Dialoq xəyanət deyil

09 Sentyabr 2020 15:03    537 Baxış   
Dialoq xəyanət deyil
Dialoq xəyanət deyil

Bir neçə gündür siyasi gündəmin əsas mövzularından biri də ölkə Prezidentinin yeni qeydiyyata alınmış partiyalara təbrik məktubunun müzakirəsidir. Cəmiyyətimizdə baş alıb gedən aqressiyanın yüksələn xətt üzrə artması barədə dəfələrlə yazılarımızda həyəcan təbili çalmışıq. Təvazökarlıqdan uzaq olsa da qeyd edək ki, belə getsə, nəinki hakimiyyət-müxalifət dialoqunun baş tutmayacağını, hətta buna doğru atılan hər hansı bir addımın da daş-qalaq ediləcəyini hər yazıda vurğulayırdıq.

Buyurun, baxın - dövlət başçısı yeni qeydə alınmış partiyaları təbrik etdi və dərhal həmin partiyalar müxalifət düşərgəsində xəyanətkar elan olunaraq nişangaha çevrildilər. Niyə? Çünki uzun müddətdir, ölkədə siyasi dözümsüzlük hökm sürüb. Müxalifət liderlərinə qarşı siyasi həbslər, anti-propoqanda və s. aqressiv xətt yürüdülüb. Tofiq Yaqublu həbsinin rəzalətinin ortadan qalxmadığını, alt paltarı altından çıxan biabırçı mandatların yenidən parlamentə daxil ola bildiyini də vurğulasaq, mənzərə ilk baxışdan heç ürəkaçan görünmür... Bu şəraitdə “söyüş müxalifəti” elə əlaltdan bəzi keçmiş iqtidar nümayəndələrinin dəstəyi ilə revanş qazandı. “Bizi əzirlər, biz də söyək” kimi əlacsızlıqdan və siyasi tərbiyəsizlikdən doğan qəbuledilməz xətt, təəssüf ki, cəmiyyət tərəfindən xoş qarşılandı. Bu məsələnin müsbət qarşılanmasında hakimiyyətin suçu daha çoxdur. Məişət səviyyəsində qarşılıqlı əxlaqsızlıqda ittihamlar ölkəni yavaş-yavaş xaosa götürürdü. Bütün çatışmazlığa, hələ də mövcud siyasi həbslərə rəğmən, biz yenə də dialoqa doğru atılmış kövrək addımları dəstəklədik. Prezident köməkçisi Hikmət Hacıyevin onlayn görüşdə müxalif QHT sədrləri də daxil olmaqla, hər kəslə dialoqa girməsi və dinləməsi, Prezident aparatından Ədalət Vəliyevin qeydə alınmış partiyaları qəbul etməsi və Prezidentin məktubunu siyasi partiyalara təqdim etməsi siyasi münasibətlər sisteminin dialoqa keçid dövrü kimi qiymətləndirilə bilər.
Doğrusu, bütün neqativ reaksiyaların səbəbini başa düşsəm də, amma dəstəkləmirəm.

Axı bu yol həm bizi, həm də cəmiyyəti yıpradır.

Siyasi münasibətlər sisteminin əsas mahiyyəti dialoqdan keçir. Dialoqa doğru hər bir addım təqdir olunmalıdır. Ayrı-seçkilik qoyulmadan hər bir siyasi qüvvə danışığa çağırılmalıdır. Partiyaların qərargah və maddi dəstəyi dövlət tərəfindən rəsmən təmin olunmalıdır ki, sonradan “cib müxalifəti” formalaşmasın.

30 illik dövlətin möhkəmlənməsi demokratiyadan keçdiyi kimi demokratik institutlar da danışıqlar və müzakirələr əsasında formalaşır.

Bütün hallarda söyüş və aqressiya adekvat addımlar doğurur. Bilirəm, savaşı müxalifət başlatmadı, amma bunu davam etdirmək də gərəksiz fəaliyyətdir. Bəzən bu aqresiya müxalifət partiyalarının bir-birinə münasibətində qarşılıqlı ittihamlar şəklində ortaya çıxır. Hakimiyyətə işləyir, hakimiyyətə satıldı - ifadələri siyasi münasibətlər sisteminin qeyri-adekvat formalaşmasının nəticəsidir.

Xəyanətdən deyil, daha sağlam rəqabətdən söhbət açsaq və yaşıl işığa tərəf loyal şəkildə dönsək, demokratik Azərbaycanın təməlini qoymuş olarıq!

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar