Kitablarını satmaqda çətinlik çəkən müəlliflər Bakı İdman Sarayında 15-21 dekabrda nəzərdə tutulan Milli Kitab Sərgisinə qatılıb, sərgidə öz kitablarını satışa çıxara bilərlər.
Dominant.az xəbər verir ki, bu barədə "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.
Naşir onu da xatırladıb ki, budəfəki sərgidə 70 mindən çox kitab satışa çıxarılacaq. Kitablara 90%-ə qədər endirimlər olacaq.
"Əl işləri görən fərdi sənətkarlar, eyni zamanda əlilliyi olan insanlar da sərgidə öz əl işlərini və sənət əsərlərini satacaqlar. Satış sərgisi zamanı ədəbi bədii tədbirlər, konsertlər və filmlərin nümayişi, yaradıcı insanlarla görüşlər də olacaq", - deyə Ş.Xuduoğlu bildirib.
Sərgidə, həmçinin uşaqlar üçün xüsusi pavilyon olacaq. Ailəli gələnlər uşaqlarına əyləncə kefi də daddıra biləcəklər. Başqa bir pavilyonda isə müğənnilərimizin çıxışları, yazıçılarımızın imza günləri, maraqlı diskussiyaların iştirakçısı olacaqsınız. Bir həftə boyu kitabın yaratdığı möhtəşəm mühitin təsirində qalacaqsınız.
Sərginin Fəxri qonağı Xalq artisti, sevilən sənətkar Flora Kərimova olacaq.