Bakıdakı “şəfəq əməliyyatı” Türk polisi üçün də əla “dərs” oldu

10 İyun 2020 10:46    1305 Baxış   
Bakıdakı “şəfəq əməliyyatı” Türk polisi üçün də əla “dərs” oldu
Türkiyə çox geridə qalıbmış...

1. Əhalisinin sayı 60 milyon nəfər olan 31 vilayətdə, təxminən, 10 həftə axırında tətbiq edilən “Küçəyə çıxma yasağı”nda qeybə çəkilən Türk polisi öz işinin öhdəsindən qətiyyən gəlməyibmiş. Bakıdakı “şəfəq əməliyyatı” Türk polisi üçün də əla “dərs” oldu; əməliyyat planını belə yerinə yetirərlər...

2. 2015-ci ilin iyulundan başlayaraq,Türk polisi ölkənin Cənubi-Şərq bölgələrindəki şəhərlərdə PKK terror təşkilatının qazdığı və guya “xilas edilmiş bölgələr” vəziyyətinə gətirdiyi xəndəkləri yerlə bir etdi. Bakının bəzi mənzillərində də o xəndəklərdən qazıldığını öyrənən polisimiz “şəfəq əməliyyatı”yla o mənzillərə girərək buldozerlərlə xəndəkləri doldurdu, oralarda gizlənənləri paltarlarını geyməyə macal vermədən alıb apardı. Binanın qabağındakı kvadrat santimetrə böləndə o polislərin sayının Türkiyə xüsusi təyinatlılarının ümumi sayından çox olduğu ortaya çıxdı. Bu sahədə də Türkiyənin çox geridə qaldığına şahid olduq.

3. “Şəfəq əməliyyatı” göstərdi ki, Türk polisi qanlı terror təşkilatlarının üzvlərini yaxalayarkən onları haqq etdikləri şəkildə döyə bilmirmiş, qardaş ölkədən öyrənəcəyi çox şey var.

4. Nobel mükafatı laureatı Orhan Pamuk Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfrasında, “Dərya kənarındakı o şöhrətli məkan”dakı millət vəkili-yazar həmkarının “Polisə zibil atan atasına-qardaşına atır”- sözlərindəki hikməti jurnalistlərə izah edərkən özünün də gözləri yaşardı, media nümayəndələri də dəsmallarını çıxardılar. Nobel mükafatı laureatı Pamuk “1980-ci illərin ortalarından başlayaraq, mən də bütün əsərlərimi polis rəislərinin, prokurorların maddi dəstəyi ilə yazmışam. Bakıdakı həmkarımın sözləri indiyə qədər sirr kimi saxladığım bu həqiqəti artıq gizləyə bilməyəcəyimi şəxsən özümə göstərdi. Hətta Nobelin 1 milyon dollar miqdarındakı pul mükafatını da bank hesabıma polis və prokurorlar köçürmüşdü”- deyə həyatının ən mühüm sirrini də faş etmiş oldu. Bakı jurnalistlərinin “Yayın istisində bizi qalın mundirdə, dəmir dəbilqədə qoruyan polislərə güldən ağır söz deməyə heç kimin haqqı ola bilməz”- sözləri isə Məclisin sessiyasında alqışlandı. Sorosun adamlarından olan millət vəkili Garo Paylan ““Şəfəq əməliyyatı”nın keçirildiyi yer mənim seçki bölgəm deyil”- sözləriylə yeni başladığı siyasət həyatının ilk böyük manevrini reallaşdırdı. O manevrin şəxsən özümə heç bir isti-soyuğu yoxdur. Bunu bilək, şəxsimə qarşı hücumları da bu reallığın işığında təşkil edək.

5. Kənardan müşahidələrimi Türk polisinin fəaliyyətiylə müqayisə edəndə (bunu peşəm tələb edir) Türkiyə Daxili İşlər nazirinin aprelin 10-dakı istefasının qəbul edilməməsinə çox təəssüflənir, bu yarıtmaz fəaliyyətinə görə onun bir an əvvəl məsuliyyətli davranaraq istefa verməsini tələb edirəm. Yeni nazir ölkəmizdə keçiriləcək növbəti “şəfəq əməliyyatı”nda təcrübə qazanması ən üçün oraya, ən az, 1 polk polis göndərməlidir. Bu tələbimi ürəkdən dəstəkləyəcəyini bildiyimə görə, elə indidən deyirəm ki, bağır, Fazil Küleyni...

Bütün mənzillərə “şəfəq əməliyyatı” diləməyi şəxsən özümə borc bilirəm...

Mayis Əlizadə, Türkiyə, özəl olaraq Dominant.az üçün


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar