Bələdiyyələrin dayanıqlı inkişafı diqqət mərkəzindədir

24 İyul 2021 14:57    2476 Baxış   
Bələdiyyələrin dayanıqlı inkişafı diqqət mərkəzindədir

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, o cümlədən onların səlahiyyətləri genişləndirilir, maliyyə vəziyyəti yaxşılaşdırılır.

Həmçinin bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə səmərəli inzibati nəzarət həyata keçirilir, aşkar olunan xarakterik pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə zəruri tədbirlər, o cümlədən metodoloji kömək göstərilir.

Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə görülən tədbirlər (icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, debitor və kreditor borcların həlli, pul tələblərinə dair icrası məcburi aktların qəbulu, bələdiyyə müəssisələrinin yaradılması, bələdiyyə əmlakından səmərəli istifadə edilməsi və s.) və bu sahədə aparılan metodoloji iş müsbət nəticə verməkdədir. Aparılan metodiki köməklik nəticəsində ilkin mərhələdə 702 icarə müqaviləsi üzrə bələdiyyələrə (Şirvan, Bərdə, Göyçay regional ədliyyə idarələrinin yurisdiksiyası) ödənilən icarə haqqının məbləği 2,5 dəfə artıb, habelə 350 min manata yaxın torpaq icarə haqqı borcunun yerli büdcələrə (Xaçmaz regional ədliyyə idarəsinin yurisdiksiyası) ödənilməsi təmin edilib.

Cari ildə yerli büdcə gəlirlərinin artırılması istiqamətində pilot bələdiyyələrin iş təcrübəsinin öyrənilməsi məqsədilə təbliğat işləri aparılır, çoxsaylı seminar-müşavirələr təşkil olunur.

İyulun 23-də bu sahədə görülmüş işlərin müsbət nəticələri ilə bağlı Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı bələdiyyələri üçün keçirilmiş videoformatda müşavirədə bələdiyyələrə müxtəlif istiqamətlər üzrə qanunvericiliyin tələbləri izah edilib, bir sıra tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, Bakı bələdiyyələri ilə aparılan mütəmadi profilaktik iş nəticəsində yerli vergi və ödəniş ödəyicilərinin uçotunun dəqiq aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsinə, pul tələblərinə dair inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsinə diqqət artırılıb. Bu sahədə Nəsimi və Binəqədi bələdiyyələrinin müsbət iş təcrübəsi qeyd olunub.

Bakı şəhərində bələdiyyələr üzrə ümumilikdə uçota götürülən torpaq və əmlak vergisi obyektlərinin sayı 22% çoxalıb, həmin vergilərdən daxil olmalarda cari ildə 1,9 milyon manata yaxın artım müşahidə olunub. Həmçinin bələdiyyələr üzrə pul tələblərinə dair qəbul edilmiş inzibati aktların icrası təmin edilərək 170 min manata yaxın vəsait yerli büdcələrə ödənilib.

Hazırda pilot bələdiyyələrin müsbət iş təcrübəsinin ölkə üzrə bələdiyyələrdə tətbiq edilməsi istiqamətində işlər davam etdirilir.

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlər bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım məqsədi daşıyır və onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, bununla da qanunvericiliklə onlara verilmiş səlahiyyətlərinin icrasına, o cümlədən yerli əhəmiyyətli məsələlərin həllində daha operativ və səmərəli iştirakına, nəticədə yerli özünüidarəetmə orqanlarına ictimai etimadın güclənməsinə xidmət edir.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar