Bakını bu kökə salan oğruları cəzalandırmağa da Türkiyənin dronlarını köməyə çağırmalıyıq...

25 Fevral 2021 01:15    2082 Baxış   
Bakını bu kökə salan oğruları cəzalandırmağa da Türkiyənin dronlarını köməyə çağırmalıyıq...

Qədimlərdə insanlar Allahın onlara qəzəbinin tutub-tutmadığını təbiət hadisələriylə müəyyənləşdirərdilər. Yağış, qar, külək, çovğun, tufan, quraqlıq, zəlzələ, daşqınlar Allahın insan əməlinə münasibətini ifadə edən ən yaxşı dəlillər sayılardı. Təbiət hadisəsi fəlakət gətirərdisə - cəza, bərəkət gətirərdisə - mükafat olaraq qiymətləndirilərdi...

Bu gün paytaxt Bakıya yağan qar da hər işdə Allahın hikmətini axtaranlar üçün eyni, ancaq ikili mahiyyətlidir. Bunda günahsızlar üçün mükafat, günahkarlar üçünsə fəlakət və cəza var!

İllər uzunu qar görməyən məsum körpələrimiz, uşaqlarımız, yolxucu xəstəliklərin yayılmasından əziyyət çəkənlərimiz üçün bu qar sevinc və təsəlli mənbəyidirsə, paytaxt Bakını belə situasiyalara hazırlıqsız duruma salan zırramalar, yaramazlar üçün də əsl fəlakət və cəzadır!
Biz bu qarın paytaxt Bakını bu kökə salanlara hansı cəzanı yaşadacağını hələ bir neçə gün sonra – qar əriyəndə, küçələri sel-su basanda daha yaxşı görə biləcəyik! Üstünü örtdükləri, yerin altında gizlətdikləri bütün çirkli işlərini, əməllərinin nəticəsini Allah bircə hadisəylə vurub, bax, beləcə üzə çıxaracaq, aşkarlayacaq, hər kəsə göstərəcək!

Hökumətin Bakıya cavabdeh adamları var ki, son 25 ildə neftdən ölkəyə gələn gəlir qədər də paytaxt torpaqlarını qarış-qarış satmaqdan, tikinti sərəncamlarından, tikintisi qadağan olunmuş yerlərə tikinti aparmaq üçün qeyri-rəsmi icazələrin verilməsindən gəlir əldə ediblər! Hara gəldi - satıblar, harda gəldi - obyekt, bina tikiblər!

İndi tıxaclardan nəfəslərimizin kəsildiyi, söyüş-qarğışların ərşə yüksəldiyi yolların eni-boyu daraldıqca, onların şəxsi büdcələri şişib, sərvətləri artıb; hər su, kanalizasiya borusunun diametri kiçildikcə, onların boynu və qarnı yoğunlayıb, vəzifə pillələrində irəliləyiblər; hər körpü, tunel, qovşaq tikildikcə onların ölkədə və ölkədən kənarda villalarının, ticarət obyektlərinin, hər gözəgəlim binalardakı mənzillərinin sayı çoxalıb; oğurladıqları, ölkədən çıxardıqları milyonların miqdarı milyardlarla əvəzlənib; qabiliyyətsiz uşaqlarının eyş-işrət məclisləri ölkələrdən artıq uzaq okean adalarına daşınıb və s...

Görəsən, paytaxtımızı təbiət hadisələrindən qorumağa və onu bu kökə salan oğruları cəzalandırmağa da mütləq qardaş Türkiyəni, onun dronlarını köməyə çağırmalıyıq?!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar