Bakı YALAN və yalançıların tıxacından əziyyət çəkir...

11 Fevral 2021 17:53    1669 Baxış   
Bakı YALAN və yalançıların tıxacından əziyyət çəkir...

Səhər saat 4 olar, yuxu aparmır məni...Beynimdə müsahibə aldığım Sultan Cəfərov adlı qəhrəman hərbçimizin danışıqları əks-səda verir:

"Düşmən mövqeyində kürək-kürəyə verib sağ və sol cinahdan səngərə daxil olan ermənilərlə atışırıq...Sursatımız da qurtarmaq üzrədir. Cəmisi ehtiyat iki darağım qalmışdı. Geri çevrildim, baxışlarımız toqquşdu...Yaralımız və şəhidimiz də var idi. Bura ölümün bir addımlığı deyildi, ölümün özü idi...İfadə edə bilmirəm, bir tərəfdə yaralı, bir tərəfdə şəhid qardaşların var, geri çıxmaq olmaz, irəli getmək də ölümdü, sona qədər döyüşmək, bacardığın qədər düşməni məhv etmək, nə olursa olsun, sağ ələ keçməmək...Kömək gözləyirsən, 100 metrlik məsafədə qüvvə gəlib, amma sənin durduğun düşmən səngərinə girə bilmir. Hər yerdən atırlar, ətraf tüstüdü, hər yer cəhənnəmdi...Əmrahov Piriş var, xətrini çox istəyirdim. Bir yerdə döyüşürdük, yaşca məndən kiçikdi, istəmirdim başına bir iş gəlsin. Döyüş gedə-gedə baxırdım tez-tez onun tərəfinə, görüm sağdı, yoxsa yox. Sən demə, o da bunu hiss edirmiş. Döyüş daha da şiddətlənirdi. Qəfil silahım tutuldu birdən. Tanıyanlar bilir, ən etibarlı mənim silahım idi. O dəhşətli anın içində iki dəfə silahı sökdüm, yığdım, lənətə gələsən, silah yenə də atmadı, düşmənsə on metrliyimdədir..."



Qəfil zəng gəlir Bakıdan:

-Qardaş, yaşıl işığın yanır, bilirəm. Allah bilir xəyallarında hansısa səngərdə savaşırsan... Sabah saat 10-da Bakıda görüşə bilərikmi?

-Hə qardaş, yuxum qaçıb...Amma vacib görüşüm var. Bəlkə iki gün sonra görüşək? -deyə cavab verirəm...

-Yox, mümkünsə gəl. Çox vacibdi...

-Oldu qardaş, gəlirəm. Amma doğrusunu bilmək istəsən, Bakıya gəlmək istəmirəm. Yoruluram Bakıda.

-Niyə?

-Bakı YALAN və yalançıların tıxacından əziyyət çəkir...Amma gələrəm, - deyib səhər saat 4-də Bakıya istiqamət götürürəm...

Keçdiyim kəndlərdə adamların çoxu yatıb...Kimisi nənə laylasına, kimisi siyasi yalanlara qulaq asıb yatıb bəlkə də bu gecə...

Müharibənin bir addımlığında olan kəndlərdi buralar. Evlər qəmgin görünür, ağrısı-acısı olan insanlar kimi. Elə bil müharibə dəhşətləri bu kəndlərin canına, qanına, həyətlərə, hətta ağaclara sarılan fevral ayının özünə belə hopub... Öz kəndimiz yadıma düşdü. Adamı vahimələndirən gecələrin səssizliyi. Bizim kənddə adla deyilərdi gecələr dağlarda tək gəzən kişilərin adı. Uşaq həsədi aparardıq, adamı qorxudan gecələrin qaranlıq qəhrəmanlarını görəndə....

Maşında təkəm, kimsə yoxdur...Bəzi yerlərdə dumana düşürəm, təyyarədə buludlara düşən sərnişin kimi hiss edirəm özümü hərdən. Qəfil özüm-özümə sual verirəm:

"Niyə kəndin alaqaranlığı daha vahiməli, həm də yaddaqalan olur, paytaxtın alaqaranlığı isə, əksinə..."

Verdiyimn suala elə ani də cavab verirəm:

"Paytaxtın alaqaranlığı olmur...səmimiyyətin qaranlıqları olur daha çox, hətta alası da, qarası da..."

Aqil Alışov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar