Bakıya qarşı sanksiya çağırışını Vaşinqton rədd etdi

10 Martt 2023 11:49    4475 Baxış   
Bakıya qarşı sanksiya çağırışını Vaşinqton rədd etdi

ABŞ-ın Qafqaz üzrə “canişini” Laçın yolun ilə əlaqədar Azərbaycana qarşı sanksiyalar ideyasını rədd edib; analitik: “Vaşinqton İrəvana çatdırdı ki...”
ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar baş müşaviri Luis Bono Laçın yolunda yaranmış vəziyyətlə əlaqədar Azərbaycana qarşı sanksiyalar ideyasını rədd edib. “Yeni Müsavat” yazır ki, bunu özü “Azatutyun” TV-yə müsahibəsində vurğulayıb. Sitat: “İndi sanksiyaların vaxtı deyil. Mən hər iki tərəflə işləmək, onları sülhə aparmağa gəlmişəm. Sanksiyalar əks məhsuldar olacaq. Hazırda bu, heç nəzərdən keçirilmir”.

Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bugünlərdə Almaniyaya səfərindən sonra erməni mediasında, sosial şəbəkələrdə, ekspert dairələrində Qarabağda qalan ermənilərlə bağlı bəzi cəfəng fikirlər səslənməyə başlamışdı. Belə ki, ermənilər Almaniyanın kansleri Olaf Şoltsun Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tutan dinc həllinə tərəfdar olmasına dair açıqlama verdiyini iddia edərək, bunu az qala toy-bayram kimi qeyd edirdilər.  Sonradan məlum oldu ki, əslində Şoltsun dedikləri təhrif edilib, alman hökumətinin internet saytında Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetmə hüququ barədə heç bir söz yoxdur. Almaniya hökumətinin nümayəndəsi Volfqanq Buşer alman kanslerinin ifadəsini düzəltmişdi.

Ermənilər etiraf edir ki, ABŞ-ın dəstəyi ilə Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Digər müstəvilərdə də uğurlu əməkdaşlıq Ermənistanın Azərbaycana qarşı sanksiya və digər təzyiq rıçaqlarından istifadəsini əngəlləyir. Göründüyü kimi, Vaşinqton sanksiya çağırışını rədd edir, Almaniya hökuməti kanslerin çıxışına əl gəzdirir, bir sözlə, İrəvan Bakıya qarşı iş görmək üçün hara əl atırsa, puça çıxır. Bəs ABŞ-ın və Almaniyanın bu yanaşması nədən xəbər verir? Onlar sülh yolunda lazımsız əngəllər yaratmaq istəmirlər, yoxsa enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa görə Bakı ilə əlaqələri korlamaq niyyətində deyillər? Yaxud Ermənistana görə Azərbaycanla pis olmağı seçmirlər?



Arzuxan Əlizadə 

“Yeni Müsavat”ın sualını cavablandıran AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, Azərbaycan bu regionda ABŞ və Qərb ölkələri üçün ən etibarlı tərəfdaşdır. Partiya sədrinin sözlərinə görə, iqtisadi cəhətdən, enerji maraqları baxımdan Qərb dünyası üçün çox əhəmiyyətli bir ölkəyik: “Azərbaycan enerji təhlükəsizliyində Avropanın bir parçasına çevrilməkdədir. Qərb yaxşı başa düşür ki, Azərbaycan Qarabağ mövzusunda, Laçın yolu ilə bağlı məsələdə tam haqlıdır, onun tələbləri beynəlxalq hüquqa əsaslanır. Yəni beynəlxalq təşkilatlar tərəfindən tanınan suveren ərazilərimiz üçün mübarizə aparır. Ona görə dünya ərazi bütövlüyümüzü tanıdığı halda, suveren ərazilərimizdə apardığımız fəaliyyətə görə Azərbaycana sanksiya tətbiq etmək özü absurd, haqsızlıq və Qərbin öz dəyərlərinə, beynəlxalq hüquqa qarşı çıxması olardı. Eyni zamanda Avropa İttifaqı, Qərb dövlətləri, eləcə də Birləşmiş Ştatlar Azərbaycanla əlaqələri pozmaq istəmirlər. Bəli, ermənilərdən maşa kimi istifadə edilir, amma Azərbaycanla əlaqələri korlamamaq siyasəti yürüdülür”. A.Əlizadənin fikrincə, Bono tərəfindən sərgilənən belə mövqe ilə Qərb və ABŞ regionda nüfuzunu itirməməyə çalışır: “Ona görə həm ABŞ-ın Qafqaz üzrə müşavirinin, həm Almaniya hökumətinin öz saytında belə mövqedən çıxış etməsi başadüşüləndir. Həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Laçın yolu ilə bağlı Bakını dəstəklədi, nəinki sanksiya tətbiqi mövzusunu gündəmə gətirdi. Üstəlik, bunun əksini söyləmək Cənubi Qafqazda mövqe yarışmasında imkanları əldən vermək olar. Bu halda Rusiyanın bölgədə təsirlərinin artmasına gətirib çıxaracaq, Qərbin bölgədəki mövqelərini zəiflədəcək. ABŞ və Avropa Birliyi ölkələri bunu yaxşı anlayırlar. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmalıdır. Son təxribatlar da göstərdi ki, ermənilər alternativ yollarla, gizli şəkildə silah daşımağa cəhd edirlər. Azərbaycan suveren ərazilərində bunun qarşısını alırsa, bizə hansı məntiqlə sanksiya qoyula bilər?”



Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib. Analitikin fikrincə, Bono birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətindədir: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür. Vaşinqton Bononun dili ilə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var. Bu, Moskva, Brüssel və Vaşinqtondur. İki ildir danışıqlar müxtəlif formatlarda gedir, nəticə yoxdur. Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib. Əsasən tərəfsiz vasitəçilər münaqişələrin həllində önəmli rol oynayırlar. Misal üçün, Serbiya ilə Kosovo arasında gərginlik illərdir davam edir. Birbaşa təmaslar nəticə verməyib. Bu ikisi arasında əsas iki vasitəçi - Vaşinqton və Brüssel var. Hazırda həm Kosovo, həm Serbiya Avropa İttifaqının həll planına razılaşmaq ərəfəsindədir. Barış olarsa, hər ikisinin Avropa İttifaqına üzvlüyü reallaşacaq”. E.Şahinoğlu buna baxmayaraq, düşünür ki, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun zərəri də yoxdur: “Hər iki tərəf daimi işçi qrup formalaşdıra bilər və həmin qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilər. Bunun ümumi nəticəyə müsbət təsiri ola bilər”.

Bundan əlavə, politoloq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın müsahibəsində xeyli mətləbə toxunduğunu, onlardan ikisini vurğulamağı zəruri hesab edir: “Birincisi, Avropa İttifaqının təmsilçisi Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bildirib: "Biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir". Bono da Bakıda İlham Əliyevlə görüşdən sonra təxminən eyni fikri söyləmişdi. Başqa sözlə, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış postunun yaradılmasına Brüssel və Vaşinqton etiraz etmir, bunu Azərbaycanın təbii hüququ sayırlar. İkincisi, Avropa İttifaqının təmsilçisi “Qafqazdakı proseslə bağlı Rusiya rəsmiləri ilə təmasınız varmı” sualına müsbət cavab verib: “Mənim bir neçə həftə əvvəl Rusiyanın nazir müavini Qaluzinlə telefon danışığım olub, Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşmüşəm, hətta 2022-ci ilin sentyabrında Moskvada olmuşam, bu barədə də müzakirələr aparmışam. Yəni təmaslar var”. Klaarın bu cavabı niyə diqqətimi çəkib? Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov və onun danışmanı Mariya Zaxarova dayanmadan “Avropa İttifaqı Cənubi Qafqazda müəmmalı fəaliyyətlə məşğuldur”, “Brüssel bölgədə Rusiyanı sıxışdırmaq istəyir” kimi fikirlər səsləndirirlər. Halbuki Klaarın sözlərindən anlaşılır ki, Avropa İttifaqı Ukraynaya qarşı işğalçı müharibə aparmasına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında vasitəçiliyi ilə bağlı Moskvanı mütəmadi məlumatlandırır. Lavrov və Zaxarova isə bu vaxta qədər Brüsselin bu məsələ ilə bağlı onlarla təmaslarına dair bir cümlə işlətməyiblər".  (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar