“Bütün dünya səsini qaldırmalı, Fransanın müstəmləkəçiliyini tənqid etməlidir” – ŞƏRH 

08 Avqust 2023 19:39    6066 Baxış   
“Bütün dünya səsini qaldırmalı, Fransanın müstəmləkəçiliyini tənqid etməlidir” – ŞƏRH 

“Fransa parlamentinin bir qrup deputatının öz prezidentinə olan müraciəti əslində uzun müddət rəsmi Parisin Afrika ölkələrinə qarşı olan münasibətinin nümunəsi kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O xatırladıb ki, Fransa uzun müddət Afrika xalqlarının istilasını həyata keçirib, müstəmləkəçilik siyasəti nəticəsində bu xalqları indiyə qədər öz nəzarətində saxlayıb:

“Fransa Afrika ölkələrinin bütün təbii sərvətini tamamilə daşıyıb, talan edib. Eyni zamanda bu ərazilərdə fransız dilini və fransız tarixini inkişaf etdirməklə yerli xalqların dil və ədəbiyyatına, tarixinə zərbə vurub. Nəticədə, Afrika xalqları üçün öz dillərində danışmaq aşağı səviyyə, fransız dilində danışmaq, fransız dilində təhsil almaq daha yüksək bir səviyyə sayılmaqdadır. Bütün bunlar Fransa dövlətinin indiyə qədər apardığı siyasətin nəticəsindədir.

Biz Afrika xalqlarının tarixinə baxanda görürük ki, qətliamlarla, soyqırım hadisələri ilə doludur. Bu hadisələrin iştirakçısı, təşkilatçısı Fransa dövləti tərəfindən aparılmış siyasətdir. Bu siyasət ona hesablanıb ki, Afrika xalqları inkişaf etməməlidir, xalqların milli azadlıq hərəkatı yerindəcə boğulmalıdır. Afrikalılar indiyə qədər Fransanın müstəmləkəsi altında yaşayıblarsa, bundan sonra da belə davam etməlidir. Amma fransızlar da başa düşməlidir ki, artıq dünyada başqa bir siyasət həyata keçirilir. Xalqlar öz azadlıqlarını müdafiə etməyə və azadlıq uğrunda mübarizəyə qalxmalıdırlar.

Fransız deputatların müraciəti əslində göstərir ki, Fransa əvvəlki siyasətini davam etdirmək istəyir. Afrika xalqları isə müstəmləkəçilikdən azad olmağın yolunu tapmalı, beynəlxalq təşkilatlara müraciət etməli, beynəlxalq məhkəmələrə üz tutmalıdırlar. Fransanın indiyə qədər Afrika xalqlarına göstərdiyi zülmü, istilanı bütün dünyaya çatdırmaq vacibdir”.


Deputat hesab edir ki, sülhsevərlər, qeyri-hökumət təşkilatları, insan hüquq və azadlıqlarından danışan və bunu önə çəkən qurumlar, dünyaca nüfuzlu siyasətçilər, fəallar Afrika xalqlarının səsinə səs verməlidir:
“Afrikalılar Fransa tərəfindən pozulan hüquqlarını tələb etməli, aparılan bu çirkin siyasətin qarşısının alınması ilə bağlı öz fikirlərini ifadə etməlidirlər. Beynəlxalq hüququn tələbləri ondan ibarətdir ki, hər bir insan, hər bir xalq öz azadlığını, öz istiqlaliyyətini əldə etməlidir. Məhz Fransanın atdığı bu addımlar beynəlxalq hüquqa ziddir.

Bütün dünyanın səsini qaldırması, Fransanın bu istilaçı siyasətinə, bu müstəmləkə addımlarına tənqidlə yanaşması vacibdir. Afrika xalqları da digər xalqlar kimi öz azadlıqlarını, hüquq bərabərliyini təmin etməlidirlər”.

Qeyd edək ki, Fransa Senatının sədrinin müavini Rocer Karuçi, Senatda “Respublikaçılar” siyasi qrupunun rəhbəri Bruno Retalyö, Senatın Müdafiə və xarici məsələlər komissiyasının sədri Kristian Kambon prezident Emmanuel Makrona müraciət ediblər.

Onların məktubuna ümumilikdə parlamentin 94 üzvü imza atıb. Müraciətdə “Fransafrik” (Fransa-Afrika siyasəti) dövrünün bitməyə doğru getməsindən məyusluq ifadə edilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar