"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə"

14 Yanvar 2022 22:54    760 Baxış   
"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə"

Tarix Əliyevin, özünə verdiyi ləqəblə desək Tolikin dövlətin hərbi strukturunda fəaliyyət göstərən, müharibə vaxtı kimi şəhidlik zirvəsinə ucalan, kimi qazi olan, ümumilikdə isə canını-qanını fəda edərək torpaqlarımızın düşmən tapdağından azad edilməsində şücaət göstərən şəxsləri, dövlətin qırmızı xətlərindən sayılan hərbi strukturun əməkdaşlarını - müddətdən artıq xidmət edənləri (MAXE) sözün əsl mənasında təhqir etməsi birbaşa cinayət məsuliyyətidir. Bu, həm şərəf və ləyaqətin təhqiri baxımından cinayətdir, həm də dövlətə atılan böhtan xarakterli fikirlər olduğu üçün cinayətdir.

Səbəbini izah etməyə çalışacam. Məgər, fəaliyyət istiqaməti Azərbaycan Respublikasının daxili və xarici təhlükəsizliyini təmin etmək olan şəxslərə "dövlətin kəbinli arvadı" demək, dövlətə böhtan atmaq deyilmi? Dövlətə atılan böhtan isə cinayət xarakteri daşımırmı? Bu, həm də bilavasitə şəxsiyyətin, yəni, şərəf və ləyaqətin təhqiri mənasına gəlmirmi? Belə çıxır ki, dövlətin və hakimiyyətin ölkəni təhlükələrdən qorumaq üçün vəzifələndirdiyi şəxslər, əksinə onların arvadıdır?

Bəs, Daxili İşlər Nazirliyinin mətbuat xidməti Tolikin cəmiyyətin haqlı narazılığına səbəb olan elitist-xoşagəlməz sərsəmləməsinə necə münasibət bildirdi? Açıqlamaya fikir verin: "Tarix Əliyev özü ilə bağlı tədbir görüb". Məgər, Tolikin Hüquq Mühafizə Orqanlarının əməkdaşları kimi izahat alıb-vermək, cinayət xarakterli davranışlara qarşı tədbir görmək hüququ var? Əcəba, bu hüququ ona kim verib? O zaman belə çıxır ki, istənilən şəxs istənilən adamı və dövləti təhqir edərək, böhtan ataraq öz-özünə tədbir görməklə məsuliyyətdən boyun qaçıra bilər? Bəs, belə olan halda, bu, növbəti cinayətə - həm cinayəti törədən şəxsin bunu təkrarlamasına, həm də cəzasız qaldığı üçün hədəflərinin cinayət ab-havası ilə hərəkətə keçməsinə şərait yaratmırmı? Məgər, azdır müharibənin psixoloji sarsıntısından özünə gələ bilməyən MAXE-lər?

Hər şey bir yana, bu, həm də cəmiyyətdə Tolikin "yuxarılar" tərəfindən naməlum səbəblərə görə himayə edilməsi düşüncəsinə gətirib çıxarmırmı? Axı, aşağı-yuxarı hamımız bilirik ki, DİN belə hallarda operativ reaksiya göstərərək üzrxahlıq videoları təqdim edir, cinayətkarları cəzalandırır, cəmiyyətdə qıcıq doğuran məqamları aradan qaldırır. Bəs, bu Tolik kimdir ki, bütün bunlar nəinki ona şamil edilmir, hətta özü barəsində tədbir görmək səlahiyyətlərinə malik olur?

Bu, həm də qurumların şəffaf fəaliyyətinə kölgə salmırmı, onlara inam indeksini azaltmırmı? Axı, ölkə başçısı İlham Əliyev şəxsən özü dəfələrlə bu kimi xoşagəlməz halların aradan qaldırılmasının zərurliyini bildirirək, qurumlara şəffaf fəaliyyət göstərməsi üçün xəbərdarlıq edib. Hətta bir neçə gün əvvəl Prezident yerli Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibəsində də bu kimi məsələlərə münasibət bildirərək qurumlara və məmurlara ictimai nəzarətin vacib olmasını dilə gətirdi ki, xoşagəlməz hallarla heç kim vəzifə səlahiyyətlərindən sui-istifadə edib vətəndaşları incik salmasın, fəaliyyət istiqamətləri şəffaf olsun. Bəs, bütün bunlara rəğmən Tolik ləqəbli bu özbaşına adamı müdafiə edən, ona özü barədə tədbir görmək ixtiyarı verən kim və kimlərdir?

Lakin həm mətbuat, həm vətəndaş cəmiyyəti, həm də xalq olaraq Tolik də daxil olmaqla dövlətimiz, hərbi qulluqçularımız, ümumiyyətlə qırmızı xətlərimiz haqqında xoşagəlməz fikir səsləndirən şəxslərin cəzasız qalmayacağına inanır və ümid edirik. Elə fikrimi də mərhum Ümumilli Lider Heydər Əliyevin dövlət və dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edən və mövzumuza bilavasitə bağlı olan devizi ilə yekunlaşdırmaq istəyirəm:

"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə".

Mərahim Nəsib, xüsusi olaraq Dominant.az üçün



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar