibəsində möhtəşəm Qələbəmizdən  sonra ölkəmiz üçün yeni dövr başladığını, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlandığını vurğulayaraq, Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çeviriləcəyini bildirdi.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, respublikamız qlobal məsələlərin həllində söz sahibi olan ölkəyə çevrilib. Bu tərəqqini şərtləndirən amillərdən biri də məhz Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətidir.

Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən dövlət başçısının müxtəlif kürsülərdən Azərbaycanı layiqincə təmsil etməsi ölkəmizin nüfuzunun artmasına, səbəb olur. 



Xatirə Xəlilova,
25 saylı şəhər poliklinikasının baş həkimi



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar