Britaniya səfiri BAMF-ın Tərtər Regonal ofisini ziyarət etdi

01 Dekabr 2021 17:52    1627 Baxış   
Britaniya səfiri BAMF-ın Tərtər Regonal ofisini ziyarət etdi


Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər rayonunda yerləşən regional ofisini ziyarət edib.

Bu barədə məlumat verən BAMF-ın Prezidenti Umud Mirzəyev bildirib ki, səfərin əsas məqsədi Britaniya səfirinin regionda həyata keçirilən inkişaf layihələri ilə, eləcə də ANAMA-nın və onun partnyorlarının fəaliyyəti ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində cənab səfir Ceyms Layl Şarp regionda uzun illərdir fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının və Böyük Britaniyanın “RPS Energy Limited” şirkətinin fəaliyyəti ilə yaxından maraqlanıb.

BAMF-ın Regional Peşə Təlim Mərkəzində qurumun Prezidenti Umud Mirzəyev qonaqlara təşkilatın regionda gördüyü işlər, media, təhsil, icmaların inkişafı, əhalinin rifahının artırılması və digər sahələr üzrə həyata keçirdiyi layihələr, xüsusilə Mina Təhlükəsizliyi çərçivəsində icra etdiyi proqramlar haqqında ətraflı məlumat verib. Ceyms Şarp təşkilatın regional ofisini ziyarət edən qonaqların, həyata keçirilən layihələrin, görüşlərin əks olunduğu fotostendlə tanış olub.

Öz növbəsində, BAMF-ın İcma Mina Aksiyası komandasının əməliyyat meneceri Şahin Allahverdiyev komandanın formalaşması, fəaliyyəti və ANAMA-nın tapşırığı ilə həyata keçirilən təmizləmə əməliyyatları haqqında geniş məlumat verib.


Ziyarət zamanı səfirə BAMF-ın təşkilatçılığı ilə həyata keçirilən və hal-hazırda davam edən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi ilə bağlı məlumat verilib. Ceyms Şarp layihə koordinatoru, regional koordinatorlar və təlimatçı ilə görüşüb. Regional ofisdə baş tutan görüşdə təlimatçı Musa Cəlalov layihənin həyata keçirilməsi üçün Avropa İttifaqının, UNİCEF-in dəstəyini qeyd edib və təlimlər haqqında danışıb.

Daha sonra mina təmizləmə işlərinin aparıldığı sahədə real əməliyyatlarla tanış olan səfirə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Ceym Şarp RPS şirkətinin minaaxtaran dron komandasının fəaliyyəti ilə tanış olduqdan sonra aşkarlanan minaların partladılması və zərərsizləşdirilməsi prosesinə də şahidlik edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar