Döyməyə qapı qalmayıb, sevməyə qadın...

27 İyun 2020 12:30    541 Baxış   
Döyməyə qapı qalmayıb, sevməyə qadın...
O, kölgəyə dönmək istədi. Amma alınmadı. Çünki nə ay, nə də lampa işığı var idi. Ay tutulmuşdu, lampalar isə yanmırdı.

Ən yaxın sandıqların diqqətsiz qalanda mənasızlaşdığını hiss edirsən. Bu halda bütöv yox, yarım olursan.

Tez-tez içirdi, unutmaq üçün. Gözünü yumub qaçmaq istədi. Qatar onu istədiklərindən ayırır. Hətta acığa fit də verir. Amma istədikləri həzz alır. Alsın. Bəhanələr və bir az da vaxt qazanmaq üçün süni öpüş və göz vurmalar. Alçalırsan, əzilirsən. "Hələlik" - dediyin dostlar gedib bir də geri qayıtmır. Döyməyə qapı qalmayıb. Sevməyə qadın.

Doğma qapısını tanımadı, rəngi dəyişib. Sevdiyi qadını tanımadı, çünki bəhanə gətirərək hisslərini dəyişib. Onu görən və duyan ruhun isə sadəcə deməyə bir sözü qalıb. “Ay əclaf sadə olma”. Görürsən ki, zamanın çatıb.

Uçan qarışqalar kimi göyə qalxmaq istədi. Qanadı olduğu üçün əl edib hələlik dedi. Amma külək izin vermədi. Gəlib zibilxanaya düşdü. Bura sakitlik idi. Çünki hər şey səmimi idi. Atılmışlar evi. Hamı sevdiklərindən atılmışdı.

Kölgəyə dönmək istədi. Döndü. Sevdiyinin evlərinə doğru getdi. Qapılarının üstündə təzə işıq lampası var idi. O işıq onun kölgəsini böyütdü. Pəncərəyə yaxınlaşdıqca əli böyüdü, bədəni böyüdü, ayaqları böyüdü, kölgəsində ürəyi döyündü. Qəfil bir qadın səsi gəldi:

“Küçə işığını söndür».

Elə bu vaxt işıq söndü. Kölgə kiçilib yerə çırpıldı. Ağrıdan gözlərim qaraldı. Yuxu gördüm. Saxta və ötüşdürücü öpüş və göz vurmalar.


Tahir Tahiroviç


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar