Cərimələnmək istəmirsinizsə, çıxıb avtobusların banında hərəkət edin

10 Sentyabr 2020 13:22    414 Baxış   
Cərimələnmək istəmirsinizsə, çıxıb avtobusların banında hərəkət edin
Həə, DYP vətəndaşlara XƏBƏRDALIQ edir. Əvvəlcə rəsmi mətni diqqətlə oxumanızı rica edirəm.

Deyilir:

"Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir.

Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yolxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə BDYPİ bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorumması naminə, habelə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün MÜTLƏQ qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər".

Yəni ki, bizdən söyləməsi, əziz vətəndaşlar. Baxmayın ki, Bakı şəhərində sosial məsafə bir kənara qalsın, heç olmasa, ət-ətə dəymədən qoşa ayaq üstə normal dura biləcəyin avtobus tapmaq, qaranlıqda qara asfaltın üstündə iynə axtarmaq kimi bir şeydir. Xüsusən də hələ o iynəni ora atan olmayıbsa, amma siz ya o iynəni tapmalısınız, ya da yenə də tapmalısınız. Əks halda İXM o iynəni sizə tapdıracaq, özü də necə lazımdır...

"Sıxlıqdır, avtobus tapmırıq, saatlarla yollarda qalırıq, hamı qəzəbdən az qalır bir-birinin ətini yesin" - kimi arqumentləriniz başa düşülən olsa da, keçərli deyil. Biz sizləri avtobusla təmin edən deyilik. Cərimələnmək istəmirsinizsə, çıxın avtobusların banında hərəkət edin. Bizim işimiz maska taxmayanı cərmələməkdən ibarətdir. Biz öz işimizi görürük.

"Avtobusda sıxlıqdır, çoxunda kondisionerlər işləmir, tər iyindən, ağız iyindən adamın nəfəsi kəsilir, maska ilə durmaq olmur" - kimi bütün arqumentləriniz də eyni qaydada, qəbul edilən ancaq keçərsizdir. Biz xəbərdarlığımızı etdik, anlayış göstərmənizi, hələki, xahiş edirik...

P.S. Bir maraqlı şey müşahidə etmişəm. Deməli, polislər bir yana qalsın, mülki geyimdə olan bəzi əndrəbadi baxışlı oğlanlar var ki, (bəlkə qızlar da var, sadəcə diqqət çəkməyib, onu bilmirəm) üzlərində "alçaq dağları mən yaratmışam" ifadəsi ilə quzu balası kimi dayanırlar dayanacaqların arxasında, avtobus yaxınlaşanda minənlərin və düşənlərin şəkillərini çəkirlər və yaxınlaşan polisə göstərirlər.

Sonra hansısa sərnişin saxlanılır, mübahisə qopur, yerindəcə cərimələnir və beləcə həm yoluxma risqinin aradan qaldırılmasını təmin edilir, həm də o "qaqaşlar" "nasıl da başardım, rəis" baxışı ilə sinə dolusu nəfəs alırlar. Elə bil evakuatora yağlı müştəri göstərən, sonra da yaxınlaşıb "qardaş aparııım?" deyən taksi sürücülərinin daha müasir standartlara cavab verən versiyalarıdır.

Ay analar, ay atalar, belə oğul (qız) böyütmək üçün onun beşiyi başında nə oxumusunuz, nə yedizdib-içizdirmisiniz bu neçə illər?

P.S.S. Nəysə ki, baxın görün neynirsiz...

Əzizə İsmayılova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar