Bir daşın sevgisi - Fuad Qəhrəmanlı yazır

19 Oktyabr 2021 13:38    4354 Baxış   
Bir daşın sevgisi -  Fuad Qəhrəmanlı yazır

Milyon illərin daşı olub, dünyanın yaşıdı olub, insandan öncə gəlib, insanın gözü önündə parçalanmaq varmış qismətində. Daş qayaya rast gələndə gücsüz qalır deyiblər, sən daşın qismətində boy atıb kos-koca ağaca çevrilən bir körpə fidana yenilmək varmış.

Axı, sən daş idin, səni bunca zəif, gücsüz salan bir səbəb olmasa, bir ağac qarşısında yenilməzdin sən?
Yalnız böyük sevgi bir daş qəlbi belə parçalayıb içindən keçə, yaranışdan möhkəm olan fitrəti çatladıb özünə yol aça bilərmiş.

O zaman sənin möhkəm daş varlığını parçalayaraq fəda etdiyin, öz içində böyüdüb, öz daş əllərinlə, bərk vücudunla hər tərəfdən sarıb sarmaladığın, qarşısında təslim olduğun bu ağac, sadəcə bir ağac deyilmiş, sevdiyin imiş sənin.

Bu dünyada daşın da bir sevgisi varmış sən demə. Bəs sevgisiz insanlara daş qəlbli deyirlər insanlar. Demək ki, yanlış imiş, daşlar da sevə bilirmiş. Hətta sevəndə kövrəkləşib bölünürmüşlər də.

O zaman səni parçalanmış sayanlar yanılırmış. Sən öz daş vücudundan keçirdiyin, yol verdiyin bir ağacla bütünləşmisən, daş qəlbi yaran sevginin vüsalını hər an duymaqdan da məmnunmuşsan.

Bəlkə də səsiz duruşun da aldadıcıdır. İçindən keçirdiyin sevilignlə içdən pıçıldaşmanı duymayanlar üçün sən belə daş kimi səssiz görünürsən.

Ancaq bu dünya da fanidir. Sən daş olaraq ölümsüz olsan da, bağlandığın bu sevgili ağacın ömrü sənlə sonadək getməyə yetməyəcək. O zaman, həm içindən açılan bu yarığn, yaranın sızıltısı , həm bölünmüşlüyün, parçalanmanın bütövlük həsrəti, həm də səni əbədi olaraq tərk etmiş sevgili ağacının kabus kimi canına daraşan, daş qəlbini didib parçalayan həsrət dolu nisgilli xatirələri daş susqunluğunu, sükutunu pozacaq. Səni tərk etmiş bu ağacdan geri qalan isə içdən bölünmüşlüyün olacaq. Küləklər bu yarıqdan keçib vıyıldadıqca bu sənə hər gün öz içindən ucalan lənət harayı kimi gələcək, beləcə lənətlənmiş bir ömrün əzab yükü altında daş vücudun əzab çəkəcək, küləklə içinə dolan zamanın toz zərrəcikləri yarana duz kimi səpiləcək.

Bəlkə o zaman sən də bu yükü çəkə bilməyib dağılacaq, param - parça olub insanların yolunun üstünə tökülmüş daş parçalarına çevriləcəksən. Səni yol üstündə durub böyük olduğun zamanların əzəmətli anlarını, şahidlik etdiyin milyon illik olayları, sevgi dolu keçmişini, içindən boy atan sevgili ağacının gözəlliyini, daşıya bilmədiyun üçün səni kiçildib ayaqlar altına salan dərdini anlatmaq istərkən, insanlar da səni götürüb etinasıcasına bir kənara atacaqlar. Rahat yol axtaran heç bir insanın ağlına da gəlməyəcək ki, bu daşlardan birinin daşı da belə parçalayan sevgi hekayəsi var imiş. O zaman param parça olmuş, yollara, düzlər dağılmış halınla bir yağış həsrəti duyacaqsan. İstəyəcəksən ki, sən də yağan yağışa qoşulub üstünə düşən damlaları göz yaşına çevirib öz halına ağlayarsan...

Fuad Qəhrəmanlı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar