Elə bilirsiniz, bütün məcburi köçkünlər olmayan evinin açarını saxlayır?

27 Oktyabr 2020 22:18    727 Baxış   
Elə bilirsiniz, bütün məcburi köçkünlər olmayan evinin açarını saxlayır?

Elə bilirsiniz, bütün məcburi köçkünlər olmayan evinin açarını saxlayır? Əsla! Bizim açarımız yoxdur. Mən onu çoxdan gözümü qırpmadan zibil qabına atmışam... Niyə?

Uzaqdan gələcəm, öncədən üzr istəyirəm.

"Əsir düşərgəsi" kitabını tamamlamaq üçün mütləq qəhrəmanlarımın ayaq izi olan Murovdağına getməliydim. Murovu gözünlə görməyincə, ayağınla əzməyincə, soyuğunda donmayınca qəhrəmanı duymaq çətin olur.

Əsgərlərin müşayətilə müsahibimlə gedilməsi mümkün olan nöqtəyə qədər getdik... "Buradan irəli getmək olmaz, minaya düşərsiz. Bəxtinizdən də duman var, çəkilsə, erməni snayperləri sizi görəcək" dedilər... Elə duman idi ki, göz-gözü görmürdü, Murovun torpağını görmək üçün yerə çökdüm...

Geri qayıdırdıq... Duman çəkiləndə göstərdilər: "Eee, ora Ömər aşırımıdır..."

İlahi, o qədər yüksəkdə... Ora necə getmək olar? Oranı necə azad etmək olar? Bu dağlarda əliyalın addım atmaq mümkün deyil, silahla necə irəliləmək olar?

Beynimdə o qədər "necə"lər var idi ki...

Elə Murovdaca ümidimi dəfn edib, gecəni Quzanlıya qayıtdım. Orada bibimin evi var, axşamlar həyətində Ağdam tərəfdən bir sehrli meh gəlib, üzünə, saçına toxunur... Bakıdakı dəli külək kimi saçları dağıtmır, əksinə sığal çəkir... İlk dəfə bu sığalı hiss edəndə mənə elə gəlmişdi ki, işğal altında olan Qarağacı qəbiristanlığından saçıma tumar çəkmək üçün gəlib... Və o əsrarəngiz mehdən əcaib güc almışdım...

Həmin gecə Quzanlıya o mehlə vidalaşmaq üçün getdim. Üzümə toxunanda, "mən daha gəlməyəcəyəm" dedim...

Bakıya gələn kimi evimizin açarını çıxarıb zibil yeşiyinə atdım...

Və ömrün yerdə qalanını ümidsiz yaşadım... Necə idi, demirəm, baş ağrısı olacaq...

İllər sonra... 27 sentyabr 2020-ci ildə canlı efirdə redaktorumuz Nüşabə qulağıma deyir ki, "təcili Müdafiə Nazirliyinin brifinqinə bağlanırıq!"

Elan edirəm... brifinqə bağlanırıq və... Nüşabə davam edir: Murov bizdədir!

Murov?! O keçilməz Murov? Bu sevinci ancaq Sevinc xanımla paylaşa bilərdim, çünki Murovun mənim üçün nə demək olduğunu o yaxşı bilirdi. Onun üçün də hansı anlama gəldiyini mən bilirdim. Bu haqda əvvəllər danışmışdıq... Hələ mənə, "Raquf bir gün də olsun inamını itirmədi, sən də itirmə" demişdi...

Qismətdir, ya təsadüf, bilmirəm, amma xəbəri alanda Sevinc xanım da studiyada idi. Bir-birimizə sarılıb ağladıq... Ağlamaq nədir ki, hönkürürdük... Onun üçün Raquf Orucovun inamı doğrulurdu, mənim isə içimdə inam doğulurdu... Artıq bu mənhus savaşın başa çatacağına, ömrün geri qalan az-maz hissəsini barış içində yaşayacağıma İNAM...

Və bu göz yaşları ilə ömrümün əsas hissəsini təşkil edən 28 illik məhrumiyyətlə vidalaşırdım...

...və ümid simvolu olaraq saxladığımız, olmayan evinin açarını zibilliyə atan mən, Ağdamı tərk edərkən qucağıma basdığım gəlinciyimi çıxarıb saçlarını darayıb, lent bağladım...

Bu gün içimdəki inamın 1 ayı tamam olur... Bu duyğu üçün Var Ol Əsgər!


Vüsalə Məmmədova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar