"Dövlətin həyata keçirdiyi bir sıra layihələrdə partiyaların iştirakını təmin etmək lazımdır"

05 Yanvar 2021 21:30    386 Baxış   
"Dövlətin həyata keçirdiyi bir sıra layihələrdə partiyaların iştirakını təmin etmək lazımdır"

Zəfəri siyasi həyatımıza inersiya edək...

Yola saldığımız 2020-ci il Azərbaycanın müstəqillik tarixinin zəfər və qürur ili kimi yaddaşlara həkk olundu. Təbii ki, 2020 qələbə ilindən sonra 2021 qayıdış və dirçəliş ili olmalıdır.

Bugünkü Qarabağ Dirçəliş Fondunun yaradılması da ilin mahiyyətinə uyğun olaraq, bir başlanğıcdır. İstər "Yaşat" Fondunun, istər "Qarabağ Dirçəliş" Fondunun yaradılması və adlarında daşınan inam, gələcəyə ümid hər bir azərbaycanlıya müsbət enerji verir.
Amma bu fondların yaranmasında bəzi təəssüf doğuran məqamlar var və neqativ məqamlar yalnızca fondlarla məhdudlaşmır.

İllərdir, eyni şeyi söyləyirik: Sovet təfəkküründən çıxmalıyıq. "Kolxozçunu, pambıqçını" deputat edən sovet hökuməti süni mənzərə yaradırdı və bu süni mənzərədə heç kəs öz işi ilə məşğul olmurdu, fəqət hər kəsin dövlətin rəhbərliyində təmsil olunduğu görüntüsü yaradırdı. Bu görüntü heç nə vermədi sovet hökumətinə. Sovetin sonu isə məlumdur.

Müstəqilliyini yeni qazanmış dövlətimizin ən azı üç on illiyi bu təfəkkürün təsiri altında keçdi. İndi nə edək, biz dördüncü on illikdə də qayıdış və quruculuq işlərinə sovet təfəkkürlərinin qalıqları iləmi başlayacağıq? Yenə aidiyyəti olmayan insanlar aid olmadıqları qurumlarda "pambıqçı, kolxozçu" oyunumu oynayacaqlar?

Dövr kapitalizm dövrüdür. Burada fikir də kapitaldır, insan da. Bu kapital doğru yerlərdə toplanmalı, düzgün şəkildə istifadə olunmalıdır. Alim Qasımovu sənətçi kimi sevirik, böyük sənət adamıdır. Amma onun Müşahidə Şurasında söyləyə biləcək nə fikri ola bilər ki? Və ya Fərhad Bədəlbəyli... Bu insanların sənətə verəcəyi töhfə nə qədər böyükdürsə, bu tip qurumlarda iştirakları bir o qədər faydasızdır.

Bu reallıqları artıq 7-dən 77-yə hamı görür və hər kəsdə təəssüf hissləri yaradır. "Bu ölkə düzəlməyəcək" kimi təhtəlşüura işləyən fikirlər elə bu yaşananlardan doğur.

Hörmətli hakimiyyət təmsilçiləri, Azərbaycan böyük ölçüdə bir qələbə əldə etdi!

Hərbdəki böyük zəfəri ölkəmizin bütün sferalarına, hətta həyatımıza inersiya etmək istəyiriksə, "müasir kolxozçu-pambıqçı" oyunlarından üzülüşməli, yeni aydın fikirli, milli və siyasi dünya görüşü olan insanlarımızla yola çıxılmalıdır. TV rəhbərlərindən tutmuş, Müşahidə Şurasının üzvlərinə qədər...

İqtidar-müxalifət dialoqu qeydiyyat və ofis müzakirələri üzərində deyil, məhz belə ictimai qurumlarda birgə fəaliyyətdən doğmalıdır. Məhz dövlət anlayışına yanlış yanaşmanın nəticəsində bu ölkədə ya iqtidara işləyən partiyalar yaradıldı, ya da siyasi partiyalara düşmən gözü ilə baxıldı.

Müxalif siyasi partiyalar anlayışı dövlətin milli təhlükəsizlik konsepsiyasına aid olan məsələdir. Siyasi partiyalar dövlətin strateji sütunudur. Ona görə də bu sahədə olan anormallıqlar ortadan qalxmalıdır. Dövlətin həyata keçirdiyi bir sıra layihələrdə partiyaların iştirakını təmin etmək lazımdır. Partiyaların və siyasi birliklərin fəaliyyətini ancaq bu şəkildə dirçəltmək olar, təkbaşına və bitərəf formada siyasi fəaliyyət olmur. Siyasət meydanı konsolidasiya və koalisiya tələb edir. Bu, həm yerli özünüidarə, həm parlamentdə qüvvələr mütənasibliyi üçün seçicilərin doğru seçim etməsini təmin edən məsələdir. Siyasi birliklər sahəsində zəruri olan dəyişikliklərin edilməsi həm də milli təhlükəsizlik məsələsidir.

Və nəhayət, biz təkcə qayıdış və quruculuqla məşğul olmayacağıq. Görünən odur ki, Qarabağda, az da olsa, yarım qalmış bir sıra mühüm məsələmiz var. Xankəndiyə, Xocalıya, Xocavəndə bayraqlarımız asılmalıdır, bu, labüddür. Rusiyanın xoşməramlı olmayan sülhməramlıları ilə problem əsas gündəmimizdir.

Demək ki, həm yarım qalmış işləri, həm də işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərini həyata keçirmək üçün çox ciddi siyasi islahatlara gedilməli, qərəzsiz, ədalətli şəkildə müxalif fikir söyləyən insanlara dəyər verilməli, fikirlərinin layihə halında təqdim olunması üçün onlarla dialoqa təşəbbüs göstərilməli, qısacası, xalqa səmimi görüntülər təqdim olunmalıdır.

Unutmayaq, bu qalibiyyətin sahibi şəhidi, qazisi, əsgəri ilə bütövləşən qalib xalqdır.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar