Dilavər müəllimin şapkası və ya "şapkası" düşmüş Azərbaycan elmi

13 Martt 2021 22:00    6728 Baxış   
Dilavər müəllimin şapkası və ya  "şapkası" düşmüş Azərbaycan elmi

Bir neçə gün əvvəl məşhur alimimiz Dilavər müəllimin ölüm xəbəri ilə cəmiyyətin hələ də canlı qalan qismi dərin sarsıntı keçirdi. Azərbaycan elmi üçün ağır itki idi Dilavər müəllimin ölümü. Alimlər bir cəmiyyətin mayakı, yol göstərəni, keçmişi, indisi və nəhayət gələcəyidir. Alimsiz bir cəmiyyət gözləri kor insan, rotasını itirmiş gəmi deməkdir. Məhz buna görə də “alim öldü, aləm öldü” deyiblər bizdən əvvəlkilər.

Ölüm haqqında

Ölüm insanla yoldaşdır. Elə insan da ölümü ilə birlikdə gəlir, onunla da birlikdə gedir bu keçici dünyadan. Qayda-qanun belədir əzəldən. Ölümə kimsə qalib gələ bilməyib. Sevmədiyimiz bu ölüm hamıdan, hər kəsdən və hər şeydən güclüdür. Bunu qeydsiz-şərtsiz qəbul edirik. Bəli insan ölümlü varlıqdır. Ölüm də qorxulacaq qədər pis bir şey deyildir. Əksinə ölüm insana, onun çarəsizliyinə bir dərmandır. Xatırlayıram uzun illər əvvəl çox gənc bir yaxınımızın amansız xəstəlik xərçəngdən qurtulması üçün çox dua etmiş, sağalmadığını və çox əziyyət çəkdiyini görüncə “qurtulması” üçün də dua etmişdim. Çünki bu durumda “qurtulmaq” çətin də olsa, hamı üçün rahatlıqdır.

COVID-19

Hardasa bir ildən çoxdur ki, bütün dünyada COVID-19 adlı bir bəla dolaşır. Bu elə bir bəladır ki, sirlərini bəlkə də çox uzun illər sonra öyrənəcəyik. İndi isə bəşəriyyət, tarixinin ən çətin və ən acınacaqlı dövrünü yaşayır. Marsa ayaq basmağa hazırlaşan insan, öz “Marsında” çarəsizdir, bədbindir və çıxılmaz vəziyyətdədir. Biriləri həmişə olduğu kimi yenə bəşəriyyətin taleyi ilə oynayır. Öz taleyinə biganə yanaşan insanın/cəmiyyətin sonunun belə olması isə labüddür. Məncə bu hələ başlanğıcdır...

Azərbaycan səhiyyəsi

Azərbaycan səhiyyəsi COVID-19 dövründəki imtahanda sinifdə qaldı. Təsəvvür edin bir iki ölkə istisna bütün ölkələrin səhiyyə nazirləri öz xalqlarına xəstəliklə əlaqədar məlumatları 24 saat canlı-canlı çatdırarkən bizim nazirimiz bircə dəfə də olsun, (deyəsən bir dəfə olmuşdu) xalqın önünə çıxıb adi bir təsəlli belə vermədi. Xalqdan COVID-19-dan qaçan insanlar kimi qaçdı, gizləndi. Eyni nazir sonuncu Qarabağ müharibəsində də fərari idi... COVIDdən qaça bilərsən, ölümdən isə əsla. O harada olsa, gəlib insanı (oxu naziri) yaxalayacaq. Bir başqa ifadə ilə qorxunun əcələ faydası yoxdur. Qaç, qaça bildiyin qədər...

Demək, məsələ daha dərin amma eyni zamanda çox sadədir və əsl soruşulması lazım olan bir iki sual var. Hörmətli cənab nazir xalqın qarşısına niyə çıxmadı? Yoxsa cənab naziri xalqın qarşısına çıxmağa qoymadılarmı? Hər iki halda bunun mənfi nəticəsi əziz və fədakar xalqımıza dəydi. O fədakar xalq ki öz balalarını gözlərini qırpmadan Vətən üçün şəhid verdilər. Bu xalqın belə bir naziri varsa, başaq yerdə düşmən axtarmağa dəyərmi sizcə?

Naziri və onun olmayan səhiyyəsini bir kənara qoyub keçirəm əsl mətləbə, Dilavər müəllimə və onun şəxsi əşyalarına edilən hörmətsizliklərə...

Bəri başdan deyim ki, biz xalq olaraq əla xalqıq. Azərbaycan xalqının hər fərdi bizim üçün əzizdir, dəyərlidir. Problem bizi idarə edənlərdədir. Bizi idarə edənlər hələ də mədəni olmağı bacarmayan, tamamən quldar, bir az da orta əsr feodal təfəkkürünə mənsub bir idarəçiliklə məşğuldurlar.

Mərhum Dilavər müəllimin qayğısına qala bilməyən səhiyyəmiz-ki səhiyyənin əsas vəzifəsi vətəndaşın sağlamlığını qorumaq və ona xidmət etməkdir - bu hadisə ilə birlikdə Azərbaycanda az da olsa qalan elmin və maarifin də üstündən xətt çəkdi. Dilavər müəllimin sağlamlığının qayğısına qalmayan səhiyyəmizdən, onun şəxsi əşyalarına hörmət gözləmək sadəlövhlük olardı. Əksinə, bu hadisənin timsalında verdikləri mesaj açıq və dəqiqdir. Bu anlayış və davranışa görə alimə, onun fikirlərinə, özündən sonra qalan bəlkə də ailəsi üçün yeganə təsəlli olan şəxsi əşyalarına ehtiyac yoxdur. Bu hörmətsizlik, etinasızlıq və vəfasızlıq sadəcə ona və ailəsinə deyil eyni zamanda bütün Azərbaycan elminə edilib və Azərbaycan elminin “şapkası” ayaqlar altına atılıb.

Şahin Əhmədoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar