Bomj

13 Fevral 2022 15:48    15719 Baxış   
 Bomj
Pırtlaşıq, uzanıb çiyinlərinə tökülmüş saçlarını külək bir-birinə qarışdırır, ayıra bildiyi tellərini isə havada əsdirirdi. Saqqalı da yanaqlarından aşağıya tökülən saç kimi biçimsiz və gur idi. Tutqun görünən çirkli dərisi çallaşmış saçlarının qəhvəyi çaları ilə miskin bir uyum yaradırdı. Naşı heykəltaraş əlindən çıxmış kimi görünən dərin və enli qırışlar alnına dağılmış saçları arasından aydın görünürdü. Çuxura düşmüş gözlərinin altında kiçik qabarmalar nəzərə çarpırdı. Baxışlarındakı gənclik təravəti artıq solmaq üzrə idi. Açıq mavi gözlərindəki təmkinli və mülayim ifadədə insana sirayət edən bir hüzur vardı.

Dərisi çirkli ləkələrlə örtülmüş azca sivri burnu ona mütəvazi bir görünüş verirdi. Göz ətrafından yana doğru uzanmış qırışlar, ağır, əzablı bir həyatın izləri kimi üzünün ifadəsini ağırlaşdırırdı.

Gülümsəyəndə və ya danışanda ağzındakı ağlığını çoxdan itirmiş təkəm seyrək dişlər, miskin və kədərli bir ömrün məzar daşları kimi boylanırdı.

Onun geyimi o qədər qarışıq idi ki, əslində nə geydiyini bilmək üçün diqqətlə baxmaq gərək idi. Bir neçə yerdən didilərək yırtılmış, sürtülməkdən və çirkdən öz rəngini itirmiş iki düyməsi olan paltonun altından yarıyadək bağlanan yazlıq kurtka geyinmişdi. Onun da altında nə zamansa narıncı rəngdə olduğu güclə sezilən açıq boğazlı toxunma poliver görünürdü. Bir dizində nəzərə çarpan yırtığı olan şalvarının hər iki yan tərəflərində içi dolu çoxlu ciblər nəzərə çarpırdı. Ayağındakı köhnə krosovkaların hər ikisinin üstü partlamış vəziyyətdə idi. Hər zaman getdiyi yerə özü ilə apardığı uşaq kolyaskasından düzəldilmiş iki təkərli arabasına isə yəqin ki, zibil qablarından topladığı əşyalarını yığmışdı.
Bu ərazidə yaşayanlar adını bilməsələr də, onu tez - tez görür, tanıyırdılar. Onun da digər bomjlar kimi adı yox idi, əslində, buna heç gərək də yox idi. Onu nə çağıran var idi, nə də ki, bir fikir verən. Tez-tez gəlib oturduğu parkda insanlar onu görəndə, həmin yerdən aralı keçməyə çalışır, bəzən söhbətə başları qarışıb yaxnlığndan keçəndə və birdən onu görəndə üzlərini turşudub kəskin hərəkətlə yollarını dəyişdirdilər. Adamlar bunu niyə edirdilər, ondan kəskin iymi gəlirdi, görünüşümü qorxunc idi, ya hər hansı bir pis hərəkətmi gözləyirdilər bu barədə dəqiq bir şey bilmirdi. Ən sevdiyi iş də hər gün gəlib parkda oynayan uşaqlara tamaşa etmək idi. Ona hürkək nəzərlərlə baxan uşaqların üzlərində, gözlərində gördüyü qorxu həmişə onu incidir, bu qədər sevdiyi varlıqlar üçün qorxulu biri kimi görünməkdən əzab çəkirdi. Hərdən olduğu tərəfə barmağını tuşlayıb onun kimliyini soruşan balacalara valideyinlərin verdiyi "qorxma bomjdur" cavabı onu incitsə də, qorxulu bir olmadığını demələri ona xoş gəlirdi. Əgər, o, insanların ikrah duyduğu bir bomj olmasaydı, bu uşaqlara qoşulub onlarla oynamağı çox istərdi. Ancaq bu onun üçün heç vaxt reallaşmayacaq bir arzu idi. Və hər dəfə də yanlarında anaları olan uşaqlara baxanda öz anasını xatırlayırdı.
Anası onun üçün uşaqlıq xatirələrində yaşayan bir mələk idi. Hər kəsin ikrah edib kənar gəzdiyi bir bomj olmazdan öncə, o da ana qucağında xumarlanmış, saçları sığallanıb əzizlənmiş, öpülərək qoxlanmış, əzizlənərək gözəl sözlərlə süslənmişdi. Bu xatirələr onun özünü insan kimi hiss etdiyi ruhani bir sığınacaq idi. Hətta bu şeyləri o qədər düşünmüşdü ki, bəzən nəyin gerçək, nəyin onun xəyalı olmasını qarışdırırdı. Hə, adi insanlardan fərqli olaraq onun xəyalları gələcəyə deyil, keçmişə aid idi. Ancaq nə yazıq ki, onun üçün bu əziz və gözəl anlar uzun sürməmişdi.

Rusiyada işləyib ailəsini keçindirən atası ara sıra onlara baş çəkməyə gəlir, gəldiyi vaxtlarda evdə toy bayram olurdu. Anası atasına həvəslə qulluq edir, hər gün onun istəyini soruşaraq yeməklər bişirir, atası olmadan süfrəyə otrulmur, hər dəfəsində evdən çıxııb harasa gedəndə ana bala onu yola salır, gözdən itənə qədər arxasınca əl edirdilər. Ancaq axrıncı dəfə atası Moskvaya getdikdən sonra uzun müddət ondan nə bir zəng, nə də ki, bir xəbər gəlmədi. Bu müddətdə anasını çox narahat olduğunu, arada fikirli-fikirli özü ilə danışdığını görürdü.

Anası bu barədə ona heçnə deməsə də, atasının daha zəng etməməsindən, onunla danışmamasından nələrinsə baş verdiyini hiss etmişdi uşaq ağlı ilə. Ancaq hər dəfə anasından atasını soruşanda, onun üçün darıxdığını deyəndə anası da ona hər şeyin yaxşı olduğunu, biraz gözləmək lazım gəldiyini deyirdi. Sonra dolanışıqları çətinəşməyə başladı.Onda anası məcbur olub atasının onlara pul göndərmədiyini, Rusiyada başqa biri ilə ailə qurduğunu, daha heç vaxt gəlməyəcəyini demişdi ona. Bunları deyərkən də onu özünə sıxıb hönkürtü ilə ağlamış, bundan sonra ancaq ikisinin bir yerdə olacağını və onu heç vaxt tək buraxmayacağını dönə-dönə təkrarlamışdı. O da anasına onu buraxmayacağını deyib balaca qolları ilə boynunu qucaqlamış, göz yaşı ilə islanmış yanaqlarından öpmüşdü.

Bir müddətdən sonra anası yaxınlıqdakı mağazada satıcı işləməyə başladı. O məktəbdən çıxanda məhəllədəki bu mağazaya gəlir , sonra anası icazə alıb onu evə gətirir, yeməyini verib tez də işə tələsirdi. O, da anası işdən gələnə qədər evədə tək dərslərini çalışır, televizora baxırdı. Dərslərinə çox həvəsi vardı və sinifdə ən yaxşı oxuyanlardan sayılırdı.

Günlərin birində anasının təlaşla evə döndüyünü xatırlayırdı. Onu yenə bağrına basıb hönkürtü ilə ağlamış, xəstə olduğunu, ancaq onun üçün yaşayacağını, heç vaxt onu bu dünyada tək buraxıb getməyəcəyini demişdi. Ancaq günlər keçdikcə anasının vəziyyəti daha da pisləşir və o artıq işə də gedə bilmirdi. O anasının evdə ağrıdan yumruqlarını düyüb dizlərinə döydüyünü, içində boğduğu səsinin necə iniltiyə döndüyünü, daranmayan saçlarının yanaqlarından aşağıya süzülən göz yaşlarında islanaraq üzünə yapışdığını xatırlayanda illər öncəki ağrı və əzabı yenidən yaşayır, qeyri-ixtiyari özünün də yanaqlarından göz yaşları süzülürdü. Film kimi gözünün qarşısına gələn o anlarda səssizcə gəlib gizlincə qapının yanında durar, için - için ağlayardı.

Anası işə gedə bilmədiyinə görə məcbur qalıb dolanışıq və müalicə pulunu təmin etmək üçün evlərini banka girov qoyub pul götürəsi oldu.
Bir neçə ay davam edən müalicə müddətində anası dəyişmiş, çox sevdiyi saçları tamam tökülmüşdü. Ancaq o anasının hər dəfə tökülən saçlarını gizlicə kibrit qutusunun içinə yığıb gizlədirdi.

Günlərin birində qonşu Ülkər xalanın çağırdığı təcili yardım anasını götürüb bilmədiyi yerlərə apardı. Anası gedəndə yarım huşsuz vəziyyətdə onun adını çağırır, "mən ölsəm balam da diri-diri öləcək" deyirdi. O bir iki həftə Ülkər xala gildə qalası oldu. Hər gün yatanda xısın- xısın ağlayır, Allaha yalvarıb anasını geri qaytarmasını diləyirdi. Anasının həm də iş yoldaşı olan Ülkər xalanın əri uzun illər öncə maşın qəzasında ölmüşdü. Tək övladı Lalə isə universitetdə oxuyurdu. Lalə hərdən Ülkər xalanın yanında onun saçlarını qarışdıra - qarışdıra , "böyük olsaydın məni alardınmı?" deyir və cavab gözləmədən onun qızarmasına baxıb ürəkdən gülürdü. Lalənin cingiltili və şən səsi, mehriban baxışları və ondan gələn ətir iyi indi də onun yeganə füsünkar qadın xatırəsi sayılırdı. Bu füsunkar xatirə onun ilk və son məhəbbəti idi. "Bomjlar da insandır axı, onların da ürəyi varı. Bomjun ürəyi üst başından fərqli olaraq çox təmiz və məsumdur, əsil sevgi də elə belə təmiz qəlbdə yaşaya bilər. Ancaq heç bir qadın da özünə nə qədər saf və səmimi olsa da bomj sevgisini rəva görməz".

Düşüncələri də həyatı kimi ağır idi onun. Yaxşı xatirindədir bir dəfə Ülkər xala onun əlindən tutub anası ilə görüşə apardı. Bu görüşün son görüş olacağını o zaman bilmirdi. Xəstəxanaya girəndə içinə naməlum bir vahimə dolmuşdu, ürəyi çırpınırdı həyacandan. Anasını görəndə az qala tanımayacaqdı. Üzü ağappaq olmuş, gözləri çuxura düşüb ətrafı qırışlara əhatələnmiş, arıqlıqdan az qala boğazının damarları şunur kimi çıxmış anası balacalaşıb sanki uşağa dönmüşdü. Nə qədər qəribə olsa da, o, günlərlə həsrətini çəkdiyi anasının üstünə yürüyə bilmədi. Anası o qədər zəif və yığıq görünürdü ki, sanki, toxunsa qırılacaqdı. Anası uzandığı çarpayıda qollarını açıb adını hıçqıraraq güclə deyərək onu çağırmışdı. Onu qucaqlayan anasının qollarının necə gücsüz olduğunu , bədəninin yarpaq kimi əsdiyini hiss edəndə içindəki qorxu daha da artıb vahimə yaratmışdı. Anasının üzünü onun başına qoyaraq lay-lay deyirmiş kimi oğlunu necə əzizləyib ağlamasının sehrinə düşərək, o, da onunla birgə ağlamışdı. Vidalaşanda isə anasının titrək səslə "bağışla oğlum sənə verdiyim sözümü tuta bilmədim" deməsinin mənasını isə onun ölümündən sonra anlamışdı.

Sonrakı taleyi isə anasının ölümü ilə dəyişmişdi.

Anasının ölümündən sonra qoyulduğu internat məktəbdə çox qala bilməmişdi. Dünyada ən çox sevdiyi və bağlı olduğu insanın yoxluğu onu elə bir boşluğa, tənhalığa salmışdı ki, daim özünə qapanıb susur, kimsə ilə danışmırdı. İnternatda isə müəllimlər ona danışması üçün təzyiq göstərir, uşaqlar onu ələ salıb gülürdülər. Ona görə də 2 aydan sonra internatdan qaçmaq qərarına gəldi və bir daha geri dönmədi. Ordan birbaşa qonşuları Ülkər xalanın evinə gəlmişdi ki, evlərinin açarlarını alsın. Ancaq anasının itkisindən sonra ikinci zərbəni də Ülkərə xalanın verdiyi xəbərlə aldı. Öyrəndi ki, anası öldükdən bir qədər sonra kredit götürdükləri bank evlərini müsadirə edib satışa çıxarıb. Bundan sonra onun daha getməyə bir yeri də qalmamışdı. O vaxtdan da küçələr, zirzəmilər onun sığınacağı oldu.

Üzünə düşən, axıb bədəninə gedən yağış damlaları onu xəyalından ayırdı. Hamı tələsik harasa qaçır, yağışdan daldalanmağa çalışırdı. O isə yerində tərpənməz durub, üzünü yuxarı qaldırmışdı. Narın yağış damlaları ilə içində yanan və heç vaxt sönməyən əzab həsrət atəşini söndürməyə çalışırdı. Anası da yağmurlu havanı çox sevərdi... Belə vaxtda anasını tək qoymaq olmazdı, qalxıb məzarına doğru yol aldı...

Fuad Qəhrəmanlı


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar