"Azərsu" rəhbərinin villaları, yediyi pullar mətbuatı bəzəyib - Hüquq mühafizə orqanları hara baxır?

03 Fevral 2021 23:42    1819 Baxış   
 "Azərsu" rəhbərinin villaları, yediyi pullar mətbuatı bəzəyib -  Hüquq mühafizə orqanları hara baxır?

Azərbaycan Respublikası CPM-nə görə KİV-in məlumatları da cinayət işinin başlanmasına səbəb verir.

Sabiq nazir Səlim Müslümov həbs edilib. Yazacaqlarım Səlim Müslümovla bağlı deyil, ümumidir. Mətbuatda Səlim Müslümov nazir olarkən saysız hesabsız yazılar dərc edilib. İndi adı açıqlanan şirkətlər hamısı zamanında mətbuatda işıq üzü görüb. Hüquq mühafizə orqanları bunları görmürdü?

Üç gün sonra (misal üçün) "Azərsu" rəhbərini bəlkə həbs edəcəklər, bu gün onun villaları, yediyi pullar mətbuatı bəzəyib, hüquq mühafizə orqanları hara baxır? Müharibədən əvvəl icra başçıları ovu keçirilirdi. Həbs olunan o icra başçılarının hamısı ilə bağlı onlarca fakt mətbuatda dərc edilmişdi. Biri barədə cinayət işi açılıb?

Mənə çox maraqlıdır, şəxsən elə bir faktla qarşılaşmamışam, biləniniz varsa, yazsın, hansı yazıdan sonra hüquq mühafizə orqanları cinayət işi başlayıb?

Hüquq mühafizə orqanları mətbuatda dərc edilən yazılarla bağlı cinayət işi başlamayıb, ancaq sosial şəbəkələrdə yayılan bəzi məsələlərə görə çoxlu sayda insan cəzalandırılıb, barələrində cinayət işləri açılıb. Götürək bu pandemiya dönəmini. Çoxlu sayda vətəndaş yeyib-içmək şəkli paylaşdığına görə cərimələnib. Ancaq bir məmurun cinayət törətməsi barədə fotolar, videolar yayılır, yazılar yazılır, ancaq səs yoxdur. Vətəndaşa gələndə hərəkət var, məmura gələndə hərəkətsizlik. Qanun hamı üçün eyni deyil?
İşğaldna azad edilmiş yerlərə gizli gedənlər cərimələnir, tanıdığım və tanımadığım çoxlu sayda insan məhkəmə qarşısına çıxardılır, ancaq işğaldan azad edilmiş yerlərdən mal-qara, taxıl, metal çıxarıb satan məmurlar cərimələnmir. Niyə?

Razıyam, burda mətbuatı ciddiyyə almamaq da var. Ancaq daha çox burda hüquq mühafizə orqanları ilə məmurların həşir-nəşir olmaları da var. Misal üçün icra başçısının çıxardığı mal-qaraya görə polis rəisi cinayət işi açsa, icra başçısı da çıxıb deyəcək ki, sən metal çıxaranda yaxşı idi, mən inək çıxaranda pis? İkisinin də əlində şantaj materialı var, ikisi də cinayət törətdiyini bilir, beləcə bir-birilərinin ayağını tapdalamırlar.

Əslində hansısa məmura qarşı cinayət işi açılanda heç təəccüblənmirəm. Çünki Azərbaycanda hər kəs hansı evin, villanın, şirkətin kimə məxsus olduğunu çox gözəl bilir. Bəzən qurumlar deyir ki, araşdırmaq lazımdır. Heç bir araşdırmaya gərək yoxdur, bir yerdə villa görün, həmin yerdə yaşayan adamlardan soruşun, sizə onun kimə məxsus olduğunu, nə qədər xərc çəkdiyini, daşını hansı ölkədən gətirdiyini də desin.

Azərbaycanda hüquq mühafizə orqanlarının hərəkət azadlığı vəzifəsiz vətəndaşlar və kiçik çaplı məmurlar üzərindədir. Böyüklərlə bağlı yalnız mesaj, göz vurma, hansısa bir əmr gəldikdən sonra hərəkətli ola bilirlər.

Səxavət Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar