Azərbaycanın cənubunu təmənnasız tədqiq edən alim

07 Sentyabr 2020 21:29    495 Baxış   
Azərbaycanın cənubunu təmənnasız tədqiq edən alim
Əgər məndən soruşsalar ki, Bilal Alarlı kimdir, düşünmədən cavab verərəm: Cənubun ən məhsuldar tədqiqatçı alimi...

Həyatı rəngarəng olub; xoş günlər də yaşayıb, düz söz üstündə iztirablara sinə də gərib. Hətta sovet hökumətinə qarşı çıxdığına görə zindanda da yatıb. Amma heç zaman sarsılmayıb, həvəsdən düşməyib. Cənub bölgəsi ilə əlaqədar mükəmməl araşdırmaları var. Və bu araşdırmaların arxasında böyük zəhmət, dönməz iradə durur...

Sadə olduğu qədər də mürəkkəb adamdır. Sadədir ona görə ki, heç zaman təkəbbür göstərməz, təmtəraqdan uzaq qaçar, mürəkkəbdir ona görə ki, yalançılara, rüşvətxorlara, zalımlara qarşı amansızdır...

Səxavətli və qonaqpərvərdir. Evinə qonaq gəldisə, onun nazını çəkər, xidmətində dayanmaqdan zövq alar, yaşadığı Cəlilabad rayonunun görməli yerlərini gəzdirməkdən yorulmaz. Gedərkən qonağına öz əli ilə həyətyanı sahəsində əkib becərdiyi nemətlərdən pay verər...

Cənubluların ona borcu çoxdur. Şəxsi vəsaiti ilə tez-tez cənub rayonlarını gəzərək, müfəssəl tədqiqatlar aparıb. Bəli, onun öz hesabına nəşr etdirdiyi kitablar gələcək nəsillərə istinad yeri, elmi mənbələrdir...

Bilal Alarlı Allahın möcüzəsidir, ikinci həyatını yaşayır. On beş yaşında klinik ölüm keçirib. Onu ölmüş bilib, qəbrini də qazıblar. Amma komadan ayılandan sonra düz 40 il hər İlaxır çərşənbədə boş qalmış qəbrinin üstündə şam yandırıb. Sonra üç ali məktəb bitirib, aspiranturada oxuyub, dissertasiya müdafiə edib, 34 kitabın müəllifidir...

Sentyabrın 8-də Bilal Alarlının 62 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firavan həyat, yaradıcılıq uğurları arzulayıram.

Elman Eldaroğlu

Azərbaycanın cənubunu təmənnasız tədqiq edən alim


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar