Elçin Quliyevin "bulandırdığı" su və ya rəsmi qurumların "helikopter süqutu" - Səxavət Məmməd yazır

01 Dekabr 2021 23:15    5668 Baxış   
Elçin Quliyevin "bulandırdığı" su və ya rəsmi qurumların "helikopter süqutu" -  Səxavət Məmməd yazır

Noyabrın 30-da baş verən helikopter qəzası Azərbaycan hərbi aviasiya tarixinin ən ağır itkisi idi desək, yanılmarıq.

İki ağır müharibədən keçən, 2016-cı ildəki aprel döyüşlərini görən Azərbaycan Ordusu və hərbi aviyasiyamız bu qədər ağır itki verməmişdi.
Bəlkə də, bu, maliyyə baxımından belə deyil. Çünki təkcə birinci müharibədə Azərbaycanın arsenalında olan 45 qırıcıdan 28-i və 19 hərbi helikopteri məhv edilmişdi. Həmin qırıcılar, əsasən, keçmiş Sovet hərbi təcrübəsi keçmiş, Rusiya və Ukraynadan gətirilən muzdlular tərəfindən idarə olunurdu. Yəni Azərbaycan Hərbi Hava Qüvvələri texnika itirsə də, çox az sayda pilot itirmişdi.

Aprel döyüşləri zamanı cəmi bir döyüş helikopteri vurulub. 44 günlük Vətən müharibəsi zamanı isə döyüş təyyarələri və helikopterlərinin vurulması ilə bağlı rəsmi rəqəm yoxdur.

Dünən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğradı. Nəticədə 14 hərbçi şəhid oldu. Onlardan biri həkim, digəri isə ehtiyatda olan polkovnik idi. 12 nəfər isə aktiv fəaliyyətdə olan peşəkar pilotlar (aralarında şturman və digər ixtisas sahibləri də ola bilər, rəsmi açıqlanmadığı üçün pilot kimi qeyd edirəm) idi.

Bir ölkənin yüzlərlə F-16, F-35 döyüş təyyarəsi ola bilər. Ancaq bir pilotu varsa, demək ki, yerdə qalan 99 qırıcı maketdən başqa bir şey sayılmır. Necə ki, İsrail-Ərəb müharibələri zamanı belə bir hal yaşanıb. Ərəb ölkələrinin o dövr üçün müasir döyüş təyyarələri say baxımından çox olub, ancaq İsrail tərəfinin pilotunun olması döyüşün taleyini həll edib. İtkilərə bir də bu yöndən baxmaq lazımdır. Yaxşı pilot, ümumiyyətlə, pilot yetişdirmək asan məsələ deyil. Bir pilotun yetişməsi uzun illərə və çox ciddi maliyyə hesabına başa gəlir. Ona görə də rəsmi qurumlar Azərbaycan xalqının narahatlığını anlamalı, başa düşməlidir.

DSX rəisi general-polkovnik Elçin Quliyev mətbuat önünə çıxdı. Elçin Quliyev heç bir sual olmadan, heç bir ciddi iddia ortaya atılmadan bildirdi ki, qəzada kənar qüvvənin təsiri inkar edilir. Əslində, Elçin Quliyev belə deməli idi: “Helikopterin qara qutusu tapılıb, oxunandan sonra qəzanın səbəbləri barədə ictimaiyyətə rəsmi və dəqiqi məlumat veriləcək”.
Baş Prokurorluğun nümayəndələri də eynilə Elçin Quliyevin ritorikasından istifadə edərək kənar müdaxilə ehtimalının inkar olunduğunu bildirdilər. Biri bu qurumlar niyə başa salmır ki, “Qara qutu oxunduqdan sonra dəqiq səbəb deyiləcək”lə, “Kənar müdaxilə inkar edilir” arasında ziddiyyət var?! Olmaz ki, “Qara qutu oxunduqdan sonra rəsmi açıqlama veriləcək”, – deyilsin? Hər halda, bu, Azərbaycan üçün ilk hal sayılsa da, Türkiyədə, Rusiyada belə hallar olanda mətbuata ilkin açıqlama necə verilir, yaxşı bilirik. Demək olar ki, bütün ölkələrdə ilk açıqlama eyni olur: “Bütün versiyalar yoxlanılır, qara qutu incələndikdən sonra hər şey bütünlüyü ilə aydın olacaq”.

Rusiyada qəza olur - urra - ha ha ha, İranda qəza olur - urra - ha ha ha. Həyat bumeranqdır. Ona lağ et, bunu aşağıla, sabah özündə olanda insanlar əlbəttə aqressiv olacaqlar. Bunları kimlər edir? Özünü dahi informasiya savaşçıları deyənlər, özü haqqında ciddi imic formalaşdırıb, özü də özünü ciddi adam kimi sananlar.

Rəsmi qurumların əlindən gələn tək şey var – xəbərdarlıq, qadağa. Yaxşı, Azərbaycanda şayiə yayanları saxladınız, xaricdə olanları, azərbaycanlı ad-soyadı ilə sosial şəbəkədə olan xarici ölkə agenturalarının nümayəndələrini necə cəzalandıracaqsınız? Olmazmı ki, informasiyanı vaxtında verib mətbuatla düzgün iş görəsiniz?!
Yoxlayın, bəylər, yoxlayın. Bəlkə, sonuncu cümləm işə yaradı. Bir dəfə də belə davranın. Vallah, billah buna görə qonorar istəmirəm. “Sağ ol” da deməyin, lazım deyil. Sadəcə olaraq bir dəfə sınaqdan keçirin.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar