Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

05 Sentyabr 2020 10:15    917 Baxış   
Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları -  TƏHLİL
Türk Əməkdaşlığı Təşkilatı Rossiyada yaşayan türkdilli xalqların hüquqlarının müdafiəsi məsələsini nəzərdən keçirməlidir, çünki onların vəziyyəti Çindəki uyğurların halından elə də çox fərqlənmir

Ermənistanın son Tovuz təcavüzü ilə bağlı hadisələr, Kreml rəhbərliyinin regionda riyakar siyasət yürütdüyünü üzə çıxardı. Bizə sözdə “strateji partnyor” deyir, ölkəmizin ərazi bütövlüyünü guya tanıyır, əməldə isə işğalçı Ermənistanı gizli yollarla silahla təchiz edir. Təbii ki, bu ikiüzlü münasibət şimal qonşumuzun nüfuzuna ciddi xələl gətirməyə bilməzdi. Bəzi siyasi dairələrdə, hətta bu etibarsız, dostluğa xilaf çıxan Putin komandası ilə münasibətlərin əvvəlki, sıcaq tərzdə davam etməsinin artıq mümkün olmadığı fikrini gündəmə gətirdilər. Lakin məsələ elə də bəsit və sadə deyil...

Biz şimalda “Çin səddi” çəkib, öz qınımıza girmək siyasəti deyil, bu dövlətin çağdaş militarist - şovinist imperiya hikkəsini ifşa etməli, onun mənəvi normaları istədiyi vaxt poza bildiyini göstərməliyik. Ələlxüsus, federativ bu dövlətdə yaşayan türkdilli və müsəlman xalqların sıxışdırılması məsələsinə diqqət yetirməliyik.

Bu, çox vacib mövzudur, ancaq biz bu barədə düşünmürük, çünki Russiyanı federativ deyil, unitar dövlət kimi təsəvvür edirik. Bəlkə də bu səbəbdən, hətta dövlətin adı Azərbaycan dilinə düz tərcümə olunmayıb. “Rusiya Federasiyası” – deyirik, bu isə “Rusların federasiyası” (Русская Федерация) mənasını verir. Lakin həmin dövlət rəsmən “Рoссийская Демократическая Федеративная Республика” adlanır. “Rossiyskaya” və “russkaya” sözləri oxşar səslənsə də, mənaları tam fərqlidir. Belə ki, Rossiya yalnız ruslardan ibarət deyil, bu coğrafiyada qədimdən çoxsaylı türk xalqları kök salıb dövlətlər yaratmışlar.

Xəzərlər, Qıpçaqlar, Qızıl Ordu – Çingizilər imperiyası, Bulqar çarlığı (müasir Tatarstan), Başkordstan, Xakasiya türk elləri, Yakutlar, Qaraçaylar, Çərkəzlər, Kabardinlər, Bolkarlar, Dərbəndin, Xasavyurtun qədim azərbaycanlı məhəllələri və s. Aşağıda bunların (rus mənbələrindən) siyahısını təqdim edirik:

Татары - 6,8 млн. Татарстан (Россия) Ислам (суннизм), христианство (православие)
Башкиры 1,7 млн. Башкортостан (Россия) Ислам (суннизм)
Чуваши 1,5 млн. Чувашия (Россия) Христианство (православие)
Кумыки 520,2 тыс. Дагестан, Северная Осетия, Чечня (Россия) Ислам (суннизм)
Крымские татары 500 тыс. Ислам (суннизм)
Якуты 482,8 тыс. Якутия (Россия) Христианство (православие), шаманизм, тенгрианство
Карачаевцы 346 тыс. Карачаево-Черкесия (Россия) Ислам (суннизм)
Тувинцы 273,1 тыс. Тыва (Россия) Тибетский буддизм, шаманизм
Балкарцы 112,9 тыс. Кабардино-Балкария (Россия) Ислам (суннизм)
Ногайцы 110 тыс. Дагестан Карачаево-Черкесия (Россия) Ислам (суннизм)
Хакасы 75 тыс. Хакасия (Россия) Христианство (православие), шаманизм, тенгрианство
Алтайцы 70,8 тыс. Республика Алтай (Россия) Бурханизм, шаманизм, христианство
Халаджи 42 тыс. Ислам (шиизм)
Долганы 15 тыс. Таймырский район (Россия) Тенгрианство, (православие)
Хотоны 11 тыс. Ислам (суннизм), тибетский буддизм
Шорцы 8 тыс. Христианство (православие), тенгрианство, шаманизм
Сибирские татары 6 тыс. (210 тыс. в составе татар) Ислам (суннизм)
Караимы 2 тыс. Караимизм
Крымчаки 1 тыс. Иудаизм
Тофалары 800 чел. Шаманизм, христианство (православие)
Чулымцы 355 чел. Христианство (православие)

Siyahıdakı ilk 12 xalq muxtar respublika səlahiyyətinə malikdir. Maraqlıdır ki, bu respublikaların ümumi coğrafi ərazisi Rossiyanın böyük bir hissəsini təşkil edir. Bura milyonlarla kv. kilometr sahəsi olan tayqa meşələri, Altay diyarının səfalı dağları, Qafqazın bütün şimal ətəkləri, o cümlədən Avropanın ən yüksək zirvəsi Elbrus, minerallar xəzinəsi - Ural dağları, geniş çöllər, əzəmətli çaylar daxildir.

Yəni respublikalar zəngin yeraltı və yerüstü sərvətlərə malikdirlər. Bunlar bu xalqların ata-baba torpaqlarıdır, ancaq sahib olduqları bu sərvətlər aborigen xalqların rifahına xidmət etmir. Sovet dövründə də, bu gün də - Kreml aşkar müstəmləkəçilik siyasəti ilə bu torpaqların hüquqi sahibi olan türk dilli xalqları bariz şəkildə istismar edir.

Bu gün Rossiyada türkdilli xalqların ümumi sayı, təxminən 10.000.000 (on milyon) ətrafındadır, lakin rus imperiyası öz hakimiyyətini bu xalqlara “ərməğan edənə” qədər, şübhəsiz ki, onların sayı qat-qat çox olub, yoxsa bu qədər böyük ərazilər həmin türkdilli xalqlara aid olmazdı. Hətta orta əsrlərdə, Çingizilər imperiyasında (Batı, Mamay, Toxtamış... xanların dövründə) ruslar bir neçə əsr türk mənşəli xaqanların hakimiyyəti altında olmuşlar.

O dövrdə tikilən və bu günə kimi qalan möhtəşəm kilsələr, monastırlar, şəhərlər sübut edir ki, türk hökmdarları fəth etdikləri ruslara qarşı ədalətli və səxavətli olub. Onlar kilsə və monastırlara geniş torpaq sahələri bəxş edirdi, ruhanilər, kilsələr vergilərdən azad olunurdu, xristian dininə hörmətlə yanaşılırdı. Lakin tarix, dövran dəyişkəndir: XVII əsrdən başlayaraq hakimiyyət rusların əlində cəmləşdi. Türk soylular indi rus çarlarının tabeliyinə keçdi və bununla onların qara günləri, Amerika hindularının aqibətinə bənzər “məxmərisoy qırımı” dövrü başlandı...

Bu anti-türk siyasət davam etdirilir. Putin iqtidarı bu yaxında Rossiya Konstitusiyasına yeni əlavə və dəyişiklər etməklə, tərkibindəki muxtar respublika və vilayətlərin hüquqi səlahiyyətlərini daha da məhdudlaşdırıb. Ruslara isə xüsusi yeni təsnifat - “dövləti formalaşdıran xalq” statusu verilir bu sənəddə. Beləliklə ölkə Federasiya adını saxlasa da, əslində sərt unitar idarəçilik formasına keçir.

Bu gün artıq Türk Əməkdaşlığı Təşkilatı Rossiyada yaşayan türkdilli xalqların hüquqlarının müdafiəsi məsələsini nəzərdən keçirməlidir. Çünki onların vəziyyəti Çindəki uyğurların halından elə də çox fərqlənmir. Türk Əməkdaşlığı Təşkilatı problemlərlə bağlı müvafiq məsələləri, lazım gəldikdə, beynəlxalq ictimaiyyət səviyyəsində qaldırmalı, Rossiyada türkdilli xalqların və müsəlmanların haqlarının müdafiəsinə diqqətlə yanaşmalıdır. İqtisadi sahədə, türkdilli xalqların yaşadıqları regionlarda əhalinin rifahına hesablanan layihələr həyata keçirmək zəruridir.

Azərbaycan Rossiya Federativ Demokratik Respublikası ilə münasibətlərini məhz yuxarıda qeyd olunan səbəblərdən bir növ “komplimentar”, yəni yumşaq tərzdə qurur. Bu, heç də “rus xofu” ilə deyil, sadəcə şimalda yerləşən, türkdilli ellərə məxsus nəhəng ərazilərdə türk varisliyini itirməmək xətrinə aparılan diplomatik strategiya ilə bağlıdır.

Nəhayət, bizim Qafqazda təbii maraqlarımız var. Unutmayaq ki, XIX əsrin ortalarınacan ta qədimdən Qafqaz “Şimala və Cənuba” bölünmürdü, o, bütöv bir Qafqaz idi – vəssalam! Və bu coğrafiyada Azərbaycanın siyasi-iqtisadi və mədəni təsiri əsrlərlə dominant rol oynayıb. Rus şairləri, Y.M.Lermontov, Bestujev – Marlinski, Qafqazda (sürgündə) olarkən Azərbaycan dilini öyrəniblər, çünki (onlar yazır) Qafqaz xalqları üçün bu, ümumi ünsiyyət dilidir. İmperiya da bilirdi ki, regionun dini-mədəni mərkəzi Azərbaycanda cəmlənir və “Bütün Qafqazın Ruhani İdarəsi” – təsisatının məhz burada yaradılması heç də təsadüfi deyildi. Yeri gəlmişkən, Böyük Vətən Müharibəsi zamanı Alman faşist orduları Qafqaza hücuma keçdikdə, Dağıstana rəhbərlik etmək Azərbaycanlı Əziz Əliyevə həvalə olunub. Yerli xalqların sovet dövlətinə etibarını möhkəmlətmək üçün bunu edirdi Stalin.

Təhlükə sovuşandan sonra isə xəyanətkarlıqla mərd və fədakar Qafqaz xalqlarını kütləvi şəkildə yurdlarından sürgün etdirdi. Dağıstanlıları bu aqibətdən Ə.Əliyev o dövrdə müdafiə edə bildi və bu yaxınlarda bu şəxsə muxtar respublikanın mərkəzində möhtəşəm heykəl – abidə qoyulması qədirbilən xalqın münasibətini əks edir. Qeyd edək ki, Putin Rossiyasında bu asan olmayıb şübhəsiz (erməni faşistlərinə heykəllərin qoyulmasından fərqli olaraq!)

SSRİ dövründə Qafqazlardakı tariximizdən qalan mirasımızı bizə unutdurmağa çalışıblar. Təbrizdə, Ərdəbildə, İranda yaşayan Azərbaycan türklərinin “acı taleyindən” göz yaşları axıdan şeirlərin yazılması təqdir edilirdi. Ancaq Dərbəndin barəsində ayrılıq mövzusunu şairlər dilə gətirə bilməzdilər; bu, ya sürgün, ya da güllələnməklə nəticələnərdi.

Biz indi müstəqil dövlətik və öz haqlarımızın bərpası siyasətimizin ana xətlərindən birini təşkil edir. Putin iqtidarı da əbədi deyil, dünyada hər şey dəyişir, yeni vəziyyətlər və fürsətlər yaranır. Rossiya bizim üçün yad bir məkan deyil, bu ölkə ilə daha sıx əməkdaşlıq etmək bizim təbii marağımıza uyğundur, sadəcə gərəkdir ki, bu dövlətin rəhbərliyində oturanlar türklərə qarşı düşmənçilik yox, əksinə bizlərlə səmimi və qarşılıqlı maraqlara əsaslanan siyasət aparmağa meyl göstərsinlər.


İsmayıl Vəliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar