Dəmir yumruğun yaratdığı yeni reallıqlar

04 Martt 2021 15:15    2762 Baxış   
Dəmir yumruğun yaratdığı yeni reallıqlar

Ermənistanla Azərbaycan rəsmi sülh müqaviləsi bağlamayıb. Bizim aramızda diplomatik münasibətlər yoxdur. Ayrı-ayrı beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olsaq da, öz aramızda birbaşa münasibətlər qurulmayıb. Bunun da tək səbəbi Ermənistanın bitib-tükənməyən siyasi, hərbi təxribatlarıdır.

Əlbəttə, enində-sonunda barış andlaşması olacaq. Əlbəttə, bununçün Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan birmənalı şəkildə əl çəkməlidir. Ermənistan əlbəttə, terroru dəstəkləyən dövlət modundan çıxmalıdır. Ehtiyacı olduğundan qat-qat artıq silahlanmadan imtina etməlidir Ermənistan. Ermənistan əhalisinin ac-yalavac qalması hesabına, başqalarından dilənmək hesabına boyunu aşan iddialar, çürük ideyalar üçün pul xərcləməməli, para toplamamalıdır. Ermənistan dövləti, cəmiyyəti, dünya erməliyi bütün diqqət-qayğısını birgəyaşayış üzrə düzgün maariflənməyə, sülh mədəniyyətinə yönəltməlidir. Nicat yolu budur, xilas yolu budur!

Bizim birgəyaşayış mədəniyyətimiz ermənilərə artıqlaması ilə yetər. Bizim torpaqlarda qurduqları (yaxud onlarçün qurulmuş) uğursuz dövlətdə özləri monoetnik yapı təsis etdikləri üçün elə zənn edirlər ki başqaları da belədir. Bu yalandan da betər yalan “tezis”dən imtina etmək ermənilərin ümumən Qafqazlarda mövcudluğu üçün şərt ola bilər.
Azərbaycan Prezidentinin 26 fevralda – Xocalı soyqırımın 29-cu ildönümündə keçirdiyi mətbuat konfransında birgəyaşayış mövzusunda da suallar oldu və cənab Prezident xalqımızın xarakterinə, dövlətimizin ləyaqətinə uyğun cavablarla əsl mənzərəini dünya ictimai fikrinə bir daha çatdırdı.

Bu fikirləri ən yığcam şəklə salsaq, xatırlatmaq yetərli olar ki Xocalı soyqırımı kimi bəşəriyyətin üzqarası erməni vəhşətindən sonrakı illərdə belə 30 min erməninin Bakıda, digər şəhər-rayonlarımızda yaşamasına müsaidə etmiş xalqıq. Təsəvvür edin, işğalçı ölkənin Müdafiə nazirinin bacısı o gün-bu gün Kürdəmirdə yaşayır... Ermənistanda əsir-girovlar xaric bir nəfər azərbaycanlının mövcudluğunu təsəvvür edə bilərsizmi? Yəni erməni cəmiyyəti öz dini rituallarınca tövbə etməksə də, siyasi-hüquqi öhdəlik götürməksə də, üzərində nəzarət mexanizminə vadar olmaqsa da... illa islah olmalı, nicatı uzaqdan yox, ən yaxınlarından təmənna etməli, qonşularından örnək almalıdır... dünya erməniliyi, erməniyanlılar, ilk növbədə bizim torpaqlarda yaşama davam etməkdə qərarlı olan ermənilər bilməlidir:
“Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. ...Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir”...

Demək ki, davamlı sülh ümumbəşəri sosial-siyasi dəyər kimi erməni ictimai fikri tərəfindən qavranılmalı, idrak edilməli, ona istinad edilməli, ona uyğun davranılmalıdır. Əks təqdirdə nələrin olduğunu anlamqçün dahi olmağa ehtiyac yoxdur. Əslində, erməni ictimai fikri düzgün qidalanmağa açıq olsa, şəxsən Azərbaycan dövlət başçısının humanist, xeyirxah fikirlər toplusu ilə tanışlıq onları qəflət yuxusundan ayılmaq, düzgün yola gəlməkçün düsturdur, reseptdir. “Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. ...Prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir”.

İndi İrəvan başda olmaqla, Ermənistan çalxalanır. İqtidar-müxalifət qarşıdurması, ideoloji bürüncəkli siyasi-hərbi hərisliklər və s. uğursuz, məğlub dövləti sözün bütün mənalarında aclıqdan qurtarmağa qabil deyil. Ermənistan əhalisini dolandıra bilməyən hökumət, üstəlik, bir də bizim torpaqlarda yaşayan ermənilərimi dolanışacaqla təmin edəcək? Digər yandan Ermənistanın ehtiyaclarının Qarabağın təbii sərvətləri hesabına təmini dövrü bitmiş, o dəftər qapanmışdır. İndi yeni reallıqlar mövcuddur. Azərbaycan Dəmir Yumruğunun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalı, barışmalıdır. Çıxış yolu budur. Çıxış yolu, qapanmaqda deyil, inteqrasiyadadır, kommunikasiyaların qurulması, açılması və işləməsindədir. – İqtidarlı-müxalifətlə ermənilər bu sadə həqiqəti nə qədər tez anlasalar o qədər yaxşıdır. – “Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir”.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva, millət vəkili

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar