Fuad Qəhrəmanlı yazır: İNTİHAR

22 Yanvar 2022 13:06    11461 Baxış   
Fuad Qəhrəmanlı yazır:  İNTİHAR

Gecənin qaranlıq zülmətində ac qurd kimi ulayan küləyin susmaq bilməyən vıyıltısı vahimə yaradır, sanki öz səsi ilə yaşadığı dünyanın vəhşi təbiətini ona xatırladır, insanların laqeyid, acımasız soyuqluğunu evin içinə dolduraraq damarlarında axan qanını dondururdu. Üşüyən əlləri, ayaqları, soyuqdan solmuş bənizi adını bilmədiyi, ünvanını tanımadığı mücərrəd təhlükənin, anlaşılmaz qorxunun burada, lap yaxında olduğunu ona hiss etdirirdi sanki. Bu vahimə küləklə birlikdə onun kövrək əsəblərinin zəif örtüyündən axıb içinə dolur, köksündə burulğan kimi oynayaraq onu bilinməz bir qorxunun həyacan girdabında boğurdu. Bir an ona elə gəldi ki, yarıqaranlıq otaqda cəhənnəm tonqalının şölələri kimi rəqs edən alov dilimləri əcaib varlıqlar kimi əl uzadıb onu çağırır, ilan kimi öz kölgələri ilə xəlvətcə divar boyu sürünərək onu əhatəyə alıb yandırmağa çalışırlar. Bədəni üşəndi və tez də durub işığı yandırdı.
Gecə keçir, ancaq çöldə əsən külək öz qorxunc səsi ilə ruhuna hücum edib onu didib, parçalamağa çalışan vəhşi kimi sakitləşmək bilmirdi. O, bu vahimə qarşısında öz acizliyini, zəifliyini hiss etdikcə, sanki ruhi bir yenilgiyə uğrayır, bütün idda və arzularından vaz keçərək, onu qorxudan, narahat edən hər nə vardısa, ağlına nə gəlirdisə, müqavimət göstərmədən ona təslim olurdu. Kabus kimi onu izləyən, caynaqlarını köksünə sancıb həyat eşqini vampir kimi soran keçmişinə də təslim olur, öz qorxaq acizliyinə, gücsüzlüyünə, bütün olacaqlara boyun əymiş zəifliyinə necə qurban getdiyini hiss edirdi.

Beləcə odeyala bürünüb uzandığı divanda qarışıq fikir dolanbaclarında yorğun düşüb yuxuya necə təslim olduğunu hiss etmədən gözlərini qapadı.
Şəhər erkəndən oyansa da, həmişəki kimi gec qalxdı. Sanki, bu yolla səhərin, yeni günün başlanmasını yubatmaq istəyir, həyatındakı yeknəsək eynilikləri növbəti dəfə yaşamaqdan, onu saracaq boşluqdan qurtulmaq istəyirdi. Günəşin pəncərədən süzülərək otağa daxil olan oynaq şüaları həyat eşqi, enerji saçaraq onun içindəki kədərin nə qədər miskin, darıxdırıcı olduğunu xatırladır, dünyanın sevinci, fərəhi ilə sanki ona göz dağı verirdi. Tez qalxıb pərdələri çəkdi, günəşi qovdu, otaq yenə əvvəlki hüznlü halına dönüşdü.

Bazar günü idi, bütün günü evdə olacaqdı.
Səhər qəhvaltısından sonra yenə, adəti üzrə evin gün düşməyən arxa pəncərəsinin qarşısına keçdi. Gəlib gedən insanlara baxa-baxa kimsənin hər gün pəncərə arxasından onlara tamaşa edən, öz tənhalığından cana doymuş ondan heç vaxt xəbəri olmayacağını düşündü. Kədərə bürünmüş duyğuları narın yağan yağış kimi yenə onu çulğamışdı.
İnanmaq istəyirdi. Gərəksizlik duyğusundan qurtulub insanlar arasındakı yalqızlıqdan, tənhalıqdan qaçıb sığınacağı isti bir qucaq, onu sarıb, sarmalayacaq qollar, güvən verəcək bir baxış, yaşamaqdan ötrü səbəb verəcək bir ad, hər gün süfrədə üzbəüz oturacağı əziz bir insan, gecə yataqda tənhalığını unutduracaq bir nəfəs, təklik bataqlığından onu çəkib çıxaracaq güclü əl, çılğın arzularına xəyal qanadları taxacaq yol yoldaşı, yeni başlanğıc üçün güvən verəcək birini stəyirdi həyatında.

Arzuladığı kim idi, necə biri idi, bilmirdi, ancaq inanırdı ki, hətta xəyallarında belə axtarıb tapa bilmədiyi o adam var, özü də onun kimi təkdir, o da indi haradasa pəncərə önündə durub darıxır. Həm də əmin idi ki, o adam müdrikdir, hüzur vericidir, sadiq və duyğulardan anlayan biridir. "Hə, bu adam mənimlə rastlaşanda, mənə öz sevgisini izhar edəndə, gərək məni dünyanın ən dəyərli insanı bilə, duyğularımı anlaya, öz həyatının mərkəzinə qoya, mənə büt kimi tapınıb sevgimizə iman gətirə, məni öz dünyasına çeviib ömrünü də yalnız bu dünyada yaşaya".

Sonra da, "bu mümkünmü, mən istədiyim sevgi bu dünyada varmı, bu insanı bu dünyadan, hətta Allahdan belə ayıracaq yeni bir dindir əslində, sevgi deyil ki, bunun adı ..." fikirləri ilə baş alıb gedən arzularını cilovlamağa çalışır, özünü ifrata vardığı üçün məzəmmət edirdi. Sonra da "Mən də gərərək hamı kimi olum, yoxsa ömrüm bu pəncərə önündə həyata kənardan tamaşa etməklə keçəcək..." düşüncəsi ilə özünə nəsihət edərək həyatın reallığına geri dönürdü.

Ancaq içndəki boşluğu dolduracaq nə bir səs, həsrətin yanğısını söndürəcək bir nəfəs hiss etmədən günlər gəlib keçirdi. Bəzən o qədər ümidsizləşirdi ki, günlərlə özünü günahlandırır, tez - tez güzgü qarşısına keçib ikrahla öz zahirinə baxır, tapdığı qüsurları, bəyənmədiyi cizgiləri, yenicə iz salmağa başlayan qırışları gəncliyini, təravətini oğurlamağa gəlmiş oğrular kimi nifrət və qəzəblə süzürdü. Belə vaxtlarda güzgüdə gözlərindəki nifrət və qəzəbi görməmək üçün öz gözlərinə belə baxmaq istəmirdi.

Onun məhəbbəti, sevgisi bir ananın göz dağına çevrilmiş şikəst övladı kimi gözünün qabağında dikilib qalmışdı və bu məhəbbət arzuzusu həm kövrək, həm də yanğılı bir istək, nəvazişlə köksünə sığınıb onu öz acısı ilə göynədirdi. Sonra da içindəki məsumluğu, duyğularının zənginliyini, oxuyub öyrəndiyi biliklərin dərinliyini, mühakimələrinin genişliyini düşünüb başqalarından fərqliliyini xatırlayaraq özünə təskinlik verir, beləcə "kimsənin onu haqq etmədiyi" düşüncəsi ilə qəddi əyilmiş eqosunu dirçəltməyə çalışırdı.

Ancaq hər dəfə özü ilə bu cür üzləşmədən sonra gedib telefonu götürür, mesenceri həyəcanla açır, hansısa tanımadığı, bilmədiyi adamdan gələn mesaj olub olmadığına baxırdı. Son vaxtlar ümidini sehirli "Pandora qutusu" kimi telefona bağlamışdı. Hər dəfə onu əlinə alanda gizli bir ümidlə ilk olaraq mesenceri açır, gələn mesajlara baxır, mənasız saydığı ismarıcların çoxunu cavabsız buraxır, sonra siyahıdakı adlara ikrahla göz ataraq, sanki baxışları ilə "hanı bəs o adam?" deyərək məyusluqla telefonu bir kənara atırdı. Dərhal da telefonu yenidən götürüb, bu dəfə feysbuku açır, ümidsizliyə təslim olmayacağı düşüncəsi ilə yeni dostluq təklifləri göndərməyə başlayırdı. Bu dəfə ümid edirdi ki, gözlədiyi mesaj yeni dost olacağı şəxslərdən gələcək. Ona görə də dostluq təkliflərini göndərməzdən öncə çox seçici davranır, profilləri əməlli başlı incələyirdi. Sanballı, oturuşmuş hesab etdiyi yeni dostlarla nəzakət qaydasına uyğun salamlaşma, qarşılıqlı xoş gəldin deməsi bitdikdən sonra danışıqların ardı gəlmir, ona umduğu maraq göstərilmirdi. Özü isə kimsəyə yazmağı qüruruna sığışdırmır, bununla şəxsiyyətini aşağılayıb özü haqqında yanlış təəssürat yarada biləcəyinə görə ehtiyat edirdi. Bilirdi ki, belə halda heç bir kişi onu ciddi qəbul etməyəcək. "Yəqin mənim görünməyən cəhətlərim kimsəyə gərək deyil, yox, bəlkə də gərəkdir, kimsə üçün bunlar dəyərlidir, ancaq mənim necə biri olduğumu insanlar kənardan necə bilə bilərlər axı?"...

Dəfələrlə öz şəkilini statuslarına tərifli rəylər yazılan qadınlarınkı ilə yanaşı qoyaraq müqayisə etmiş, ona diqqət yetrilməməsinin səbəbini tapmağa çalışmışdı. Bu qadınlardan bir çoxlarını şəxsən tanıyırdı və onların öz şəkillərini xüsusi proqramlar vasitəsi ilə dəyişib, gözəlləşdirdiklərini də bilirdi. O, isə belə bir şeyi özünə sığışdırmırdı, kimi aldadacaqdı axı? Onunla maraqlanan adam gec-tez gerçəyi həyatda görəndə özünü aldadılmış hiss etməzdimi? Həyatda ən çox nifrət etdiyi yalanla öz duyğularının məsumluğuna, sevgi arzusuna məkr, hiylə qatıb onu saxtakarlıqla çirkləndirmək istəmirdi.
Bəs nə etsin, onu girdabında qəhr edən tənhalığın əlindən, dağ kimi üstünə çökmüş darıxma duyğusunun əzablı ağırlığını çəkməkdən necə özünü qurtarsın? Nəhayət ki, bu gün bütün suallarına onu xilas edəcək bir cavab tapdı.

O, bütün bunları yaşamayacaqdı. Niyə özünə bu əzabları rəva görməlidir axı? Niyə onun hisslərini, duyğularını təhqir edən, arzularını ələ salan, səbrini zorlayan, sevgisini həsrət kəndirində boğan, ruhunu öz vücudunda çarmıxa çəkən bir həyata bu imkanı verməlidir ki?

Hə, indi növbə onunkudur, o, öz varlığında yaşayan həyatı öldürəcək, beləcə qisasını da alacaqdı. Tüpürəcəkdi həyatın üzünə, bu dünyanın ümidləri daha ona gərək deyildi, əzilmiş, sınmış iradəsini qəti hökmə çevirib, həyata edam qərarı çıxaracaqdı, Allahın onu məhkum etdiyi bu dünyadan, Allahın vəd etdiyi başqa bir dünyaya qaçış edəcəkdi...

O uçurdu, arxasınca küləyin oynatdığı pərdələr vida edən əl kimi yellənir, öz arzularına, xəyallarına doğru, içindəki nisgili, kədəri bu dünyada buraxıb, Allahın vəd etdiyi başqa bir dünyaya doğru qollarını yana açaraq, yanaqlarında süzülən yaşla, gecə duyduğu qorxunun yaratdığı həyacanla çırpınan qəlbindən vulkan kini püskürən hönkürtü ilə, küləkdə alov dilimləri kimi oynayan, rəqs edən saçları ilə bərabər əbədiyyətə doğru uçurdu.

Qonşular həyətdə asfalta üzü üstə düşüb qalmış, başının ətrafında köpüklü qan gölməçəsi yaranmış qadın cəsədinin ətrafına toplaşıb, üzlərində qorxu və kədər ifadəsi ilə altdan yuxarıya doğru açıq pəncərəyə baxır, başlarını yırğalaya-yırğalaya onun necə düşdüyü ilə bağlı öz ehtimallarını bölüşürdülər.

Fuad Qəhrəmanlı



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar