Cənnətdən gələn nəğmə səsi

03 Dekabr 2020 09:59    964 Baxış   
Cənnətdən gələn nəğmə səsi

Düz 40 gündür içimdə oxunan nəğmə üçün yazdım... Xudayar üçün...

Sən nəğmə idin. Oxundun… Sonra ani bir uçuşla qalxdın səmalara. Buludların tərkində əbədi yolçuluğun başladı. Hər bulud ağlayanda bir ovuc nəğmə çiləndi bu yurda. Bir ovuc sevgi çiləndi. Buludların maviliyində əridin. Gümüşü işığında not-not olub səpildin səmadan...

Sən sevgi idin, əsgər. Sevgini nəğmə kimi oxudun. Günlərin bir günündə. Soyuq səngərlərin buz kimi torpaq üzü bu nəğmə ilə isindi. Nəğmən hopdu yerin canına. Xoşhallandı. Əridi... Xumarlandı torpaq.

Sonra həmin o nəğmə burula-burula dağ başından duman kimi endi üstümüzə… Bütün Azərbaycanı bu nəğmə silkələdi, yellədi, yüyrüdü .. Bütün xalqa oxundu… Bütün xalq oxudu… İlahi bu nə səs?! - dedi. İlahi, mələklərmi oxudu, biz bilmədik… Torpaq bu nəğmədən elə bir huzur tapdı ki, illərin ağrısını qovdu canından… İllərin xıltını, hisini, pasını tökdü… Gözlərini zillədi nəğmə dolu üzünə... Və səni aldı ağuşuna. Dedi səni günahlarla dolu bu yer üzünə buraxa bilmərəm. Dedi hər addımda bir günahın qollarına verməm səni. Səni nəğmələrin səltənətinə uçuracam, oğul. Durulanmış, arınmış, yağışlarla suya çəkilmiş, günəşlə nura bələnmiş Göylərimə aparacam, əbədi dirilik əta edib, əbədi huzura qovuşduracam səni. Sən oxuduğun Yer nəğməsi deyil, oğul. Sən oxuduğun Göy nəğməsidir…

O səngərdən havalanan nəğmə havalandırdı hamını. Hamımız o nəğmənin notlarının ardınca düşdük. Hamımız Yerdən ayrıldıq. Havalanmış kimi bütün günü zümzümə etdik:

Şair, sorma Vətən nədən yaxşıdır…

Nədən yaxşıdır Vətən?! Nədən?! Sinəsinə məlhəm kimi süzülən nəğmədənmi… Dağ çiçəklərinin ətri vardı nəfəsində, əsgər. Çöl küləklərinin kükrəməsi vardı. Sənin oxuduğun nəğmədə cənnət həvəsi vardı. Cənnətə tələsənlərin yolüstü zümzüməsiydi bu, bəlkə də. Nəğmə deyildi ki… Yer üzündən bir günəş şəfəqilə burula-burula göyüzünə qalxan qızılgül ətri vardı nəğməndə, əsgər. Kim dedi ki, oxu… Rəbbmi?! Omu dedi… Mərmi səslərindən bezən, insanlığı yaratdığından təəssüflənən uca Rəbbmi?! Dedi oxu, Xudayar, oxu ölümün üzünə oxu… Qoy utansın. Tək özünün yox, bütün ölümlərin üzünə oxu… Bütün silahların səsini batır zümzümənlə. Dodaqlarında titrəyən təbəssümündən qat nəğmənə, ruhunun Vətən sevgisindən əlavə et, oxu…

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında duman göründü.

Könüllər cəzb edən bu xoş mənzərə,
Şövqümü artırdı şeirə, qəzələ.
Çarpdıqca vətənim, əlim nəzərə,
Təbiət də mənə heyrən göründü.

Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır.
Vahid, sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.

Nə Əliağa Vahid, nə də Əlibaba Məmmədov bilməzdilər ki, illərdir yerdə oxunan nəğmənin səsi qəfil cənnətin özündən gələcək… Qəfil qanadlanacaq bu nəğmə, Xudayarın dilindən süzülüb bu yurdun bütün analarının, qızlarının qəlbinə axacaq. Sanki bu gün yaranmış kimi… Heç vaxt oxunmamış kimi… Qəfildən enəcək qəlblərə. Özü ilə təbəssüm və işıq dolu bir sima gəzdirəcək. Və Yaradan onun şəhadətinə qərar verəcək…

Sevinc Nuruqızı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar