“Böyüyəndə səni almağa gələcəm, məni gözlə” - Qar Qızın xatirləri

20 Dekabr 2021 15:34    5120 Baxış   
“Böyüyəndə səni almağa gələcəm, məni gözlə” -  Qar Qızın xatirləri

Yeni ilə sayılı günlər qalıb. Artıq şəhərimizin mərkəz küçələrində, eyni zamanda böyük alış- veriş mərkəzlərində Yeni ilin rəmzi olan yolkalar qurulub. Bu günü isə uşaqlar səbirsizliklə gözləyirlər. Yeni il ərəfəsində isə mədəniyyət ocaqlarımzda uşaqlar üçün şənliklər təşkil edilir. Belə şənliklərdə isə uşaqların Şaxta baba və Qar qızdan müxtəlif istəkləri olur.

Mədəniyyət ocaqlarımızda Qar qızı obrazlarını canlandıran aktrisalarımız bayram günləri başlarına gələn hadisələri Moderator.az-a danışdılar.

Tanınmış aktrisa Günel Məmmədova uzun müddət bundan öncə Qar qız obrazını canlandırdığını və indi o günləri xoş xatirələrlə yad etdiyini bildirdi:

“Qar qız obrazını sevə-sevə canlandırmışam. Ən çox da Qar qızı buna görə sevirəm. Belə şənliklərdə uşaqlar mənə yaxınlaşıb, Qar qızı çoxdan gözlədiklərini və ondan hədiyyə istədiklərini bildirirdilər. Uşaqlarda özümə qarşı kobudluq görməmişəm. Əksinə, onlar hər dəfə mənə yaxınlaşıb, öz məhəbbətlərini bildirir, məni öpmək istədiklərini deyirdilər”.

Aktrisa bu bayramda başına gələn maraqlı hadisədən də danışdı. Bildirdi ki, “Madaqaskar” tamaşasından öncə foyedə Qar qız kimi çıxış edən Günel uşaqlarla şənlənib, əylənərkən bir uşağın onu müntəzəm izlədiyinin şahidi olur. Şənlik zamanı Qar qıza yaxınlaşıb ona sözü olduğunu deyən uşaq, onu kənara çəkib ürək sözlərini bildirib: “Mən böyüyəndə səni almağa gələcəm, məni gözlə”.

Aktrisa gözləmədiyi sualı eşitdikdə onu gülmək tutub. Cavabında bildirib ki, “sən böyüyənə kimi səni gözləyəcəm, heç kimlə evlənməyəcəm”. Bütün şənlik boyu həmin uşaq daima Qar qızı digər uşaqlardan qoruyub, ona mühafizəçilik edib.

Gənc aktrisa Səbinə Məmmədova isə Qar qız obrazının onun üçün əziz olduğunu deyib:

“Qar qız obrazını canlandıranda uşaqlar sevinclə bizə yaxınlaşıb, onları qucağıma almağımı istəyirdilər. Uşaqların sayı çox, mən isə tək idim. Şənliyin sonunda belim ağrıdığı üçün uşağın birini qucağıma ala bilmədim, o isə məndən küsdü. Bütün uşaqları qucağa almaq olmur. Uşaq tamaşalarında, eləcə də Qar qız obrazını canlandıranda uşaqlar tərəfindən məktublar aldım. Fotolarımı çərçivəyə salıb mənə hədiyyə etmişdilər. Bundan başqa, uşaqlar mənə məktublar yazırdı. Yeni il şənliyində uşaqlar daha çox Şaxta babaya maraq göstərirlər. Qar qızı qız uşaqları daha çox istəyirlər”.

Aktrisa Gülnarə Əzizova Qar qız obrazını yaradarkən başına gələn maraqlı hadisələrdən danışarkən bu obrazın özəlliyindən də bəhs etdi:
“Bir neçə il öncə Qar qız olduğum şənliyin biletlərində və afişalarında Qar qız libasında şəklimi dizayn etmişdilər. Öz rəsmimi harada görürdümsə məni gülümsəmə tuturdu. Elə bu şəkillər vasitəsilə bir ildən sonra məhz Türkiyədə istirahət edərkən maraqlı bir olayla rastlaşdım. İstirahət zamanı yayda Antalyada günəşlənərkən gözləmədiyim halda bir nəfər yaxınlaşıb məni tanıdığını söylədi. Bildirdi ki, mən Musiqili Teatrın Qar qızıyam. Hətta istirahət edərkən belə məni Qar qız obrazımdan tanıdılar”.

Aktrisa uşaqların hələ də Qar qıza inandıqlarını bildirdi: “Uşaqlarla işləmək mənə çox rahatdır. Onlara nə desən, inanırlar. Bəzi uşaqlar Şaxta babadan qorxsalar da, ancaq indiyə kimi mənə qarşı kobud davranan, paltarımı dartana rast gəlməmişəm. Mənim partnyorlarım olan Şaxta babalar isə hörmət etdiyim aktyorlarımız olub. Belə ki, həmişə fəxr etmişəm ki, peşəkar aktyorlarla çalışmışam. Onların yanında təcrübə yığmaq mənim üçün böyük fəxrdir".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar