Şükür Suqovuşana!

15 Dekabr 2021 14:19    1297 Baxış   
Şükür Suqovuşana!

Kompüterimi söndürüb işdən çıxmağa hazırlaşırdım ki, baş redaktor məni otağına çağırdı. Baş redaktorun otağına daxil olanda dedi ki, sən Mehdiabad tərəfdə yaşayırsan. Sabah işə gələrkən evdən bir az gec çıxarsan. Əlindəki yazılı kağızı mənə uzadıb, saat 10-11 arası Novxanıda məcburi köçkünlər üçün salınan şəhərciyə gedərsən. Kağıza işarə edib, ordakı ünvanda yaşayan Sədaqət xanım mənə zəng etmişdi, çox maraqlı şeylər danışdı. Razılaşsıq ki, danışdıqlarını müsahibə şəklində verək. Onu danışdırıb yaxşı bir müsahibə hazırlayarsan. İnanıram ki, bu işin öhdəsindən gələcəksən, - dedi.

Səhəri üz tutdum Novxanıdakı Məcburi köçkünlər üçün salınmış şəhərciyə. Sədaqət xanımgilin qapısını döydükdə qapını yaşlı bir xanım açdı. Müsahibə almaq üçün gəldiyimi bildirdikdə buyur oğlum, keç içəri dedi. Təzəcə müsahibə almağa hazırlaşırdım ki, mətbəxdən əlində çay otağa daxil olan yaşlı xanım, tələsmə, çayını iç, sən çayını içincə qızım Sədaqət də gələr. Təəccüblə, Sədaqət xanım Siz deyilsiniz, deyəs sual etdim.

- Yox, Sədaqət mənim qızımdır, müsahibəni də o verəcək dedi.

Bir azdan 40-45 yaşlarında bir qadın evə gəldi və bəlli oldu ki, müsahibə verəcək Sədaqət xanım, məhz bu qadındır.

Sədaqət xanımın müsahibəsi isə müsahibə yox, bir hekayə oldu. İzninizlə, Sədaqət xanımın hekayəsini elə onun dilindən sizə anladım...

***
Uşaqlığımız cəhənnəm əzabına döndü. Bir tərəfdən müharibə, bir tərəfdən aclıq və yoxsulluq, bir tərəfdən isə cəbhə bölgəsində hər gün silah səsləri ilə yatıb, silah səsləri ilə oyanmaq. Bütün bunlar bizim uşaqlığımızı əlimizdən alsa da qorxutmadı. Çünki bu cür yaşamaq həyat tərzimizə çevrilmişdi. Silah səsləri eşitmədiyimiz gün bizim üçün qeyri-adi gün olurdu. Müharibə özü ilə birlikdə ağrı-acı da gətirmişdi. Gözümüzü açandan gördüyümüz əmilər, dayılar cəbhədə şəhid olur, əzizlərimizi, doğmalarımızı bir-bir itirirdik.

***
Qonşuluğumuzda Məsmə xala var idi. Mənə ana qədər əziz idi. Bütün günü qızı Aytənlə birgə oynayardıq. Gah küsür, gah barışır, amma heç bir-birimizdən ayrılmazdıq. Bir gecə bomba səsinə ayıldıq. Atam bizi tələsik evdən çıxardı. Anam bombanın hara düşdüyünü soruşduqda, Məsmə xalagilin evinə düşdüyünü bildirdi. Həmin an yalnız Aytəni düşünürdüm. Kimə nə olur olsun, bircə Aytənimə heç nə olmasın deyirdim. Amma... O gün Aytənlə oynayacağımız son gün olmuşdu... Ondan sonra heç vaxt Aytən qədər yaxın rəfiqəm olmadı...
Hər dəfə Tərtərə gedəndə Aytən gözümün qarşısına gəlir... Məni Suqovuşana səsləyir... Sədaqət mən burdayam, dünyanın cənnətində - Suqovuşanda. Məni görmək istəsən bura gəlib görə bilərsən...
Yadımdan çıxmışdı deyəm, axı Aytəngil Suqovuşandan idi. Onlar bizim qonşuluğumuza da ermənilərin əlindən qaçıb gəlmişdilər...

***

Müharibə bitdi, sülh müqaviləsi bağlandı. Amma cəbhədə silahlar susmadı. Elə bu güllə yağışına tutula-tutula böyüdük. Gözlərimizin yaşında arzularımızı cücərdə-cücərdə həsrətlə gələcəyə boylanmaq istədik. Hər dəfə qarşımızı bir maneə kəsdi. Düz 30 il həsrət çəkdik. Kimimiz Vətən həsrətini, kimimiz qeyrətimizin ayaqlar altından qalxacağı günün, kimimiz şəhidlərimizin qisasının alınacağı gününün həsrətini çəkdik. Hər dəfə həsrət çəkəndə itirdiyimiz bir əzizimiz, doğmamız gəldi dayandı gözlərimiz qarşısında...

Beləcə həsrət çəkə-çəkə 30 ili arxada qoyduq. Müharibə də bitdi, qalib də gəldik, amma Aytənimin doğma yurdu Suqovuşana olan həsrətim bitmədi. Hər dəfə Tərtərə gedəndə gözlərim qarşısında duran Aytən sual dolu nəzərlərlə gözlərimin içinə baxıb, Suqovuşanda səni gözləyirəm, mütləq gəl dedi.

***

Dünən Aytəni yuxuda gördüm. Həyətimizdə xeyli oynadıq. Sonra dedi ki, gedirəm evə. Amma öz evlərinə tərəf getmədi. Suqovuşana tərəf getdi. Dedim axı sizin ev bu tərəfdə deyil, dedi yox, sən bilmirsən, bizim ev bax o təpənin arxasındadır. Cənnət kimi gözəl bir yerdədir. Məni görmək istəsən mütləq ora gələrsən.

Səhər-səhər yuxudan ayılıb gözümü ovuşdururdum ki, telefonum zəng çaldı. Telefonun o başındakı adam, "Hazırlaş Suqovuşana gedəcəyik" dedi. Elə bil ayaqlarım altından yer qaçdı. Suqovuşana gedəcəkdim, heç vaxt görmədiyim, ancaq mənə çox əziz olan, Aytənimin yurduna... Aytənimin Cənnətinə...

****

Tərtərə gedirik, ordan Suqovuşana keçəcəyik. Yolboyu gözlərimi yummuşam. Hamı elə bilir yatmışam. Ancaq yolboyu Aytənlə oyun oynayıram, söhbət edirəm. Mənə Suqovuşandan danışır.

***

Suqovuşandayıq...

Qarış-qarış gəzib, hər daşını, torpağını tanıdığım Tərtərdən fərqli, möcüzəvi bir yerdəyik. Bu qədər gözəllik bəlkə dünyanın heç yerində yoxdur. Hər qarışı mənə doğma olan bu yurdda bələdçim Aytəndir. O dayanmadan mənə Suqovuşanı anladır, hər yer haqqında danışır. Uşaqlığını xatırladır. Bu filan ağacdır, bu filan daşdır... Bu filan yoldur. Bu filankəsin evidir. Bu da bizim evimiz...

Suqovuşan adından da göründüyü kimi, qovuşdurandır. Mənə Aytəni qovuşdurur. Məni həsrətdən qurtarıb, kiçik cənnətimə götürür...
Bəlkə də Suqovuşan haqqında çox şey danışa bilərəm. Amma...Sizi yormaq istəmirəm... Çünki burda mənim ruhum keçmişin iztirabından azad olub. Bir kəlmə ilə fikirlərimə yekun vururam. Şükür Qovuşdurana, şükür Suqovuşana!

Elmar Hüseynov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar