Azərbaycanın Xocalı səsi və Türkiyə

24 Fevral 2021 13:07    551 Baxış   
Azərbaycanın Xocalı səsi və Türkiyə

Xocalı bölgədə stratejik əhəmiyyətə malik idi, nadir yeraltı və yerüstü sərvətlərlə zəngin idi. Bu səbəblərdən Xocalını işğal etmək işğalçı düşmən gücləri üçün hər zaman xüsusi maraq kəsb edirdi. Və sonda öz mənfur niyyətlərini həyata keçirməyə nail ola bildilər…


İllər sonra, 44 günlük II Qarabağ müharibəsində dövlətimizin qalib gəlməsi, 1992-ci il 26 fevralda törədilmiş “Xocalı” adlı yaramıza az da olsa, məlhəm oldu deyə bilərik.


Azərbaycan 30 il Xocalı və eləcə də, bütövlükdə Qarabağ mövzusunda ədalət uğrunda mübarizə apardı. Haqq səsini daim ucaltdı. Bu illər ərzində Azərbaycanın haqq mübarizəsində Türkiyənin bizə göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi olaraq qeyd etmək lazımdır; Biz Türkiyəni yalnız Türk dövləti olaraq deyil, hər zaman dəstəyiylə yanımızda olan, səsimizin dünya ölkələrinə çatması üçün bizimlə birlikdə çalışan qardaş dövlət olaraq gördük. Bu qardaşlıq münasibətini yalnız dövlətin rəsmi qərarlarında deyil, Türkiyə xalqının nümayəndələrinin addımlarında da nümayiş olundu. Və ən yaxın tarixdə baş verən II Qarabağ müharibəsində Türkiyə-Azərbaycan bir-birinə kilidlənən bir millət, iki dövlət oldu.

II Qarabağ müharibəsindəki Azərbaycan Ordusunun qələbəsi insanlarda böyük ümid yaratdı; Cəmi 44 gün ərzində Azərbaycan igidləri işğal altında qalan torpaqlarımızın çox hissəsini geri aldı. Bununla da, Azərbaycanda vətən, torpaq, şəhidlik və bayraq anlayışları dəyişdi. Tarixi qələbə Azərbaycanın güclü bir dövlət olaraq dünyada söz sahibinə çevrilməsində böyük rol oynadı. Azərbaycan xalqı ağı qaradan, yaxşını pisdən, dostu düşməndən seçməyi öyrəndi.

Bu gün əminliklə deyə bilərik ki, 1990-cı illərdəki Azərbaycan artıq yoxdur; O zaman ölkənin heç nəyi yox idi. Bu günsə Azərbaycanın qalib ordusu, bir yumruq ətrafında birləşə bilən güclü xalqı var!..

Buradan yola çıxaraq deyə bilərik ki, ilahi ədalət qarşısında bütün QARABAĞ cinayətkarları öz cəzalarını gec-tez alacaqlar. Necə ki, Azərbaycan Ordusu 44 gün ərzində mənfur qonşularımıza haqq etdiyi cəzanı verdi. Müzəffər Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi, Xocalı qatillərini də cəhənnəmə göndərdi. Nigaran qalan, qisas istəyən bütün şəhidlərimizin ruhu qələbəmizlə rahatlıq tapdı. 26 Fevralda qanla yazılan şanlı tarixə illər sonra Zəfər Günü əlavə olundu.

Son olaraq qeyd edim ki, biz harada olmağımızdan asılı olmayaraq, Azərbaycan tarixi həqiqətlərini indiyə qədər bir media nümayəndəsi olaraq əlimizdə olan bütün imkanlarla müxtəlif platformalarda dünya ictimaiyyətinə çatdırmağa çalışırdıqsa, bundan sonra bu vətəndaşlıq missiyamızı akademik səviyyədə davam etdircəyik; Elmi çalışmalar vasitəsiylə Azərbaycanın tarixində yaşananları unutmayacağız, unutdurmayacağıq!..

Şəhla Aslan, araşdırmaçı jurnalist, doktorant






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar