“Bizim rusa gücümüz çatmaz, rus Mayk Taysondur” kimi sərsəmləmələr milli birliyə xələl gətirəcək

15 Noyabr 2020 21:41    2279 Baxış   
“Bizim rusa gücümüz çatmaz, rus Mayk Taysondur” kimi sərsəmləmələr milli birliyə xələl gətirəcək

Mayk Taysonu udan Duqlas - Dünyada yenilməyən güc yoxdur

​Atəşkəs müqaviləsinin şərtlərinə görə, bu gün Azərbaycan bayrağı Kəlbəcərdə dalğalanacaqdı. Amma rəsmi şəkildə bildirildi ki, daha 10 gün gözləməli olacağıq. Zatən iynə üstündə oturmuş insanlarımız daha da rahatsız olmağa başladılar. Mənim bu məsələdəki prinsipial mövqeyim bəllidir, həm efirlərdə, həm yazılarımda, həm YÜKSƏLİŞ Partiyasının qurucuları ilə müzakirələrdə dekabrın 2-dək gözləməyi uyğun görür, həm Azərbaycanın, həm də Türkiyənin masadakı fəaliyyətində əllərinin güclü olması üçün milli, siyasi həmrəyliyi qorumağın ən vacib amil olduğunu düşünürəm.

Azərbaycan dövləti cümhuriyyəti bərpa edəndən sonra hazırda özünün ən həlledici mərhələsinə qədəm qoyub.

Son 49 gündə nə baş verdi?

Tarixə qızıl hərflərlə yazılacaq Milli birlik və Milli duruş reallaşdı. Prezident arxasında onu dəstəkləyən bir Xalq, ​Xalq isə ona güvənən bir Dövlət başçısı hiss etdi. İş o yerə çatdı ki, Ali Baş Komandanın efirdən müraciətini xalq az qala bayram kimi qəbul edirdi.

Bu Milli birlik və Milli duruşun sayəsində Müzəffər Ordumuz xəyalları gerçəkləşdirib, bir hərb möcüzəsi​ yaratdı və Azərbaycan xalqına son 200 ildə yaşamadığı ən xoşbəxt günlərini yaşatdı.

Bu​ günlərdə arxamızda qardaş dəstəyini real şəkildə hiss etdik və Türkiyə - Azərbaycan münasibətləri​ özünün zirvə nöqtəsinə yüksəldi. Türkiyənin bütün yüksək çinli məmurları Ankara və Bakını bir nəfəs qədər bir-birinə yaxın etdilər,​ real dəstək göstərdilər.

Bir çox dost dövləti sözdə yox, əməldə yanımızda gördük. Pakistan, İsrail, Ukrayna, Böyük Britaniya kimi dövlətlər isə açıq-aşkar tərəf göstərdi.
Sonda qaranlıq məqamları ilə bərabər, bir çox üstünlüklərimizi təsdiq edən atəşkəs Bəyanatı imzalandı. Rusiya işin içinə girdi və gözlənildiyi kimi, Azərbaycan cəmiyyətində​ işğalçı təəssüratı yaratdı. Azərbaycan xalqına qarşı 200 ildə Rusiyanın yaşatdığı faciələri nəzərə alsaq, bu təəssürat, açıq nigaranlıq və narahatlıq anlaşılandı. Xalqın​ bütün bu narahatlığının fonunda üzücü tərəf Milli birliyin sarsılması üçün aparılan fəaliyyətdir.​

Milli birliyi sarsıdan amillər hansılardır:

1) Rusiyanın məsələni bitmiş kimi durmadan təbliğ etməsi, Rusiya yetkililərinin durmadan Azərbaycan cəmiyyətini qıcıq edən bəyanatlar verməsi, Araiklə görüşdən tutmuş Humanitar Mərkəzi yaratmağa qədər özbaşına və razılaşdırılmamış addımlar atması.

2) Azərbaycan cəmiyyətini qıcıq edən yerli rus maşalarının yersiz müsahibələri, sanki cəmiyyəti rus ətalətinə çağırırmış kimi təbliğatın işə düşməsi.

Təsəvvür edin, keçmiş Müdafiə naziri Səfər Əbiyev Rusiyanı Mayk Taysona,​ bizi onun bir yumruğu ilə yerə səriləcək dostuna bənzədir. Ardınca qeyd edir ki, əgər dostum Mayk Taysondan qorxursa,​ biz də Rusiyadan qorxaq.​ Əbiyevə xatırladım ki, uzun zamandır, təqaüdçüdür, evdə oturur, arada bir internetdə​ gəzişsə, Mayk Taysonu neçə nəfərin döydüyünü görəcək. Birini mən deyim​ - Ceyms "Baster" Duglas.

Ümumiyyətlə isə döyülə bilməyən və yenilməyən tək Tanrıdır, cənab keçmiş nazir.​

Xatırladım ki, hələ 30 il öncə o Rusiyanın qurduğu nəhəng Sovet imperiyasını​ ABŞ və Avropa dışdan, Azərbaycan, Gürcüstan və s. respublikaların xalqları içəridən yıxdı - Əbiyev demişkən, "döydü". Bu zaman ayının bizə çəkdirdiyi var idisə, çəkdiyi də oldu. İmperiya dağıldı.

Əlbəttə, “Şimal ayısı” hələ də kifayət qədər güclüdür və yenə burnunu torpağımıza, əlini qanımıza soxmaqdan çəkinmir. Özü bir tərəfə, Qafqazda cinayət aləti kimi isfifadə etdiyi erməniləri də uzun müddət it kimi üstümüzə qısqırtdı.

Biz itini qovduq, indi özü gəldi - amma gərək nə özü, nə buradakı maşaları unutmaya - biz o “yiyə”ni bir kərə ən gücsüz vaxtımızda​ qovmuşuq, qansız-qadasız.​ Uzaq tarix deyil - 1993- cü il.

Yəni, bir kərə qovulan düşmən, bir daha qovular məntiqi ilə baxsaq, ikinci dəfə də 2012- ci ildə də Qəbələ RLS-dən çıxarıldılar.

Ancaq yazımın məqsədi Rusiya deyil, heç Türkiyə - Azərbaycan münasibətlərinin sürətlə inkişafı da deyil. Halbuki Türk​iyə hərbi bazalarının ölkəmizdə yaranması artıq şərtdir. Təhlükəsizlik naminə, gələcək hüzurumuz naminə, Rusiyasız Qafqaz naminə.

Amma hələ ki, ​Rusiya Qafqazdadır və Azərbaycan ərazisindədir. Düzdür, hələ heç nə bitməyib, Türkiyə var gücü ilə bu hadisəni minimum effektə endirməyə çalışır və inanırıq ki, gücü çatacaq. Sadəcə təmkinlə və ayıqlıqla gözləyək.

Amma biz xalqı təmkinlə gözləməyə, dövlətin diplomatik üzünün apardığı çətin və gərgin danışıqları dəstəkləməyə səslədiyimiz zamanlarda “Rus güclüdür, biz Xankəndinə yaxşı ki, girmədik, bizim rusa gücümüz çatmaz, rus Mayk Taysondur” və s. kimi sərsəmləmələr ancaq və ancaq Milli birliyə və Milli duruşa xələl gətirəcək faktorlardır.

Sözdə Dövlət başçısının addımlarını tərifləmək, əməldə​ altdan rus maşalarının gizli işlərini həyata keçirmək…

Gözü- qulağı başqa dövlətdə olan deputatı da, siyasətçisi də, jurnalisti də, məmuru da Prezident haqqında tərif deyir. Buna gərək varmı? Bu xalq sizin sözünüzdən iyrənir, sizin fikrinizlə dəstəkləmir dövlət başçısını. Bu gün bu xalq öz Prezidentini kifayət qədər dəstəkləyir,​ başa düşür və minnətdarlığını da dilə gətirir ki, məhz onun fədakar əməyi nəticəsində Azərbaycan Ordusu bu qədər qısa zamanda torpaqlarımızı azad etdi.

İki ay öncə bunun ancaq möcüzə olduğunu düşünürdü.

Bu möcüzələr yaradılarkən siz nə etdiniz? Dövlətə yararlı hansı ictimai-ideoloji fikrin yayılmasında xidmətləriniz oldu?

Amma Rusiya bura gələn kimi başladılar dövlət mövqeyi sərgiləyən aydınlara "Səlib "internet" yürüşünə". Təzə seçilən deputatların əksəriyyəti isə lap biabırçılıqdır.

Və bu durum bir daha isbat edir ki, Azərbaycanın tam qələbəsi təkcə torpaq azad etməklə deyil, həm də bu "tula" zehniyyətindən qurtulması ilə olacaq.

Bu qədər şəhidin qanı var, adamlar Rusiyanın və Putinin imzasının bizə təminat olmasından danışırlar.

Nə ideoloji baza var, nə tarix bilgiləri var, nə dünya siyasətin bilirlər. Bildikləri bir şey var yaltaqlıq, və alver.

Siz hər zaman xalqla hakimiyyətin arasına girib, özünüzü Prezidentə sadiq və itaətli kimi göstərməyə çalışdınız. Ancaq keçən ildən bura başlayan sürətli islahatlar, Hikmət Hacıyev kimi yeni məmur tipi və ən əsası, müharibə zamanı yumruq kimi birləşib Ali Baş Komandanına dəstək olan xalq faktoru sizin dövrünüzün bitdiyini göstərir.

Bu gün masada siyasi, diplomatik dirəniş davam edir. Rus buraya girib, amma biz ona rahatlıq verməyəcəyik. Rusun burada ağına-bozuna baxmadan at oynatmasına yol verilməyəcək.​
Özünüzü boşuna yorub, “rus güclüdür, rusla dost olaq, düşmən olacaq gücdə deyilik“, - deməyin.

Rusun dostu erməniləri necə ayaq altda qoyduğunu da gördük. Hərbi bazasının yerləşdiyi Ermənistanda hər gün yeni qanlı çevriliş edir. Qeyri-stabillyi saxlamağa meyillidir. Ermənistan iqtisadiyyatı faktiki olaraq çökür və Rusiyadan heç bir, dəstək görmür. Bu gün rus 27 il öncə bizdən alıb verdiyi Kəlbəcərdən ermənini it kimi qovur. Erməni ağzını açıb rusa “sən məni satdın” – demək istəyərkən, rus ona "çağıraram Azərbaycanı, səni yer üzündən silər, gəlib səni qurtardım” – deyə şantaj edir. Bax, ayının dostluğu bu qədərdir. Ayı ilə dost olunmaz.​

Bəli, bu gün Xankəndinə girə bilmədik, halbuki girəcəyində idik. Xocalı və s. torpaqlarımızda hələ erməni və rusa dözməliyik. Amma müvəqqəti.

Biz qalibik. Bu, inkaredilməz faktdır. Biz daha böyük zəfərlərin astanasındayıq.

Vaxt gələndə itin yiyəsini də göndərəcəyik. Önəmli olan Milli birliyi və Milli duruşu qorumaqdır!

Amma bütün bunları etmək üçün isə bir daha təkrarlayıram ki, "tula" zehniyyətindən qurtulmalı, qərəzssiz şəkildə sorğulayan, ədalətli tənqid edən, ideoloji cəhətdən hazırlıqlı bir cəmiyyət formalaşdırmalıyıq.

Anar Əsədli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar